Ərəb gəmisinin konstruksiya sxemi. VII-VIII əsrlər
Deyilənlərə ilk dəniz xəritələrinin də məhz ərəb səyyahları tərəfindən çəkildiyini əlavə etmək olar. Bu baxımdan X əsrə aid bir ərəbdilli xəritəni, eləcə də Əl- İdrisinin məşhur xəritəsini misal çəkmək yerinə düşər.
Onu da xüsusi olaraq qeyd edək ki, Vasko da Qamaya Hindistan yarımadasına uzanan dəniz yolunu tanıdan məşhur ərəb alimi və dəniz səyyahı Müəllim Əhməd ibn Məcid olmuşdur (Три неизвестные.., 1957).
Əski ərəb xəritələrində Ərəbistan dünyanın mərkəzi olaraq göstərilir, Avropa Aralıq dənizinin yuxarı sol küncündə, Afrika isə onun bütün alt yarısını tuturdu. Xətlər simvolik dağ silsilələrindən axan çayları da əks etdirirdi.
Ərəb dəniz gəmilərinin iki və ya üç dirəyi, yəni dor ağacı və sərt üst quruluşu və bundan əlavə, şəbəklərdə əski taranların əvəzinə silahlar var idi.
Ərəblərin, çox güman ki, Şərqi Türküstandan, başqa sözlə uyğur türklərindən öyrəndikləri barıtdan və toplardan istifadə etməsi orta əsrlərin sonunda hərbi texnikanı zənginləşdirən başqa bir vacib yenilik idi. Nəhayət, ərəb gəmilərinin gözətçi barelinin əsas hissənin yuxarı hissəsindəki görünüşü də xüsusi diqqət çəkirdi.
Müsəlman ərəblərin gəmiçilik və donanma quruculuğu sahəsindəki qüdrətindən söz açıb, Misir donanmasına toxunmamaq, əlbəttə ki, doğru olmaz.
X əsrə aid bir ərəb xəritəsi
Qırmızı dəniz və Əl-Qüdsün Əl-İdrisi tərəfindən çəkilmiş xəritəsi
Misir donanmasından danışarkən qeyd edilməlidir ki, bu donanmanın güclü bir dəniz gücünə çevrilməsinin əsası Tunisdə hökm sürmüş Aqləbilər (الأغالبة) dövründə qoyulmuşdu. Fatimilərdən öncə, daha dəqiq desək, 800-909 – cu illər arasında Quzey Afrikanın bir bölümündə hökm sürmüş bu əmirliyin əsasının xəlifə Harun Ər-Rəşidin əmirlərindən olan İbrahim bin Aqləb tərəfindən qoyulduğu, onun qurduğu əmirliyin İslam Xilafətinin tərkib hissəsi kimi fəaliyyət göstərdiyi məlumdur.
Xəlifə, İbrahimə həmin torpaqları Tunis üsyanını yatırmaqda xüsusi bacarıq və rəşadət göstərdiyi üçün vermişdi. Əmirliyin paytaxtı 800-876 – cı illərdə Tunisdəki Abbasiyə, 894-899 - cu illər arasında isə Raqqaadə olub. Özünün ayrıca bir donanmasına da sahib olan əmirlik 75 illik gərgin mücadilədən sonra Siciliya adasını fəth edərək İslam Xilafətinin tərkibinə qatamış, 840-cı ildə Brindisi və Tarantoyu ələ keçirmiş, 845-ci ildə isə Pianosa və İşiya adalarını alıb, Napolini mühasirəyə almışdı. 846-cı ildə Romanın Ostiya limanı ələ keçirdikdən sonra Romaya yürüyən Aqləbilər qala divarlarını aşa bilmədikləri üçün Saint Peter ve Saint Paul kafedrallarını yağmalamaqla yetindilər. Banevento və Barini fəth edib, 870-ci ildə Maltanı İslam Xilafəti torpaqlarına qattılar.
Aqləbi əmirliyi 904-cü ildəşiə Fatimilərin təxribatları nəticəsində parçalandı və daha sonra isə əmirliyin bütün ərazisi, eləcə də donanması Fatimilərin əlinə keçdi. Beləcə, Fatimilər İslam Xilafətinə aid donanmanın müəyyən bir hissəsinin sahibinə çevrildilər. Söhbət çox da böyük olmayan donanmadan gedir. Lakin bu donanma Fatimiləri Peloponnisdən Liquriyaya qədər böyük bir dəniz hövzəsinin sahibinə çevirmək üçün tamamilə yetərli idi.
