Uçot (diskont) faiziMərkəzi Bankın kommersiya banklarına verdiyi borcların faiz dərəcəsidir. Bu vəziyyət iki halda-kommersiya bankları həddən artıq borc verdikdə və bankdan həddən artıq pul çıxarılanda baş verir. Müxtəlif ölkələrin, o cümlədən də ABŞ-ın bank sistemi təcrübəsində 1984, 1987 və 2001-ci illərdə belə hadisələr olmuşdur. Mərkəzi Bankın yüksək uçot faiz dərəcəsi, kommersiya banklarını çox az hallarda bu "son imkandan" istifadə etməyə yönəldir. Bu növ kreditlər üçün kommersiya banklarından ehtiyat saxlamaq tələb olunmadığından, təbiidir ki, onların ehtiyat pul vəsaitləri artmış olur. Ümumiyyətlə Mərkəzi Bankın uçot (diskont) faizində artım siyasəti, bank sistemində ehtiyatların miqdarını (həcmini) azaldır. Bu isə öz növbəsində tədavül dairəsində pul təklifini aşağı salır. Əksinə, nisbətən aşağı diskont faizi kommersiya banklarım Milli Bankdan öz ehtiyatları və əməliyyatları üçün borc almağa həvəsləndirir. Bu meyl bank sistemində pul ehtiyatlarının miqdarını artırmaqla yanaşı, tədavüldəki pul kütləsini də çoxaldır. Mərkəzi Bankın sınanmış və köhnə metodlarından sayılan uçot (diskont) faiz siyasəti, kommersiya banklarının veksellərini (borc öhdəliklərini) əldə etməklə, eyni zamanda kreditlər üzrə faiz dərəcələrini artırıb-azaltmaqla, yaxud milli iqtisadiyyatda yaranmış vəziyyətlə bağlı "ucuz-bahalı pullar" xətti yeritməklə, bütövlükdə ölkənin bank sisteminin fəaliyyətini tənzimləyir. Ölkənin çoxsahəli təsərrüfat həyatının normal fəaliyyət göstərməsi üçün pul-kredit siyasətinin səmərəliliyinin təmin olunmasında, bu sahədə zəruri sayılan tədbirlərin vaxtında və çevik surətdə həyata keçirilməsi, habelə siyasi təzyiq, qrup-partiya maraqlarından azad olması mühüm əhəmiyyətə malikdir. Lakin obyektiv-subyektiv xarakterli daxili - xarici səbəblərlə bağlı, beynəlxalq aləmdə, dünya bazarında baş verən hadisələr sübut edir ki, pul-kredit siyasətinin müxtəlif tənzimləyici metodları heç də "sehrli çubuq" deyildir və qarşıya çıxan bütün problemləri həll edə bilmir. İqtisadi inkişafın qeyri-sabitliyi və ziddiyyətli meylləri, müasir mərhələdə istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda pul-kredit siyasəti metodlarının daha da təkmilləşdirilməsini irəli sürür.