«İstehsal amilləri nəzəriyyəsi»-nin müəllifi J.B.Sey, beynəlxalq bazarda əmtəələrin qiymətlərindəki nisbi fərqləri, həmin məhsulların istehsalı ilə məşğul olan ölkələrin torpaq,əmək, kapital kimi amillərinin müxtəlifliyi ilə izah etmişdi. Onun fikrincə, bu amillərin ölkə daxilindəki qiymətləri ilə beynəlxalq bazardakı qiymətləri arasındakı fərq daha çox olduğundan, xarici ticarət əlaqələri hər iki tərəf üçün faydalı olur.
E.Hekşer və V.Olin (Isveç) kimi iqtisadçılarına irəli sürdükləri «İstehsal amillərinin nisbəti» nəzəriyyəsinə görə, ölkələr arasındakı istehsal xərclərinin nisbi fərqinin əsasını, istehsal amillərinin dünya miqyasında qeyri-bərabər yerləşməsi təşkil edir. Bu isə ayrı-ayrı ölkələrin xarici ticarətinin quruluşuna təsir göstərir. Onların fikrincə, hər hansı bir ölkə, bol istehsal amillərindən intensiv surətdə istifadə etməklə üstünlük qazana bilər. Lakin bu yalnız bir yaxud bir qrup məhsullara aid edilə bilər. Ona görə də, ölkə məhz həmin məhsul yaxud məhsullar qrupu üzrə ixtisaslaşmağa çalışacaqdır. Deməli, xarici ticarət əlaqələrinin səmərəli olması üçün ölkələr eynitipli məhsullar istehsalından imtina edərək, beynəlxalq əmək bölgüsü əsasında istehsalın sahələrarası ixtisaslaşmasını dərinləşdirməlidirlər.
E.Hekşer - V.Olin - P.Samuelson «İstehsal amillərinin qiymətlərinin bərabərləşməsi» modelinə görə, beynəlxalq miqyasda istehsal amillərinin qiymətlərinin bərabərləşməsi meyli, D.Rikardonun «müqayisəli üstünlüklər» nəzəriyyəsinin müasir mərhələdə dəqiqləşdirilmiş təsdiqi, yaxud ifadəsidir.
M.Poznerin «Texnoloji üstünlük nəzəriyyəsi», texniki nailiyyətlərdən istifadə edən və qarşılıqlı ticarət əlaqələri aparan iki ölkənin hər birinin iqtisadi fayda əldə etməsinin əsaslandırılmasına yönəlmişdir. Eyni zamanda yeni texnika və texnologiyalardan istifadə edən ölkə, həmin texniki-texnoloji nailiyyətləri yaratmış ölkəyə nisbətən daha artıq fayda əldə etmək imkanı qazanır.
R.Vernon (İngiltərə) tərəfindən irəli sürülmüş «Məhsulun həyat dövrü» nəzəriyyəsində təsdiq olunur ki, hər hansı bir məhsulun istehsalında istifadə edilən müxtəlif istehsal amillərinin müqayisəli üstünlüyü, ayrı-ayrı ölkələrdə xeyli fərqlidir. Hər bir məhsulun həyat dövrü - yeni məhsul, standart məhsul, yetgin məhsul kimi 3 dövrdən keçməsi nəticəsində, həmin məhsulun istehsal xərclərinin dəyişməsilə bağlı təbiidir ki, onun müqayisəli üstünlüyü də dəyişir. Deməli, texniki və texnoloji üstünlük, müasir dövrdə rəqabət mübarizəsinin kəskinləşməsi səbəbindən uzun müddət davam edə bilmir.
ABŞ iqtisadçısı M.Porter tərəfindən hazırlanmış «Millətlərin beynəlxalq rəqabət qabiliyyəti» konsepsiyasına görə, dünya bazarlarında ölkələrin rəqabət qabiliyyətini bir-biri ilə qarşılıqlı əlaqədə olan 4 göstərici müəyyənləşdirir: amil və tələb şərtləri, istehsala xidmət edən sahələr, şirkətin strategiyası və rəqabət mübarizəsi. Bu nəzəriyyədə dövlətin rolu məsələsinə xüsusi yer verilərək göstərilir ki, hakimiyyətin pul-kredit, vergi dərəcələri, gömrük tarifləri siyasəti, beynəlxalq ticarət münasibətlərində rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır.