Beynəlxalq valyuta - dövlətlərarası hesablaşma vahidi hesab olunur. Bu valyuta Beynəlxalq Valyuta Fondu tərəfindən buraxılır və dövlətlərarası iqtisadi-ticarət əlaqələrində qeyri-nağd şəkildə, ölkələrin xüsusi hesablarına qeyd olunur. İndi SDR (Spesial Dravinq Rigths), yəni xüsusi əvəzləmə hüququ (XƏH), yaxud xüsusi borcalma hüququ eyni anlayış kimi istifadə olunur. Bu anlayış qızıl deviz standartı (qızılın dollarla ölçülməsi) əvəz etmişdir. Hazırda SDR (XƏH) dəyərcə təxminən 1,2-1,3 dollara bərabərdir.
“Valyuta səbəti” anlayışından, bir ölkənin valyutasının başqa ölkələrin valyutası ilə müqayisəsi üçün istifadə olunur. Deməli, valyuta səbəti bir ölkənin valyutasının, müəyyən miqdarda digər valyutalarla müqayisədə, onun orta məzənnəsini hesablamaq üçün ölçü üsuludur.
Məsələn, 15 adda ərzaq və sənaye məhsullarının əldə olunması, yaxud müxtəlif ölkələrin 100 milli valyutasına hansı məhsullardan eyni miqdarda almağın mümkün olması, həmin ölkələrin valyutalarının hesablaşma nisbətinin şərti üsullarındandır.
Zaman keçdikcə, "üzən" yaxud "idarə edilən" beynəlxalq valyuta məzənnə sisteminin üstün cəhətləri ilə yanaşı, bir sıra nöqsanları da meydana çıxdığından, onu təkmilləşdirmək, dəyişmək, hətta tamamilə ləğv edərək yenidən əvvəlki sistemlərə qayıtmaq haqqında elmi-nəzəri dairələrdə mübahisələr, indi də davam etməkdədir. Lakin, hələlik bu sistemdən beynəlxalq hesablaşmalarda istifadə olunmaqdadır.
13.4. Xarici ticarət dövriyyəsinin kəsiri və onun aradan qaldırılması yolları
Bütün dövlətlərin beynəlxalq əmək bölgüsünün prinsiplərinə və ölkənin zəruri tələbatlarının ödənilməsinə uyğun apardıqları xarici iqtisadi-ticarət münasibətləri, müasir inteqrasiya, habelə qloballaşma prosesləri şəraitində xüsusi bir əhəmiyyət kəsb edir. Beynəlxalq ticarət münasibətlərində:
ixrac, ölkə daxilində istehsal olmuş və onun hüdudlarından kənarda, xaricdə satılan əmtəə-xidmətlərdir.
idxal, xaricdə istehsal olunmuş və ölkəyə gətirilərək daxildə satılan müxtəlif təyinatlı əmtəə-xidmətlərdir.
xalis ixrac, ölkənin ixracının dəyəri ilə onun idxalının dəyəri (məbləği) arasındakı fərqdir ki, eyni zamanda ticarət balansı adlanır.
ticarət balansı, ölkənin ixracının məbləği ilə idxalının dəyəri (məbləği) arasındakı fərqdir ki, eyni zamanda xalis ixrac adlanır.
ticarət kəsiri (defisiti), ölkənin idxalının onun ixracı üzərində artığıdır.
ticarət profisiti, ölkənin ixracının onun idxalı üzərində artıqlığıdır.
balanslaşdırılmış ticarət, ixracın idxala bərabər (ekvivalent) olduğu haldır.
Ölkələrin beynəlxalq ticarət əlaqələrinin ümumi həcminə, onun idxalına, ixracına və xalis ixracına təsir edən bir sıra daxili, habelə xarici amillər vardır. Həmin amillər sırasında aşağıdakıları göstərmək olar: a) ölkə alıcılarının yerli (daxili) və xarici (başqa ölkələrdən gətirilən) əmtəələrə, habelə xidmətlərə olan marağı, zövqləri; b) yerli və xarici əmtəələrin, xidmətlərin qiymətləri; c) inhisarların-şirkətlərin (fiziki və hüquqi şəxslərin) milli və xarici valyuta ilə alış-veriş qərarına təsir edən valyuta məzənnəsinin səviyyəsi; ç) yerli və xarici alıcıların gəlirləri; d) əmtəələrin və xidmətlərin bir ölkədən digərinə daşınması xərcləri; e) dövlətin beynəlxalq siyasət xətti.
