KİMSƏ BİLMİR
Uşaq oxur, “amin” der yurd baxtına,
O gənc beyni söyür düşmən taxtına.
Kimsə bilmir, kimdir Tukay, ya Çingiz?
“Haqq” der bala tatar göyə baxaraq,
“Yurd” der xalq qürbətdə yolu soraraq.
Kimsə bilmir, yurd haradır, haqq nədir.
Dərviş, kasıb gecə-gündüz yalvarır,
Bir an peyda olsun o cömərd Xızır.
Kimsə bilmir, kimmiş, harada imiş.
Hamı yeyir, içir, biz varıq deyir,
Hamı da öyünür, tatarıq deyir.
Bilmir həyat nədir: gerçək, yoxsa düş.
Xalq üçün ölürük, biz boyun büküb,
Bir kimsə soruşmur göz yaşı töküb:
Bu gənclər igiddir, yoxsa ki qoyun?
ƏYYAŞ
Leysan var, axır sel, zibillə çamur,
Dolanır eyni yol içində ömür.
Bir qaloş parçası, bir sirli qaşıq,
Önlük bağı, muncuq, mavi nəzərlik.
Gözlənən bir məktub neçə həftədir
Oxunmuş, indi də zərfsiz yol gedir.
Kim bilir, toylarda ətləri bişmiş
Köndələn sümüklər arxlara düşmüş.
Tatar məhəlləsi sərilmiş suya,
Azova, Sivaşa bəxşiş yollaya.
Biri gəlir altdan axına qarşı,
“Deməsəm, neyləyim?” bir tatar yaşı.
Söykənir fənərə, öyüyür, qusur,
Yenə qoltuğuna şüşəni qısır.
Gedir selə qarşı, yıxılır, durur,
Hirslənir, söyərək daşları vurur.
Nəhayət, yanaşır qapı dibinə,
Söyüşlər yağdırır ev sahibinə.
Sayıb tarixçi tək sülaləsini,
Bir aşpaz tam verir tərbiyəsini.
Polislər aparıb atır podvala,
Sabah da danlayır o kosa molla.
Müxbir xəbər yazır qəzetə bunu,
Həkim də içkinin pis olduğunu.
Gəlib yıxıldığı yerə uşaqlar,
Söydüyü söyüşü edirlər təkrar.
Alimlər kitabdan fəlsəfə düzür,
Sonra da bunları sataraq gəzir.
Yenə keçir ömür sel kimi yoldan,
“Deməsəm, neyləyim?” adlı sualdan.
Axırda sualı öz könlü duyur,
Üç-dörd şüşə araq içərək doyur.
İçir yana-yana: yıxılsın cahan,
Müxbir, həkim, alim, molla Süleyman.
Axan sel ömürdür, xəbərin varmı?
Başqa bir həyata hünərin varmı?
DUNAY DAŞIR – I
Dunay qəzəblənib, daşır şiddətlə,
Çəkilmiş sədləri döyür hiddətlə.
Dalğalar necə də köpürür, daşır,
Körpünü zorlayır, gəmirir daşı,
Xalq durub sahildə baxır Dunaya,
Görəsən nə olmuş yenə bu çaya.
Altmış ildir belə daşdığı yoxdu,
Sədləri bu qədər aşdığı yoxdu.
Özünü hər şeydən yüksəkdə görən,
Güzgündə özünə baxaraq gülən
Eqoist insanlar tanımır səni,
Dunayım, o daşqın, cavan qəlbini.
Gördüm səni bu gün, necə köpürdün,
O böyük sədləri alıb götürdün.
Açıq deyim, könlüm daşmaq diləyir,
Min illik sədləri aşmaq diləyir.
İstərəm sənin tək mən də köpürəm,
İnsanlıq səddini yıxıb götürəm.
Çıxaram xalqımı o dar gölcükdən,
Aparam dəryaya bir çay kimi mən.
Sonra da quruyam yalnız başıma,
Qoy “öldü” yazsınlar məzar daşıma.
Mənim torpağımda sonra bir Adəm
Qursun bir Həvvayla yeni bir aləm.
Yetişsin qoy yeni, gözəl cəmiyyət,
Yetişsin yeni xalq, yeni bir millət.
O zaman eşidər, ya da duyarsan,
Ya da bu gecəni xatırlayarsan:
Boş yerə yanında mən uyumadım,
Bu dərdli üzümü səndə yumadım.
Budapeşt, 1919.
Dostları ilə paylaş: |