«İstehsal amillərinin dinamikası və xarici ticarət» nəzəriyyəsinin müəllifi R.Lindert qeyd edir ki, istehsal amilləri cəmiyyətin iqtisadi-sosial inkişafından asılı olaraq, kəmiyyət və keyfiyyətcə dəyişir. Bu dəyişikliklər isə öz növbəsində, təkcə daxili bazarın tələb və təklifinə deyil, eyni zamanda ölkənin beynəlxalq iqtisadi-ticarət əlaqələrinə də öz təsirini göstərir.
«Ölkələr nə üçün ticarət edirlər?» sualına cavab verən tanınmış mütəxəssislər göstərirlər: birincisi, dünya ölkələri arasında təbii sərvətlər əmək, kapital resursları qeyri-bərabər bölünmüşdür; ikincisi, eyniadlı məhsulların müxtəlif ölkələrdə hazırlanması texnologiyası, dizayrı xüsusiyyətləri, keyfiyyət parametrləri, istehsal xərcləri, qiymətləri fərqlidir. Ona görə də amerikalılar yapon avtomobillərinə üstünlük verir, isveçlilər fransız pendirini xoşlayır, kanadalılar xarici kompüterləri bəyənir, Qərbi Avropa ölkələri Rusiyadan idxal olunan mavi qazdan və Ərəb ölkələrindən gətirilən neftdən həvəslə faydalanırlar.
Eyni zamanda beynəlxalq iqtisadi-ticarət əlaqələrinin genişlənməsini aşağıdakı prinsiplər zəruri edir:
ayrı-ayrı ölkələrin təbii resurslarla (yerüstü-yeraltı sərvətlərlə) təminatı səviyyəsi;
ölkə əhalisinin təhsil, peşə-sənət ustalığı səviyyəsi;
müxtəlif ölkələrin kapital və sərmayə imkanlarının qeyri-bərabərliyi;
istehsal olunmuş məhsullara və göstərilmiş xidmətlərə sərf olunmuş xərclərin müqayisəli həcmi;
dünya bazarında qiymətlərin enib-qalxması;
müxtəlif ölkələrin istehsalı olan məhsulların və göstərilən xidmətlərin bir-birindən kəmiyyət-keyfiyyətcə fərqlənməsi;
daxili-xarici bazarlarda alıcı zövqü və davranışlarının tələb-təklifə təsiri;
14.2.Beynəlxalq ticarətin formaları
Dünyanın müxtəlif ölkələri arasında əmtəələrin, xidmətlərin, biliklərin mübadiləsi prosesini əhatə edən beynəlxalq ticarət əlaqələri, azad ticarət (free trade) və himayədarlıq (protectionism) siyasəti əsasında 2 istiqamətdə, yaxud formada həyata keçirilir.
Azad ticarət, müqayisəli xərclər və rəqabət prinsiplərinə əsaslandığından, dünya miqyasında iqtisadi resurslardan daha səmərəli istifadə etməyə, insanların həyat səviyyəsini yüksəltməyə əlverişli imkanlar açır. Eyni zamanda inhisarçılığa qarşı çevrilmiş azad ticarət, yaxud «açıq iqtisadiyyat» modeli, ayrı-ayrı ölkələrin milli səylərini birləşdirməyə, düşmənçilik meyllərinin aradan qaldırılmasına, uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq işinə xidmət edir. Belə bir xəttin müsbət və demokratik cəhəti ondadır ki, ölkənin iqtisadi-sosial inkişafını sürətləndirir, onun beynəlxalq nüfuzunu yüksəldir, ölkələr arasında məhsul-xidmətlərin və biliklərin mübadiləsi prosesini intensivləşdirir, əhaliyə dünyanın ən müxtəlif ərazilərində istehsal olunmuş istehlak mallarından öz arzu, habelə zövqlərinə uyğununu seçib almağa real şərait formalaşdırır.