Fatimilər sələflərinin təkcə donanmasına deyil, limanlarına, gəmiqayırma tərsanə və texnologiyalarına da sahib oldular (Eickhoff E., 1966). Əlbətdə ki, belə bir güclü silahı mənimsəyən Fatimilər dərhal onu işə saldılar. Artıq 911-ci ildə donanma Siciliya qiyamının yatırılmasında və bir il sonra - Tripoliyə qarşı kampaniyada iştirak etdi. 913-914 və 919-921-ci illərdə Fatimilərin Misirə etdiyi səfərlər zamanı donanma quru qoşunlarına dəstək verdi. 914-917-ci illərdəki amansız Siciliya müharibəsinin ağırlığı bütünlüklə donanmanın çiyinlərinə düşdü. Trablus və Lamta dəniz döyüşlərində isə gənc dövlətin dəniz qüvvələri böyük bir döyüş təcrübəsi qazandı.
918-ci ildə Fatimilər ilk dəfə Cənubi İtaliyada Bizans hökmdarlarına hücum etdilər. Kalabriya hakimi Yevstafiy (Eustathius), hər il 22.000 qızıl ödəmək şərtləri ilə barışığa tələsdi, lakin Fatimilər 925-ci və 926-929-cu illərdə irəliləməyə davam etdilər. Türk mənşəli dəniz kapitanı Sabirin rəhbərlik etdiyi eskadronlar, çarın İtalyan təbəələri arasında qorxu və dəhşət səpdi.
Bizanslılarla qarşıdurma 827-ci ildə o vaxta qədər müsəlmanlar tərəfindən hələ fəth olunmayan Siciliya ərazisində də baş vermişdir. Həmin il ərəblər, daha dəqiq desək, Aqləbi qoşunları adaya enmiş, lakin uğurları çox da böyük olmamışdır. Bununla belə, müsəlmanlar təsəvvür edilə bilməyəcək güclü bir axınla möhkəm sədləri aşmağı və döyüşün taleyini öz xeyirlərinə dəyişə bildilər. Ada qanlı döyüşlərə səhnə oldu. 878-ci ildə Bizansın Qərbdəki ən əsas bazası olan Sirakuzun süqutu məsələyə son nöqtəni qoydu. Bundan sonra Bizanslılar Siciliyaya nə qədər gəmi göndərsələr də, adanı geri ala bilmədilər.
Beləliklə, 925-927 – ci illərdə Fatimilər Aqləbilərin, eləcə də Tars və Krit əmirliklərinin yardımı ilə vahid anti-Bizans cəbhəsi qura bilmişdilər, hər çənd ki, onlar arasında koordinasiya heç də yüksək səviyyədə deyildi. Tunisin Qarilyano və Frejüse yaşayış məskənlərinin dəstəyi isə mükəmməl hesab edilə bilərdi.
Fatimilər onlara Aqləbilərdən miras qalmış çoxsaylı şəhər və limanların olmasına rəğmən 916-918 – ci illərdə özlərinə Məhdiyyə adlı yeni bir paytaxt inşa etdilər. Aralıq dənizinin Şərq sahilində yerləşən bu yeni şəhər hər şeydən öncə donanmanın ehtiyaclarına cavab vermək məqsədi ilə inşa edilmişdi. Şəhər özünün geniş limanı və tərsanələri ilə göz oxşayırdı. Burada 200 hərbi və 30 ticarət gəmisi lövbər salmışdı. Şəhər tez bir zamanda ən mühüm ticarət mərkəzlərindən birinə çevrildi.
939-941 – ci illər daha çox Siciliya müsəlmanlarının çox saylı üsyanlarını yatırılması dövrü kimi yadda qalıb. Gözləmək olardı ki, Bizans fürsətdən istifadə etməyə çalışacaq. Fəqət həmin dövrdə onun da başı ölkə ərazisinə ardı arası kəsilməyən talançı hücumlar təşkil edən başıpozuq rus tayfalarını dəf etməyə qarışmışdı.
