10.4.Keçid mərhələsinin başlıca vəzifələri Postsosialist və postsovet ölkələrinin düşdükləri vəziyyətin səbəblərini, keçid dövründə qarşılaşdığı mürəkkəb problemləri, onların həll etməli olduqları vəzifələrin tədqiqatçısı sayılan tanınmış macar iqtisadçısı Y.Kornai göstərir ki, bu məsələləri üç istiqamətdə aparmaq lazımdır. Əvvələn, keçid mərhələsində ölkə əhalisinin arzu, ümid və işgüzarlıq səyləri ardıcıllıqla, sistemli şəkildə tədqiq olunaraq, makroiqtisadi məqsədlərin başlıca vəzifələri müəyyənləşdirilməlidir. Sonra,rəsmi dairələr, hökumət orqanları, siyasətçilər və mütəxəssislər tərəfindən hazırlanmış ölkənin iqtisadi-sosial inkişaf konsepsiyası, buna dair təkliflər, iradlar müzakirə edilərək qəbul yaxud rədd olunmalıdır. Nəhayət, keçid iqtisadiyyatı mərhələsini yaşamış ölkələrin real təcrübəsi hərtərəfli təhlil olunaraq, gələcək iqtisadi-sosial inkişaf perspektivləri proqnozlaşdırılmalıdır. Bəs keçid mərhələsinin başlıca vəzifələri hansılardır? Dünya təcrübəsinə, konkret ölkələrin nümunəsinə, postsosialist və postsovet ölkələrinin bu yoldakı ilk addımlarına əsaslanaraq, keçid mərhələsinin başlıca vəzifələrini belə müəyyənləşdirmək olar: Birincisi, ölkənin daxili və xarici əlaqələr sisteminin təkmilləşdirilərək yenidən qurulması, iqtisadiyyatın, habelə qiymətlərin tədricən liberallaşdırılması tədbirləri ardıcıllıqla həyata keçirilməlidir. İkincisi, dövlət mülkiyyəti düşünülmüş və müəyyən hüdudlar çərçivəsində, sonrakı daha səmərəli fəaliyyəti təmin olunmaq şərtiylə özəlləşdirilməli, torpaq islahatı aparılaraq, ölkənin ərzaq təhlükəsizliyi yerli imkanlar hesabına maksimum ödənilməlidir.