Bu müxtəlif amillər kompleksinin, ayrı-ayrı ölkələrin konkret timsalında dəyişməsi intensivliyi, beynəlxalq ticarətin həcmi dinamikasına, onun ixrac-idxal əməliyyatlarının qarşılıqlı nisbətinə bəzən müsbət, bəzən də mənfi təsir göstərir.
Hər hansı bir ölkənin xarici ticarət balansı tarazlı və aktiv istiqamətdə formalaşıb inkişaf edərsə, şübhəsiz bəzi istisnalarla bu hal, ümumiyyətlə yaxşı meyl kimi qiymətləndirilməlidir. Lakin ölkənin xarici ticarət balansında kəsir (defisit) yarandıqda və belə bir vəziyyət obyektiv-subyektiv səbəblərlə bağlı müvəqqəti deyil, uzunmüddətli prosesə çevrilərsə, şübhəsiz onu aradan qaldırmaq istiqamətində, dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilməlidir.
Bu yolda ilk addım, dövlətlərin öz daxili valyuta ehtiyatlarından istifadə etmələridir. Sonra dövlətlər beynəlxalq və xarici banklarda yerləşdirdikləri, əmanət kimi saxladıqlan valyuta ehtiyatlarından, xarici ticarət dövriyyəsində yaranmış kəsiri ödəmək üçün faydalana bilərlər. Daha sonra,hər hansı bir ölkə öz xarici ticarət balansmda yaranmış borcunu, kəsirini ödəmək üçün başqa dövlətlərdən, yaxud beynəlxalq maliyyə təşkilatlarından, ayrı-ayrı banklardan borc (kredit) ala bilər. Nəhayət, yaranmış konkret vəziyyəti hərtərəfli nəzərə alıb təhlil etmək əsasında, dövlət xarici iqtisadi-ticarət əlaqələrində müəyyən həvəsləndirici və məhdudlaşdırıcı (valyuta, gömrük, kvota, qadağan metodları) tədbirlər həyata keçirməklə, vəziyyəti tənzimləyir.
Həmin tədbirlər sırasında, dövlətin çevik gömrük siyasəti, gömrük rüsumları və tarif dərəcələrindəki dəyişikliklər mühüm rol oynayır. Dövlət rüsumlarındakı dəyişikliklər, ölkəyə idxal olunan məhsullar, yaxud müəyyən qrup əmtəə-xidmətlər üçün ödənişlərdəki enib-qalxmaları nəzərdə tutur. Tarif dərəcələri, müəyyən əmtəə-mal qrupları üzrə vergi ödənişlərində yaranmış vəziyyətlə bağlı dəyişiklikləri əhatə edir. Qadağan tədbirlərinə siyasi, iqtisadi, dini, sanitar-gigiyena, mənəvi-əxlaqi səbəblərlə yanaşı başqa ölkələrdən əmtəə-xidmətlərin idxalına hədd qoyulması amili də daxildir. Dövlətin kvota siyasəti, ölkənin ixrac-idxal əməliyyatları sahəsində müəyyən həcm məhdudiyyətləri qoyulması ilə bağlıdır.
Mütəxəssislər tərəfindən ayrı-ayrı ölkələrin həyata keçirdikləri bu tədbirlər sistemi birmənalı qiymətləndirilib qəbul olunmasa da, lakin ölkələrin əksəriyyəti lazım bildikdə həmin vasitələrdən faydalanırlar.
Normal inkişaf edən və düzgün xarici iqtisadi əlaqələr sistemini qurmuş dövlətlər üçün xarici ticarət balansındakı kəsir problemi xoşagəlməz bir hal olsa da müasir dünyanın bir çox ölkələri, o cümlədən də ABŞ üçün səciyyəvi hadisədir. XXI əsrin birinci onilliyində ABŞ-ın xarici ticarət balansının kəsiri (saldosu) 500 milyard dollara çatmış, hazırda isə 1 trilyon dolları ötür. Belə bir meylin yaxın gələcəkdə də davam edəcəyinin proqnozlaşdırılması, təkcə ABŞ-ın milli iqtisadiyyatı üçün deyil, qloballaşan dünyanın beynəlxalq iqtisadi-ticarət və beynəlxalq valyuta hesablaşmalarında müəyyən çətinliklər yarada bilər.