VI FƏSİL. İNFLYASİYA VƏ ONUN İQTİSADİ – SOSİAL NƏTİCƏLƏRİ
6.1.İnflyasiyanın mahiyyəti və səbəbləri
Müasir mərhələdə iqtisadi inteqrasiya prosesləri nəticəsində qloballaşan dünyanın bütün ölkələri mürəkkəb və ziddiyyətli sosial-iqtisadi problem sayılan inflyasiya hadisəsi ilə üzləşirlər. Makroiqtisadi səviyyədə məcmu tələblə məcmu təklifin uyğunsuzluğu və qeyri-sabit inkişafın ifadəsi olan inflyasiya, istər milli iqtisadiyyat çərçivəsində, istərsə də beynəlxalq miqyasda təkrara istehsal prosesinin normal gedişini pozan mühüm amillərdən biri kimi səciyyələndirilir.
İnflyasiya ölkənin tədavül dairəsinə əmtəə dövriyyəsinin tələbindən əlavə pul kütləsi buraxılması nəticəsində əmtəə-xidmətlərin qiymətinin bahalaşması və milli valyutanın qiymətdən düşməsidir. Bəzi iqtisadçılar inflyasiyanı ölkədə qiymətlərin ümumi səviyyəsinin yüksəlməsi, bəziləri isə pul tədavülü dairəsinin həddən artıq kağız pulla dolması ilə izah edirlər. Bu mənada inflyasiyanı kağız pulların “xəstəliyi” adlandırılmasını təsadüfi hesab etmək olmaz. Müasir anlamda inflyasiya dedikdə, “pul dövriyyəsi kanallarının əmtəə kütləsinə nisbətən həddən artıq dolması başa düşülür ki, bu da pul vahidinin qiymətdən düşməsinə və əmtəə-xidmətlərin qiymətinin ümumi artımına səbəb olur”.
İnflyasiya anlayışı latın sözü olub, hədsiz artım, böyüdülmüş və özünü qabarıq şəkildə təzahür etdirmək, yaxud göstərmək mənasını verir. Mürəkkəb və çoxamilli inflyasiya prosesinin əsl mahiyyəti – milli iqtisadiyyatın ahəngdar nisbətlərinin, məcmu tələblə məcmu təklifin uyğunluğunun, ölkənin çoxsahəli təsərrüfat həyatının ümumi tarazlıq prinsiplərinin dəyişib pozulmasıdır.
Bu ziddiyyətli prosesə təkan verən və qarşılıqlı təsir gücünə malik səbəblər sırasında: əvvələn, büdcə kəsirini, dövlətin pul emissiyasını (buraxılışı, kəsilməsi), pul tədavülü qanununa əməl olunmamasını, pul-kredit və vergi siyasətindəki nöqsanları, xarici ticarət sahəsindəki inhisarçı mövqeyini, onun hərbi, qeyri-istehsal və dövlət orqanlarının saxlanılması xərclərini; sonra, iri şirkətlərin öz xərclərini və satış qiymətlərini müəyyənləşdirmək işindəki inhisarçılığını; nəhayət, kapital qoyuluşlarının həcmi və istiqamətlərindıki uyğunsuzluğu, əmək haqqının onun məhsuldarlığına nisbətən üstün artması meylini, işsizlərə yardımın həcmi və onun ödənilməsi ilə bağlı məsələləri göstərmək olar.
Şübhəsiz, cəmiyyətdə tələblə təklifin tarazlığının pozulmasını şərtləndirən və qiymətlərin enib-qalxmasına şərait yaradan bu səbəblərin öyrənilib, hərtərəfli təhlil edilməsi, inflyasiyaya qarşı səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsi üçün zəruridir.
Eyni zamanda inflyasiya prosesini birtərəfli qaydada və yalnız sırf mənfi hal kimi qiymətləndirmək doğru olmazdı. Normal bazar münasibətləri prinsipləri əsasında fəaliyyət göstərən iqtisadi sistem şəraitində, müəyyən bir hədd (3-5%) daxilində inflyasiyanın olması təbii sayılır. Belə bir inflyasiyanın olması, ölkənin təsərrüfat həyatının işgüzarlığını yüksəldir, artıq pul kütləsinin istehsal-xidmət dairələrinə yönəldilməsini fəallaşdırır, sahibkarların öz fəaliyyətlərini genişləndirmək üçün bank kreditlərindən faydalanmasına imkan yaradır, tədavüldə olan pulların dövr etməsini sürətləndirir.
İnflyasiya iqtisadi bir hadisə kimi ilk dəfə XVII əsrdə Fransada müşahidə olunmuşdur. Orada xüsusi bir bank tərəfindən buraxılmış kağız pullar tədavül (alqı-satqı) dairəsində və hesablaşma münasibətlərində böyük qarışıqlıq yaratdığından, uğursuzluqla nəticələnmişdir. Sonralar, 1861-1865-ci illərdə Şimali Amerikada vətəndaş müharibəsi vaxtı, dövriyyəyə hədsiz miqdarda kağız pulların daxil olması, ölkədə ciddi inflyasiya yaratmışdır. Hər hansı bir dövlətin rəmzi sayılan kağız pullar, ölkənin təsərrüfat sistemində öz mühüm vəzifələrini yalnız o zaman uğurla yerinə yetirə bilir ki, yaranmış real vəziyyətə uyğun, yəni istehsal olunmuş əmtəələrin - xidmətlərin dəyər nisbəti, tədavül-dövriyyə dairəsi ilə tarazlıq təşkil etsin. Bu ümumi tarazlıq pozulduqda tədavüldə artıq pul kütləsi toplanır, onun alıcılıq qabiliyyəti isə xeyli aşağı düşür.