Planetin müxtəlif dövlətləri arasında genişlənib-dərinləşən dinamik beynəlxalq iqtisadi-ticarət əlaqələrinin inkişafında, 1948-ci ildən fəaliyyət göstərən «Tariflər və Ticarət üzrə Baş Saziş» təşkilatının mühüm rolu olmuşdur. 1994-cü ildən bu təşkilat Dünya Ticarət Təşkilatı (World Trade Orqanization, WTO) adı altında fəaliyyət göstərir və 150-yə yaxın ölkəni birləşdirir. Həmin təşkilatın əsas fəaliyyət prinsipləri aşağıdakılardır:
müxtəlif ölkələr arasında xarici iqtisadi-ticarət əlaqələrində ayrı-seçkiliyə yol verilməməlidir;
dövlətlər arasında razılaşdırılmış qarşılıqlı güzəşt və gömrükxana rüsumlarına əməl olunmalıdır;
ölkələr arasında meydana çıxan müxtəlif səpkili maneələr, qeyri-tarif şərtləri ilə bağlı çətinliklər, ikitərəfli danışıqlar yolu ilə aradan qaldırılmalıdır;
tədricən inkişaf etməkdə olan ölkələr qrupu, müasir dünyanın beynəlxalq ticarət əlaqələri sisteminə daha fəal surətdə cəlb olunmalı və onlar üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır.
Müasir dünyanın iqtisadi inteqrasiya və vahid dünya təsərrüfat sisteminin qloballaşma əsasında formalaşmasının rəmzi sayılan Dünya Ticarət Təşkilatlarının fəaliyyəti, habelə «açıq iqtisadiyyat» prinsipləri, bir qrup iqtisadçılar, xüsusilə də inkişaf etməkdə olan ölkələr tərəfindən tənqidlə qarşılanır. Onlar göstərirlər ki, beynəlxalq ticarət əlaqələrinin liberallaşdırılması (sərbəstləşdirilməsi) xəttinin məhsulların keyfiyyət standartları, ekoloji cəhətdən təmizliyi (saflığı), əmək və iş şəraiti kimi müxtəlif şərtlərlə əlaqələndirilməsi, bir sıra ölkələr üçün əlverişli olmadığından, xarici ticarət əlaqələrinin məhdudlaşdırılması, habelə beynəlxalq ticarət dövriyyəsinin azalması ilə nəticələnə bilər. Eyni zamanda inkişaf etməkdə olan ölkələrin istehsalçıları öz məhsullarının ixracı üçün aşağı gömrük tarifləri qoyulmasını tələb etdikləri halda, yüksək inkişaf etmiş ölkələrin fermerləri, onlara dövlət subsidiyaları (əvəzsiz yardımlar) verilməsi əleyhinə çıxan Dünya Ticarət Təşkilatının (DTT) mövqeyinə qəti etiraz edirlər.
Obyektiv və zəruri bir proses kimi davam edən beynəlxalq ticarət əlaqələrinin genişlənib-dərinləşməsi istiqamətində onun gələcək daha da sərbəstləşdirilməsi xəttinin perspektivləri, ayrı-ayrı milli iqtisadiyyatlar üçün müəyyən problemlər yaratsa da, şübhəsiz son nəticə etibarilə bütün dünyada insanların həyat səviyyəsinin yüksəldilməsinə yönəldilən, lakin çətinliklə reallaşdırılan mütərəqqi meyl kimi qiymətləndirilməlidir.
Beynəlxalq ticarət əlaqələrinin himayəçilik (protecsionism) istiqaməti yaxud forması, ölkənin daxili bazarının qorunub saxlanması, milli iqtisadiyyatın mənafeyinin müdafiə olunması və iqtisadi təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət göstərir. Bu siyasət rəsmi qanunlar və qanunvericilik aktları vasitəsilə tənzimlənir. Himayədarlıq siyasətinin tənzimlənməsi və reallaşdırılması işində dövlətlərarası ticarət sazişlərinin bağlanmasında, müəyyən məhsullar üzrə məhdudiyyətlərin (kvotaların) qoyulmasında, tarif siyasətində dəyişikliklər edilməsində, patent və lisenziyalar sahəsində istifadə olunur. Ölkəyə idxal olunan məhsullara valyuta məhdudiyyəti, sərt antidempinq gömrük tarifləri tətbiq etməklə, daxili bazarda başqa dövlətlərin məhsul-xidmətlərinə qarşı, bəzən aşkar, bəzən də üstüörtülü şəkildə ayrı-seçkilik hətta, qadağan tədbirləri həyata keçirilir.
