11.4. İqtisadiyyatın dövlət tənzimlənməsinin mahiyyəti və mərhələləri Müasir mərhələdə iqtisad elminin və iqtisadi nəzəriyyənin qarşısında duran ən mühüm vəzifələrdən biri dövlətin ölkənin təsərrüfat həyatmı idarə edib tənzimləməsinin səmərəli yollarını, optimal variantlarını, habelə konkret şəraitə uyğun müvafiq hüdudlarını tapmaq məharətidir. Tarixən bütün cəmiyyətlərin təsərrüfat həyatında baş verən iqtisadi proseslər ilk baxışda kortəbii hadisələr kimi görünsə də, lakin onlar müxtəlif səviyyələrdə (elmi yaxud iradi, uğurlu yaxud uğursuz, milli maraq yaxud dar qrup mənafeyi) idarə edilirlər. Cəmiyyətdə baş verən iqtisadi proseslərə insanların fəal təsiri - idarəetmə adlandırılır. Deməli, idarəetmə - iqtisadi fəaliyyəti lazım istiqamətə yönəltmək, müəyyən maraq dairəsində nəticə əldə etmək məqsədilə insanların, cəmiyyətin təsərrüfat həyatına şüurlu təsirini nəzərdə tutur. Ümumiyyətlə, hər hansı bir ölkədə idarəetmə məcbur etmək, maraqlandırmaq və inandırmaq kimi prinsiplərə və bunlardan irəli gələn müxtəlif üsullara əsaslanır. Cəmiyyətin idarə olunması sisteminin tərkib hissəsi sayılan iqtisadiyyatın idarə edilməsi, hüquqi qanunlar, normativ aktlar əsasında tənzimlənərək, müxtəlif dövlət aparatı idarələri (strukturu) tərəfindən həyata keçirilir. Dövlət tənzimlənməsi - iqtisadi və sosial sahələri əhatə edərək, dövlət siyasəti səviyyəsində reallaşdırılır. Müasir bazar iqtisadiyyatı şəraitində, bu sistemə xas olan inhisarçılıq meylləri, xarici bazarda aparılan rəqabət mübarizəsi, xarici bazar, beynəlxalq iqtisadi-ticarət əlaqələri və inteqrasiya prosesləri, informasiya - məlumat toplamaq zəruriyyəti, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsini irəli sürür. Dünya təcrübəsi sübut etmişdir ki, dövlətin iqtisadiyyata zəif (biganə) təsiri hərc-mərclik, xaos vəziyyəti yaradırsa, bu sahəyə güclü müdaxiləsi (həddindən artıq qarışması) isə iqtisadi sərbəstliyə, işgüzar biznes fəaliyyətinə əngəllər törədir. Bəs necə etməli, ən əlverişli və optimal variantı necə tapmalı? Doğrudanmı, XVIII əsrdə klassik iqtisadi nəzəriyyənin banilərindən sayılan A.Smitin düşündüyü kimi bazarı və iqtisadiyyatı «görünməz əllər» idarə etməlidir, yoxsa sonrakı iqtisadçıların iddia etdikləri kimi «dövlət ölkənin təsərrüfat həyatına qarışmalıdır» prinsipinin daha məqsədəuyğunluğu qəbul olunmalıdır? Bütün nəzəri müddəaların həqiqi meyarı və təsdiqi olan real təsərrüfat həyatı təcrübəsi sübut edir ki, «nə, necə, kim üçün?» vəzifəsini yerinə yetirməli olan iqtisadiyyat, hökmən dövlət tənzimlənməsinin ən optimal variantını tapmalıdır. n. Müxtəlif ölkələrin nümunəsi sübut edir ki, ümummilli əhəmiyyət kəsb edən əsaslı elmlərin, təhsilin, müdafiə sənayesinin, qaz-yanacaq kompleksinin, nəqliyyatın müəyyən növlərinin, mühüm kommunal təsərrüfat obyektlərinin, ilkin səhiyyə xidməti şəbəkəsinin dövlətin nəzarəti altında tənzimlənməsi, əlbəttə müəyyən istisnalarla, şübhəsiz məqsədəuyğundur. Hazırda yüksək inkişaf etmiş ölkələrdə dövlət
bölməsinin ümumi daxili məhsulda payı 8-15 faiz, inkişaf
etməkdə olan ölkələrdə 30-70 faiz, keçid mərhələsində olan dövlətlərdə 25-65 faiz arasındadır. Azərbaycan Respublikasında isə ümumi daxili məhsulun 18-20 faizi dövlət bölməsinə məxsusdur. Dövlət tənzinlənməsinin obyektləri kimi sərmayə qoyuluşlarını (investisiyaları), pul-kredit münasibətlərini, maliyyə-büdcə məsələlərini, vergi-gömrük sahəsini,satış-ixrac əməliyyatlarını, qiymətlər sistemini, əmək bazarını, sosial sahəni, elmi-tədqiqat və konstruktur-sınaq işlərini göstərmək olar. Tanınmış iqtisadçı, Nobel mükafatı laureatı V.Leontyev (ABŞ) yazmışdır: «Bazar münasibətləri maraq küləyi ilə iqtisadiyyat gəmisinin yelkənlərini hərəkətə gətirir; dövlət tənzimlənməsi isə gəminin sükanı rolunu oynayır... Küləksiz yelkənli gəmi yerindən tərpənməyəcək, sükansız isə gəmini uğurla idarə etmək mümkün deyildir». Xeyriyyəçi və işgüzar biznes adamı C.Soros göstərir ki, dövlətin iqtisadi proseslərə qarışmaması özbaşınalıq, hədsiz qarışması isə hökm, əmr, inzibatçılıq sistemi yaradır. Onun fikrincə, «bazar ağalığı» (market findamentalist) meylləri müasir iqtisadiyyat üçün doğru sayıla bilməz. Ona görə də elə yollar axtarılıb tapılmalıdır ki, bazar və dövlətdə olan dağıdıcı (mənfi) cəhətlər, birləşərək iqtisadi inkişaf üçün yaradıcı qüvvəyə çevrilsin. İqtisadiyyatın dövlət tənzimlənməsinin mahiyyəti -bazar münasibətləri şəraitində qanunverici, icraedici və nəzarət xarakterli tədbirlər vasitəsilə, müxtəlif dövlət orqanları və təşkilatlarının ölkənin təsərrüfat problemlərinin həllinə təsir göstərməsi, habelə bilavasitə qarışmasıdır. Bazar münasibətləri sisteminin formalaşması və keçdiyi inkişaf yolu, dövlətin iqtisadi siyasəti, onun qayda-qanunları ilə həmişə bağlı olmuşdur. Bu mənada dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsi və asılılığı, habelə təsiri tarixən aşağıdakı 3 mərhələni keçmişdir: