Kross - məzənnə dedikdə, iki ölkənin milli valyutasının nisbəti əsasında, üçüncü ölkənin milli valyutasının məzənnəsinin müəyyənləşdirilməsi başa düşülür. Spot məzənnə valyuta bazarlarındakı real gündəlik bazar məzənnəsidir. Forvard məzənnə isə ticarət və alqı-satqı əməliyyatlarının iştirakçıları tərəfindən, qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
Hesablaşmanın akkreditiv forması, alıcının istəyinə əsasən bankın müəyyən məbləği, müəyyən müddətdə ödəcəyi haqqında yazılı öhdəliyidir. Valyuta arbitrajı, valyutanı ucuz olan bir bazardan alıb, başqa bazarlarda satmağa deyilir. Bu əməliyyat müxtəlif valyuta bazarları arasında əlaqə yaratmaq və onların vahid bazara çevrilməsi prosesinə xidmət etsə də, lakin sərt valyuta nəzarəti şəraitində buna yol verilmir. Bütövlükdə beynəlxalq hesablaşmalar üçün nəzərdə tutulmuş xarici valyuta ilə ödəniş vasitələri isə deviz adlanır.
13.3.Beynəxalq valyuta sistemləri
Beynəlxalq valyuta məzənnəsinin tarixən 3 fərqli sistemi olmuşdur:
"qızıl standart" valyuta sistemi;
Bretton-Vuds yaxud tənzimlənən valyuta sistemi;
"üzən" yaxud enib-qalxan valyuta məzənnəsi;
"Qızıl standart" valyuta sistemi. XIX əsrin ikinci yarısından başlayaraq, XX əsrin 30-cu illərinə qədər (1879-1934) davam etmiş bu sistem, qəti müəyyən olunmuş valyuta məzənnəsinə əsaslanaraq, aşağıdakı şərtlərin gözlənilməsini tələb edirdi:
Ölkənin milli pul vahidinin qızıl tərkibinin (məzmununun) müəyyən olunmasını;
Ölkə daxilindəki nağd pul kütləsi (miqdarı) ilə onun qızıl ehtiyatları arasındakı nisbətin hökmən gözlənilməsini;
Qızılın ölkə daxilində sərbəst surətdə alınıb-satılmasını və onun idxal, habelə ixracına heç bir məhdudiyyət qoyulmamasını;
Ayrı-ayrı ölkələrə gəldikdə, bəzən sabit valyuta məzənnəsi adlandırılan bu sistem İngiltərədə 1820-ci illərdə, Almaniyada 1870-ci illərdə, Rusiya və Yaponiyada isə 1890-cı illərdən fəaliyyət göstərmiş, sonralar isə başqa dövlətlər tərəfindən də qəbul olunmuşdur.
1914-cü ilə qədər İngiltərənin pul vahidi sayılan 1 funt-sterlinqin qızıl tərkibi (məzmunu) 7,322 qram, alman markası 0,385 qram, Amerika dolları 2,322 qram, manatı isə 0,774 qram xalis qızıla bərabər olmuşdu.
Bu beynəlxalq valyuta sisteminin öz dövrü üçün müəyyən üstünlükləri olmuşdur. Əvvələn, bu sistem beynəlxalq valyuta münasibətlərində qeyri-müəyyənlik və risk kimi amillər xeyli azalmış, iqtisadi-ticarət əlaqələrinin normal - inkişafına əlverişli şərait yaratmışdı. Sonra, qızıl standart sistemi, dünya ölkələrinin tədiyyə (ödəniş) balansında kəsir (defisit) və aktiv saldo bölmələrinin tarazlığını təmin edə bilmişdi.
"Qızıl standart" sisteminin formalaşması prosesi hələ XIX əsrin 20-ci illərindən başlasa da, onun əhatəli fəaliyyəti əsrin sonuna təsadüf edərək, özünü daha dolğun surətdə göstərmişdir. Həmin sistemə daxil olan İngiltərə, Almaniya, ABŞ, İtaliya, Fransa, Danimarka, Rusiya, Norveç, Hollandiya, İsveç, Yaponiya kimi ölkələrdə kağız pullar (banknotlar) sərbəst şəkildə qızıla dəyişdirilmişdi. O dövrdə ingilis funt-sterlinqi, başqa dövlətlərin milli valyutaları arasında öz qızıl tərkibinə görə daha sanballı olduğundan, yüksək qiymətləndirilmişdi. Məsələn, 1 funt sterlinq təxminən 4-5 dollara dəyişdirilmişdi.
Lakin tədricən dünya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi, beynəlxalq kapitalın hərəkətinin intensivləşməsi, kredit və qeyri-nağd hesablaşmaların üstünlük təşkil etməsi, nağd pul kütləsinə olan tələbin artması obyektiv surətdə qızıl standart valyuta sisteminin əsaslarını sarsıtdı. Eyni zamanda müxtəlif ölkələrin qeyri-bərabər inkişafı, inflyasiya, I dünya müharibəsinin ağır iqtisadi-sosial nəticələri də, bu prosesi xeyli gücləndirdi. Xüsusilə, 1929-1933-cü illərin dünya iqtisadi böhranı, beynəlxalq valyuta münasibətlərində yeni bir sistemə keçməyi zəruri etdi.
Dostları ilə paylaş: |