Üsyanlar Fatimilərin daxildən zəifləməsinə və dəniz yürüşlərinə ara verməsinə səbəb oldu Təsadüfi deyil ki, X əsrin 40-cı illərindən söz açan mənbələrin heç birində yeni dəniz yürüşləri və zəfərləri barədə məlumatlara rast gəlinmir (Васильев А. А., 1902).
Hərbi yürüşlərə yenidən start yalnız 50-ci illərdən sonra verilə bildi. 952-ci ilin 7 mayında Fatimilər Ceraçi yaxınlarında Bizans donanmasını darmadağın etdilər. Belə olan halda Bizans Fatimilərin rəqibi və düşməni olan Kordova əmirliyindən kömək istədi, nəticədə “Üçtərəfli savaş” (955-958) baş verdi. Bu savaşda Kordova əmirliyi Fatimilərə qarşı Bizansın müttəfiqi kimi çıxış edirdi. Müttəfiqlər Fatimi donanmasına ciddi zərbələr endirməyə bacarsalar da, fatimilər özlərini ələ almağı və itirilmiş gəmilərin yerini yeniləri ilə doldurmağı bacardılar. Lakin bunun üçün dörd il vaxt lazım oldu. Və artıq dörd il sonra, yəni 962-ci ildə Fatimilər Bizansın Siciliyadakı sonuncu önəmli liman şəhəri olan Taorminanı ələ keçirdilər. Beləcə, Siciliya uğrunda mübarizə Fatimilərin qələbəsi ilə sona çatdı.
969-cu ildə Fatimilərin ən böyük arzusu reallaşdı – onların qoşunları Misiri işğal etdilər. Növbəti il Suriyanın sahil bölgələrində Bizanslılara qarşı əməliyyatlara başlanıldı. Yeni bir cəbhə yaradıldı və çox çəkmədi ki, Fatimi “xəlifəsi” Əl-Muizz Qahirəyə girdi və onu öz iqamətgahına çevirdi. Bu hadisə 972-ci ilin avqust ayında verdi. Bundan sonra Tunis donanmasının əsas hissəsi Misirə köçürüldü. Əl-Muizzin Tunisdə qalan əmiri Ziri oğlu Bolucin və övladları dənizçilik sənətinə meylli olmadıqları üçün qərargahlarını ölkənin dərinliklərinə köçürdülər və bir müddət sonra Tunis və Əlcəzairdə öz müstəqilliklərini elan etdilər. Əllərində olan donanma isə baxımsızlıq üzündən tezliklə əriyib getdi.
Tunis və Əlcəzairin əldən çıxması Siciliya üzərində nəzarətin zəifləməsinə gətirib çıxarmışdı. Bununla belə, Siciliyadakı müsəlmanlar oradakı Fatimilərə aid gəmilərdən istifadə etməklə İtaliya sahillərinə səniz səfərləri təşkil etməkdə davam edirlər. Bu səfərlər 970-ci illərin sonundan etibarən daha intensiv xarakter daşımağa başlamışdı. Nəticədə Siciliya müsəlmanları 982-ci ildə Skillaç yaxınlarında II Ottonun qoşunlarını darmadağın etməyi bacardılar və bundan sonra Bizans koloniyaları üçün əsil fəlakət illəri başladı. 986-cı ildə Ceraçe, 988-ci ildə Kozentsa, 991-ci ildə isə bütün Lukaniya və Apuleya müsəlmanlara xərac verməyə məcbur oldular. Lakin bu hal uzun sürmədi. 1003-cü ilin sentyabrında Bari yaxınlarında Venesiyalıların, 1005-ci ilin 6 avqustunda isə Pizzalıların Messi körfəzində Siciliya müsəlmanları üzərində çaldıqları qələbələr Fatimilərin İtaliya sahillərindəki hökmranlığının sonunu gətirdi (Розен В. Р.,1883).
