11.3.Milli bazarla beynəlxalq bazarın qarşılıqlı əlaqəsi Ölkənin milli bazarı ilk növbədə daxili ehtiyacları iqtisadı resurslar və kadr potensialı əsasında ödəməyə xidmət etməlidir. Lakin eyni zamanda milli bazar öz müəyyən məhdud hüdudları çərçivəsində qalmamalıdır. O, bu bazara çıxarılmış müxtəlif təyinatlı məhsul və xidmətlərə yaxın-uzaq digər ölkələrin alıcılarının nəzər-diqqətini cəlb etməlidir. Eyni zamanda milli bazar indiki inteqrasiya və qlobal iqtisadi problemlər qarşısında, beynəlxalq bazardan, habelə dünya ölkələrinin genişlənməkdə olan iqtisadi əlaqələr sistemindən faydalanmağa çalışmalıdır. Müstəqil siyasi-ictimai və iqtisadi-sosial inkişaf yoluna çıxmış başqa dövlətlər kimi Azərbaycan Respublikası da, formalaşmaqda olan vahid dünya təsərrüfat sistemi ilə qovuşmağa doğru gedərək, milli bazarın real imkanları ilə beynəlxalq (dünya) bazarının geniş əlaqələr sistemi arasında optimal variantı müəyyənləşdirməyə çalışır. Aydındır ki, milli bazar öz vəzifələrini (funksiyalarını) o zaman uğurla yerinə yetirə bilər ki, onun dünya bazarı ilə iqtisadi əlaqələri ekvivalent, yəni bərabər dəyərli (qiymətli) mübadilə əsasında həyata keçirilsin. Milli bazar, ölkənin ixrac və idxal əməliyyatlarının qarşılıqlı alqı-satqısı gedişində, ümummilli maraq prinsipinin təmin olunmasına üstünlük verməlidir. Xüsusilə keçid mərhələsində olan ölkələrin, o cümlədən də Azərbaycan Respublikasının müxtəlif iqtisadi çətinliklərlə üzləşərək, öz problemlərini əsasən xarici bazarın hesabına ödəməsi meyllərinə müəyyən vaxtlığa haqq qazandırmaq olsa da, lakin gələcək iqtisadi-sosial nəticələri baxımından uğurlu sayıla bilməz. Çünki dünya ölkələrinin təsərrüfat həyatı və iqtisadi əlaqələr təcrübəsi, bu istiqamətin faydalı olmadığını şübut etmişdir. Cəmiyyətin və onun üzvlərinin tələbatı əsasında ölkənin milli bazarı, xərclərin müqayisəliliyi və əhalinin məşğulluğu baxımından hansı məhsulların idxalının faydalı olduğunu müəyyənləşdirməlidir. Bu işdə iqtisad elmi və iqtisadi nəzəriyyə dövlətin xarici iqtisadi əlaqələr konsepsiyasının işlənib hazırlanmasına nəzəri, habelə əməli kömək göstərməlidir. Milli bazarın düzgün istiqamətdə inkişafı yerli iş adamlarının, biznes fəaliyyəti ilə məşğul olanların, bacarıqlı sahibkarlar təbəqəsinin, nəhayət, milli burjuaziyanın formalaşmasına xidmət etməlidir. Belə bir düşünülmüş milli bazarın inkişafı, eyni zamanda yeni iş yerləri açılması, daxili imkanlardan daha dolğun istifadə olunması, kadr axını qarşısının alınması, respublikanın sərvətlərinin xammal kimi deyil, emal, yaxud hazır məhsullar səviyyəsində beynəlxalq bazara çıxarılması, müasir sosial-iqtisadi səmərəlilik prinsiplərinin tələblərinə cavab verərdi. Azərbaycan Respublikası vahid dünya təsərrüfat sistemi daxilində gedən inteqrasiya proseslərinə qoşularaq, öz iqtisadi-ticarət əlaqələrini tədricən genişləndirir. Müstəqil inkişaf yoluna çıxmış ölkəmizin təbii sərvətləri, geosiyasi-strateji