6.4.İnflyasiyanın sosial-iqtisadi nəticələri və tənzimlənməsi yolları
İnflyasiya prosesinin yaratdığı mürəkkəb ziddiyyətli vəziyyət onun sosial – iqtisadi nəticələrini aradan qaldırıb tənzimləmək üçün dövlət səviyyəsində antiinflyasiya siyasəti və bu siyasətin həyata keçirilməsi mexanizmi işlənib hazırlanmalıdır. Çünki, inflyasiya şəraitində əmtəə-xidmətlərin qiymətlərinin qeyri-bərabər surətdə artması nəticəsində milli valyuta olan inam tədricən sarsılır, əhalinin real gəlirləri azalır, onların əmanətləri qiymətdən düşür, pulun alıcılıq qabiliyyəti zəiflədiyindən öz vəzifələrini həyata keçirə bilmir, natural mübadilələrə üstünlük verilir, cəmiyyətin müxtəlif təbəqələri arasındakı sosial bərabərsizlik güclənir, vergi ödənişlərində problemlər yaranır, əhalinin sosial narazılığı artır, ölkədə tətil və etiraz çıxışları dalğası başlayır.
Yaranmış vəziyyətdən ən az itgilərlə çıxmaq üçün dövlətin antiinflyasiya siyasətinin düzgün strategiyası və taktikası olmalıdır. Həmin siyasət hazırlanarkən, şübhəsiz ölkənin daxili və xarici vəziyyəti obyektiv qiymətləndirilməli, yaranmış vəziyyətin səbəbləri düzgün araşdırılmalı, real imkanlar zəminində ən optimal çıxış yolları axtarılıb tapılmalıdır.
Ümumiyyətlə dünya təcrübəsində hökumətlərin antiinflyasiya siyasəti 2 istiqamətdə gedə bilər:
Birincisi, inflyasiya prosesinə uyğunlaşmaq yoludur. Bu o deməkdir ki, pulun alıcılıq qabiliyyətinin ölkədə aşağı düşməsi nəticəsində, əhalinin gəlirlərinin azalması kompensasiya (əvəzi ödənilməklə) həyata keçirilir. Bunu, əmək haqları dərəcələrini yüksəltmək və əhaliyə güzəştlər etməklə reallaşdırmaq mümkündür.
İkincisi, baş vermiş yaxud gözlənilən inflyasiyaya qarşı vergi dərəcələrində dəyişiklik etmək, dövlət xərclərini azaltmaq, idarəetməni təkmilləşdirmək, sərt pul-kredit siyasəti aparmaqla həyata keçirilir.
İnflyasiyanın templərini azaltmaq üçün fiskal və monetar siyasət metodlarından istifadə olunur. Fiskal metodlar – dövlət borclarının azladılması, birbaşa və dolayı vergi dərəcələrində dəyişikliklər edilməsi, amortizasiya ayırmalarının qayda və normaların sərtləşdirilməsi; monetar metodlar isə pul kütləsinin və verilən kreditlərin həcminin məhdudlaşdırılması, bank uçot dərəcələrində dəyişiklik aparılması, məcburi (mütləq) ehtiyatlar normasının artırılması, dövlətin qiymətli kağızlarının açıq bazarda satılması tədbirlərini, konkret vəziyyətə uyğun həyata keçirməyi nəzərdə tutur.
Eyni zamanda inflyasiya ilə mübarizə üçün monetar metodlarla yanaşı, qiymətlər və gəlirlər siyasəti metodundan da istifadə olunur. Bu halda dövlət direktiv (əmr) şəklində bəzən qiymətləri və nominal gəlirləri “dondurur”; bəzən də əmək haqqının artımını əmək məhsuldarlığının orta artımı ilə, qiymətlərin artımını isə əməyin ödənilməsinə sərf olunmuş xərclərin (məsrəflərin) artımı səviyyəsi ilə məhdudlaşdırır.
Bazar münasibətləri iqtisadi sisteminə keçən ölkələr, inflyasiyaya qarşı mübarizə aparmaq üçün bir sıra xüsusi proqramlardan və Beynəlxalq Valyuta Fondunun, habelə digər beynəlxalq maliyyə qurumlarının konkret tövsiyələrindən istifadə edirlər. Həmin məsləhət və tövsiyələrə ölkənin daxili bazarının liberallaşdırılması, qiymətlərin sərbəst bazar tələb-təklifi əsasında formalaşması, əmək haqlarına müəyyən hədd qoyularaq nizamlanması kimi tədbirlər daxildir.
Müstəqilliyin bərpasından sonra Azərbaycan Respublikasının milli valyutası 1992-ci ilin ikinci yarısından tədavül dairəsində işlədilməyə başlanmışdır. Azərbaycanın milli valyutası tətbiq olunduğu vaxt onun rus rubluna nisbəti (1 manat =10 rubl) və ABŞ dollarına nisbəti (30 manat = 1 dollar) kimi hesablanırdı.
Lakin sonralar bütün keçid mərhələsində olan ölkələrə xas iqtisadi çətinliklər sayəsində manatın məzənnəsi aşağı düşməyə meyl etmişdir.
1993-cü ilin əvvəllərində 1 dollar=292 manat olduğu halda, sonrakı dövrdə sürətlə dəyişərək 1 dollar 1000, 2000, 3000, 4000 manat səviyyələrini ötərək, 2003-cü ildə 5000 manata yaxınlaşmışdır. Son, nominasiyadan sonra hazırda Azərbaycan manatının məzənnəsi xeyli möhkəmlənərək 1 manat 1,2 dollara bərabərdir.
Beynəlxalq maliyyə təşkilatları və müstəqil ekspertlərin rəy, habelə tövsiyələrini nəzərə alan Azərbacan hökuməti, ölkədəki inflyasiya proseslərini nizamlamaq üçün sərt pul-kredit (monetar) siyasəti xəttini həyata keçirməyə başladı. Həmin xəttə əsasən, tədavül dövriyyəsinə pul daxil edilməsi məhdudlaşdırılmış, kredit üçün faiz dərəcələri artırılmış, əmək haqqı və təqaüdlər ləngidilmişdi.
Sərt pul-kredit siyasətinin həyata keçirilməsinin keçid dövrü üçün müsbət cəhəti ondan ibarət idi ki, belə bir xətt ölkədə inflyasiyanı müəyyən həddə saxlamağa imkan vermişdi.
Ümumiyyətlə dünya təcrübəsi təsdiq edir ki, bazar münasibətləri iqtisadi sisteminə xas olan inflyasiyanın qarşısının alınmasının universal yolu hələlik tapılmadığından, yalnız konkret vəziyyətə uyğun tədbirlərdən bacarıqla istifadə etməklə, bu mürəkkəb prosesin təsir gücünü zəiflədib, onu tənzimləmək mümkündür.
Dostları ilə paylaş: |