X əsrin sonu - XI əsrin əvvəllərindən etibarən Fatimi donanmasının döyüş hazırlığı daim azalmağa başladı. Bunun səbəbi Bizansla ardı-arası kəsilməyən quru savaşları idi. İki ölkə arasındakı cəbhə xətti Suriyanın dərinliklərinə qədər uzanırdı Bütün yük quru qoşunlarının üzərinə düşmüşdü və bu, şübhəsiz ki, donanmanın maliyyələşdirilməsinə mənfi təsir göstərməkdə idi. Bizans donanmasının isə bacarıq və gücü əhəmiyyətli dərəcədə artmaqda idi. Bununla belə, yunanlıların dəniz əməliyyatları da geniş miqyaslı deyildi. Dənizdə qüvvələr bərabərliyi hökm sürməkdə idi.
Fatimi dövləti və təbii ki, həm də donanması 1169-cu ildə önəmli dərəcədə zəifləmişdi və Aralıq dənizində tədricən qarşısıalınmaz gücə çevrilən xaçlı qoşunlarına və donanmasına çox çətinliklə müqavimət göstərə bilirdi. Belə bir şəraitdə əslən Azərbaycan türklərinin qurdlar soyundan olan böyük İslam qəhrəmanı Səlahəddin Əyyubi (Hafiz Əhmədov, 2020) Misiri ələ keçirdi. Bu 1171-ci ildə baş verdi.
Fatimilərin istifadə etdikləri gəmi tipləri və onların adları barədə əlimizdə çox önəmli yazılı mənbələr bulunmaqdadır. Söhbət İbn Hövqəlin bu barədə yazdıqlarından gedir. Onun yazdıqlarına görə, Aralıq dənizində hərəkət edən böyük yük gəmilərinə ərəblər “kərakir” (cəm şəkli. Kurkur), onların kapitanlarına “kabtan”, yüklərə nəzarət edən və onları qeydə alan katiblərə “s-k-r-ban”, gəminin sahibkarına isə “al-b-t-run” deyirdilər.
Aralıq dənizində üzən digər gəmi tipləri “zaurak” (cəm şəkli: zavarik), “tarid” (cəmi: traid), “qurab” (cəmi: qirbin) idilər. Qurablar bəzən “cəfi” (cəm şəkli: əcfan) və ya “şəyti” (cəm şəkli: şəvani) də adlandırılırdılar. Bu gəmilərin yelkənləri vardı. Bundan başqa, sözügedən dənizdə “uşari” (uşariat), səllaur (səlalir) və “kərəb” (kəvarib) tipli gəmilər də geniş yayılmışdı (Розен В. Р.,1883, qeyd. 227, s. 285-292.)
Ərəblərdən fərqli olaraq, ilk orta əsrlərə aid müsəlman türk və ümumilikdə türk gəmiçilik sənəti barədə əlimizdə çox az məlumat vardır. Fəqət əski dilimizdə sırf türkcə olan gəmiçilik terminlərinin varlığı və bolluğu türklərin Kür-Araz mədəniyyəti dövrünə qədər uzanan qədim dənizçilik və gəmiçilik sənətini ilk orta əsrlərdə də davam etdirdiklərini sübut etməkdədir. Bu sırada “qayıq”, “kürək” // “avar”, “yelkən”, “tengiz” (dəniz), “taluy” (okean), “kemi” // “kimi” (gəmi), “balık” (balıq), “turak temir” (lövbər), “dor ağacı”, “ağı” (tor) və s. kimi terminləri misal çəkmək olar.
Mahmud Kaşğarlının “Divan ül-Lüğət ət-Türk” əsərində yer alan, VII-VIII əsrlərə və güman ki, manixeist türklərə aid olan bir şer parçasında buddistlərin torpağına hücuma keçirilməsindən və buddist məbədlərin dağıdılmasından söz açılır və bu parçada deyilənlərdən belə aydın olur ki, əski türklər hərbi yürüşlər zamanı gəmilərdən də istifadə edərmişlər:
Kimi içre oldurup (Gəmi içrə oturub),
Ila suvın keçtimiz (Ila çayını keçdik).
Uygur tapa başlanıp (Uyğurlara yönəlib),
Mınqlak ilin aştımız (Mınqlak elini aşdıq).
Tünle bile bastımız (Gece vaxtı basdıq biz),
Tegme yanqak bustımız (Değme yana pustuq biz).
Kesmelerin kestimiz (Kəsmələri kəstik biz)
Mınqlak erin bıçtımız (Mınqlak ərini biçdik biz).
Dostları ilə paylaş: |