mövqeyi, Qərblə Şərqi əlaqələndirən mühüm nəqliyyat yolları ayrıcında yerləşməsi, burada aparılan özəlləşdirmə və torpaq islahatları nəticəsində bazar münasibətlərinin formalaşması, xarici investorların fəaliyyətinə geniş imkanlar açılması, birgə müəssisə və şirkətlərin təşkili, dünyanın müxtəlif ölkələri ilə imzalanmış iri həcmli neft sazişləri buna əyani sübutdur. Son illərdə Azərbaycan Respublikasının xarici iqtisadi-ticarət əlaqələrində mühüm kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermişdir. Müstəqillik illərində Azərbaycanın xarici ticarət dövriyyəsinin ümumi həcmi dəfələrlə artaraq, 2011-ci ildə 28 milyard dollar təşkil etmişdir. Dünyanın müxtəlif qitələrinin 130-a yaxın ölkəsini əhatə edən bu xarici ticarət dövriyyəsinin 21 milyard dolları ixracın payına və 7 milyard dolları isə idxalın payına düşmüşdür. Xarici iqtisadi-ticarət əlaqələrinin son illərdəki səciyyəvi xüsusiyyəti, ixracın idxalı ötməsi nəticəsində xarici ticarət balansının aktiv (fəal) xarakter daşımasıdır. Bu proses xaricdən gətirilən məhsulların, xüsusilə ərzağın azalması və bir sıra məhsulların, ilk növbədə xam neftin ixracının artması, habelə dünya bazarında yanacağın qiymətinin enib-qalxması ilə bağlı olmuşdur. Respublikanın ixrac məhsulları içərisində neft və neft məhsulları, pambıq, balıq kürüsü, biyan kökü və başqa məhsullar vardır. İdxal məhsulları sırasında ərzaq, tikinti materialları, müxtəlif təyinatlı istehlak malları, maşın, avadanlıq, texnika, dəzgahlar vardır. 2011-ci ilin yekunlarına görə Azərbaycanda hər nəfərə düşən xarici ticarət dövriyyəsinin illik həcmi 3000 dollardır. Müqayisə üçün qeyd etmək lazımdır ki, dünya üzrə orta rəqəm daha yüksəkdir. Ayrı-ayrı ölkələrdə, xüsusilə Almaniya, Yaponiya, ABŞ, Fransa, İngiltərə, Finlandiya, Norveç, İsveç, Niderlandda bu göstərici 10.000 dollara çatır və bu səviyyəni ötür. Ölkəmizin kifayət qədər iqtisadi potensialı və resursları vardır ki, müasir dünyanın xarici ticarət əlaqələrində daha fəal iştirak etməsi üçün aşağıdakılar tələb olunur: - dünya bazarına daha geniş seçimdə (növdə) məhsullar çıxarmaq və xidmətlər təklif etmək; - xaricdən idxal olunan bir sıra ərzaq və istehlak malları həcmini məhdudlaşdıraraq, həmin malların yerli istehsalını təşkil etmək; - ölkəyə daxil olan investisiya, alınmış kredit və neft satışından əldə edilmiş vəsaitlərdən ilk növbədə istehsal təyinatlı məqsədlər üçün faydalanaraq, onlardan elə səmərəli istifadə edilməlidir ki, həm milli bazarın müxtəlif təyinatlı ehtiyaclarını maksimum ödəmək, həm də ixrac imkanlarını artırmaq mümkün olsun;
tədricən milli iqtisadiyyatın və daxili bazarın idxal asılılığını, elmi hesablamalar, habelə optimal nisbətlər əsasında səmərəlilik meyarları ilə aradan qaldırmaq lazımdır.
Məhz bu şərtlərin həyata keçirilməsi, müstəqil bir dövlətin milli bazarının daha da inkişafını və onun beynəlxalq bazarla qarşılıqlı əlaqələr sistemini uğurla nizamlaya bilər.