Ötən əsrin ikinci yarısından başlayaraq inflyasiya, dünyanın müxtəlif ölkələrində daha qabarıq şəkildə özünü göstərmişdir. Həmin dövrdə dünya iqtisadiyyatında baş verən köklü dəyişikliklər, elmi-texniki nailiyyətlərin istehsal-xidmət sahələrinə tətbiqi, mütərəqqi texnoloji rejimlərdən istifadə edilməsi, ölkələr arasında iqtisadi ticarət əlaqələrinin genişlənməsi, ölkələrin hərbi xərclərinin artması, dövlət aparatının şişməsi prosesi, planet miqyasında kağız pullarla qızıl ehtiyatları arasındakı pozulmuş nisbətlərin xeyli dərinləşməsinə gətirib çıxarmışdır. Vəziyyəti nizamlamaq üçün qızılla yanaşı beynəlxalq hesablaşmalarda etibarlı valyuta sayılan dollar və funt sterlinqdən əlavə bir ödəniş vasitəsi kimi istifadə etmək səyləri də son nəticə etibarilə gözlənilən ümidləri doğrultmamışdır.
İqtisadi-sosial inkişafın qeyri-sabitliyi meyli qanunauyğunluğu müxtəlif ölkələrin, habelə bütövlükdə dünyanın təsərrüfat həyatı təcrübəsində sübut etmişdir ki, bazar münasibətləri sisteminin özü-özünü tənzimləyə bilməsi imkanları heç də o demək deyildir ki, bu inkişaf həmişə yüksələn xətlə irəliləyərək, müxtəlif problemlərlə rastlaşmır. Bazar münasibətləri iqtisadi sistemi şəraitində müxtəlif mülkiyyət formalarının fəaliyyətinə və dövlətin tənzimləyici roluna baxmayaraq, müəyyən qədər dəyişsə də böhran, işsizlik, inflyasiya prosesləri vaxtaşırı baş verir. Hər hansı bir ölkədə inflyasiyanın tempini (artım sürətini) müəyyənləşdirmək üçün cari ilin qiymət indeksindən, bazis ilinin qiymət indeksi çıxılır və bazis ilinin qiymət indeksinə bölünüb, 100%-ə vurulur:
Məsələn, ötən il ölkədə qiymətlər indeksi 179,9%, cari ildə isə 177,1% təşkil etmişsə, onda cari ilin inflyasiya səviyyəsi belə hesablanmalıdır:
Qeyd etmək lazımdır ki, iqtisadi nəzəriyyədə «70 qaydası» adlanan üsulla, müxtəlif ölkələrdə qiymətlərin ümumi səviyyəsi 2 dəfə (200%) arta biləcəyi müddətini təxmini hesablamaq mümkündür. Bunun üçün 70 rəqəmini illik inflyasiya templərinə (1,6%, 3%, 8%, 9%, 12%, 17%, 23%) bölməklə, qiymətlərin iki qat artacağı ehtimal olunan müddəti tapmaq olar.
Məsələn, 70:l,6%=40 il
70:3%=23 il
70:8%=9 il
70:12=6 il
70:17=4 il
70:23=3 il və sair.
Tədavüldə olan pul kütləsinin artması və onun arxasında kifayət qədər əmtəələrin - xidmətlərin olmaması, tələb inflyasiyası kimi səciyyələndirilir. Əhalinin sərəncamında kifayət qədər pul vəsaiti (məbləği) toplandığı halda, buna uyğun əmtəələrin - xidmətlərin çatışmaması, şübhəsiz ölkədə qiymətlərin bahalaşmasına, «qara bazarın» yaranmasına səbəb olur. Ayrı-ayrı ölkələrin təcrübəsində təklif inflyasiyasına da rast gəlinir. Bu hal, bazarda məcmu təklifin azalması, yaxud istehsal xərclərinin artması ilə bağlıdır. Həmin səbəblər nəticəsində əmtəə və xidmətlərin bəzən tədricən, bəzən də sürətlə bahalaşması prosesi baş verir. Deməli, təklif inflyasiyasında istehsal xərcləri əmtəə-xidmətlərin qiymətlərinin yüksəlməsinə səbəb olursa, tələb inflyasiyasında isə qiymətlərin artması, tədricən istehsal xərclərinin əvvəlki dövrə nisbətən yüksəlməsini şərtləndirir. Hər iki variantda davam edən inflyasiyadan ən çox zərər çəkən ölkə əhalisinin aztəminatlı yoxsul və orta təbəqələri olur.
Dostları ilə paylaş: |