«Açıq iqtisadiyyat», ticarət əlaqələrinin liberallaşdırılması və sərbəstləşdirilməsi xəttinin alternativi sayılan himayədarlıq siyasəti tədbirləri sırasında aşağıdakıları göstərmək olar:
normal səviyyədən yüksək gömrük tariflərinin idxal məhsullarına tətbiq edilməsi;
idxal olunan bir sıra məhsullara məhdudlaşdırıcı hədlər (kvota) qoyulması;
müəyyən məhsullara yaxud məhsul qruplarına artırılmış (əlavə) tariflərin tətbiq edilməsi;
bəzi məhsullar üçün qadağan qoyulması;
qeyri-tarif (məhsulun keyfiyyətinə, təhlükəsizliyinə, qablaşdırılmasına dair yersiz iradlar) vasitələrindən istifadə olunması;
güzəştli tariflər tətbiq etməklə, ölkədə istehsal olunmayan məhsulların idxalına şərait yaradılması.
Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, himayədarlıq siyasətinin iqtisadi-sosial nəticələri haqqında iqtisadçılar və mütəxəssislər arasında fərqli fikirlər vardır. Bir qrup, himayədarlıq siyasətini müdafiə edərək, bu tədbirin dövlətin iqtisadi təhlükəsizliyi, ölkədə məşğulluğun təmin olunması baxımından zəruriliyini əsaslandırmağa çalışırlar. Onların fikrincə, müxtəlif ölkələrdə yeni sənaye və istehsal sahələrinin formalaşdığı mərhələdə, dövlətin himayədarlıq siyasəti məqsədəuyğundur.
Digər bir qrup isə dövlətlərin himayədarlıq siyasətini «ticarət müharibəsi» kimi qiymətləndirərək, zərbələrini rəqiblərindən daha çox özlərinə vurduqlarını qeyd edirlər. Onların fikrincə, xarici ticarətin idxal sahəsində himayədarlığa haqq qazandırmaq tərəfdarlarının ən çox əsaslandırmağa çalışdıqları «yeni yaradılan istehsal-xidmət sahələrinin qorunması» ideyasını, daha təsirli başqa yollarla da məsələn, dövlət subsidiyaları vasitəsilə həyata keçirmək mümkündür.
Ölkə iqtisadiyyatının milli təhlükəsizliyini, başqa dövlət, yaxud şirkətlərin qərəzli dempinq siyasətindən qorumaq məsələsinə gəldikdə, bu hal qısamüddətli bir proses olduğundan, həmin hərəkətlərə qarşı daimi tədbirlərin fəaliyyət göstərməsi xəttini düzgün hesab etmək olmaz.
Nəhayət, belə bir fakt nəzərdən qaçırılmamalıdır ki, öz milli istehsal sahələrinin «müdafiəsini» irəli sürən zəif inkişaf etmiş ölkələrin idxalı zəiflətmək tədbirlərinə baxmayaraq, onların illik artım templəri, yüksək inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağıdır.
Beynəlxalq ticarət əlaqələri sistemində dövlətlərin azad və himayədarlıq siyasəti xəttinə üstünlük vermələri konkret şərait, tətbiq olunan tədbirlərin kəskinliyi, onların müddətlərilə bağlıdır. Ayrı-ayrı ölkələrin təsərrüfat həyat təcrübəsinin təsdiq etdiyi kimi milli iqtisadiyyatın mənafeyi naminə, dövlətlər həm azad, həm də himayədarlıq formalarından, yaxud bunların hər ikisinin qarışıq variantlarından faydalana bilirlər.
Müasir dövrün iqtisadi inteqrasiya prosesləri və vahid dünya təsərrüfat sisteminin formalaşması, azad ticarət üçün daha geniş inkişaf üfüqləri açır.
Dostları ilə paylaş: |