6.3.İşsizliklə inflyasiyanın qarşılıqlı əlaqəsi və Fillips əyrisi
İnflyasiya prosesi ayrı-ayrı ölkələrdə həmişə müxtəlif çətinliklər və problemlər yaradır. İnflyasiya ilə qarşılıqlı əlaqədə meydana çıxan milli iqtisadiyyatın və bütövlükdə cəmiyyətin qayğıları özünü təkcə iqtisadi sahədə deyil, eyni zamanda ictimai-sosial, hətta siyasi, mənəvi, əxlaqi proseslərdə də göstərir.
İnflyasiyanın ən həssas, ağrılı nəticə və ölkə əhalisi arasında sosial narazılıq yaradan cəhəti, bu proseslə işsizlik arasında olan asılılıqdır. Bu asılılıq əlaqəsi 1958-ci ildə Avstraliya iqtisadçısı və sonralar İngiltərədə yaşamış Artur Filips tərəfindən öyrənilərək irəli sürülmüşdür. Onun fikrincə, inflyasiya ilə işsizlik arasında mənfi asılılıq,yaxud tərs mütənasiblikvardır. Bu mənada inflyasiya və işsizlik iqtisadiyyatın real vəziyyətini əks etdirən iki əsas alternativ kəmiyyətlərdir. Mühüm makroiqtisadi əlaqələrdən biri kimi səciyyələndirilən bu maraqlı asılılıq qrafik şəkildə öz ifadəsini «Filips əyrisi»ndə tapmışdır.
F ilips əyrisi
«Filips əyrisi»ndən aydın olur ki, işsizliyin səviyyəsinin aşağı olduğu dövrlərdə, adətən ölkədə inflyasiyanın səviyyəsi yüksəlməyə doğru meyl edir, əksinə inflyasiyanın səviyyəsi aşağı olduqda, ölkədə işsizlərin sayı artmağa doğru gedir. Başqa sözlə, ölkənin təsərrüfat həyatında inflyasiya baş verdikdə, qiymətlərin bahalaşması nəticəsində məcmu təklifin artması, iş yerlərinə olan tələbin, habelə əhlinin əmtəə-xidmətlərə tələbatını çoxaldır. Əksinə, ölkədə inflyasiyanın səviyyəsi sabit qaldıqda, yaxud aşağı düşdükdə isə iş yerlərinə olan tələbat azalır, işsizlik səviyyəsi yüksəlir. Deməli, ya inflyasiya, yaxud da işsizlik dilemması, «olum ya ölüm» kimi qarşıya çıxaraq öz həllini tələb edir. Təsadüfi deyildir ki, iqtisadçılar «Filips əyrisi»ni siyasətçilər üçün qaçılmaz bir seçim olduğunu qeyd edirlər.
Lakin, dəyişib-yeniləşən və canlı orqanizmi xatırladan bazar münasibətləri iqtisadi sisteminin qeyri-sabitliklə səciyyələnən inkişaf xüsusiyyətləri sübut edir ki, inflyasiya ilə işsizlik səviyyəsi arasındakı «Filips əyrisi» prinsipinə uyğun vəziyyət, yalnız «qısa müddətli» dövr üçün doğru sayıla bilər. «Uzun müddətli» dövr üçün, ölkədə inflyasiya ilə işsizlik səviyyəsi arasında tərs asılılığın olması ideyası özünü doğrultmur.
Müasir dövrdə ayrı-ayrı ölkələrin təsərrüfat həyatı təcrübəsində, həm yüksək inflyasiya, həm də işsizliyin artması proseslərinə eyni zamanda rast gəlinir. Bu mürəkkəb və ziddiyyətli proses «staqflyasiya» adlanır. Eyni zamanda inflyasiya ilə işsizlik arasında asılılıq «diskomfort», yəni narahatlıq indeksi kimi qiymətləndirilir. Məsələn, müəyyən bir ölkədə inflyasiyanın illik səviyyəsi 18% və işsizlik səviyyəsi 17%-dirsə, deməli cəmiyyətin diskomfort indeksi 35%-dir. Son vaxtlar bu rəqəm həm də ölkə əhalisinin müasir standartlar baxımından yoxsulluq səviyyəsini müəyyənləşdirmək üçün istifadə olunur.