Üçüncüsü, dünya ölkələri arasında genişlənən ticarət əlaqələri, əvvəlki dövrlərə nisbətən daha açıq, sərbəst və liberal bir xarakter almaqdadır. Bu isə ilk növbədə keçmiş Sovet İttifaqının və onun təsir dairəsində olan sosialist ölkələrindəki siyasi rejimlərin dağılması, habelə yeni meydana çıxmış müstəqil dövlətlərin beynəlxalq əlaqələrinin, dünya bazarı ilə münasibətlərinin prinsip etibarilə əsaslı surətdə yenidən qurulması ilə bağlı olmuşdur. Bu istiqamətdə müxtəlif beynəlxalq təşkilat və maliyyə-bank-kredit qurumlarının, o cümlədən Dünya Ticarət Təşkilatlatının (DTT) rolu yüksək qiymətləndirilməlidir.
Dördüncüsü, müasir beynəlxalq ticarət əlaqələrinin quruluşunda ciddi dəyişikliklər baş vermişdir. Bu struktur dəyişiklikləri, ilk növbədə ölkələrin xarici ticarət münasibətlərində xammal ilə hazır məhsullar və hazır məhsulların içində isə mütərəqqi texnika-texnologiyaya əsaslanan, elm tutumlu yüksək keyfiyyətli ixrac məhsullarının üstünlük təşkil etməsidir.
XX əsrin 50-ci illərində beynəlxalq ticarət əlaqələrində xammal, o cümlədən yanacaqla hazır sənaye məhsullarının nisbəti təxminən bərabər olmuşdu. XX əsrin sonlarında bu nisbət hazır məhsulların xeyrinə dəyişərək 70 faizin 30 faizə nisbəti kimi formalaşmışdır. Beynəlxalq ticarət əlaqələrinin quruluşunda payı 50 faizdən 30 faizə enən ərzaq, xammal, yanacağın cəmi 5 faizini xammal, 25 faizini isə yanacaq materialları təşkil etmişdi. Dünyanın xarici ticarət əlaqələrində hazır məhsulların payı sürətlə artaraq, XXI əsrin əvvəllərində 50 faizdən 70 faizə çatmışdır.
Bu sürətli artıma səbəb: a) kimya sənayesinin inkişafı nəticəsində yeni xüsusiyyətlərə malik sintetik materiallardan geniş istifadə olunması; b) yerli materiallardan daha geniş istifadə edilməsi; c) istehsal-xidmət dairəsində resurs qoruyucu texnologiyalardan yaradıcılıqla faydalanmaq xətti olmuşdu. Bu meyl indi də davam etməkdədir. Hazır ixrac məhsulları arasında maşın və avadanlıqlar, elektronika məhsulları, müxtəlif nəqliyyat vasitələri, kimya sənayesi malları üstünlük təşkil edir. Sonrakı yerləri qara və əlvan metallar, habelə toxuculuqməhsulları-parça, paltar, ayaqqabı və başqa sahələr tutur.
Beynəlxalq şirkətlərin, xüsusilə transmilli korporasiyaların çoxcəhətli fəaliyyət dairəsi onunla nəticələnmişdir ki, istehsalın ixtisaslaşması və kooperasiyası ölkələrin ticarət əlaqələrinə yeni bir təkan vermişdir. Hazırda dünyada milyonlarla adda məhsul istehsalı və xidmətlər göstərilməsi, beynəlxalq əmək bölgüsündə sahələrarası ixtisaslaşmadan, artıq sahələrdaxili ixtisaslaşmaya doğru meyllərin gücləndiyini təsdiq edir.
«Boinq-747» tipli təyyarənin istehsalı üçün on minlərlə hissə və material tələb olunursa, şübhəsiz bunları hər hansı bir istehsal sahəsində, hətta müəyyən bir dövlətdə hazırlamaq mümkün deyildir. Ona görə də ixtisaslaşma və kooperasiyanın genişlənib-dərinləşməsi, ölkələrin ticarətini, habelə xarici iqtisadi əlaqələrini yeni əsaslar üzərində qurmağı irəli sürür.
Müasir beynəlxalq iqtisadi-ticarət əlaqələri sistemində intelektual məhsullar qrupunun həcmi və xüsusi çəkisi artmaqdadır. ABŞ, Almaniya, Fransa, Yaponiya, İsveçrə kimi yüksək inkişaf etmiş dövlətlərin xarici ticarət əlaqələrinin 20-30 faizini bu tipli məhsullar, xüsusilə mikroelektronika məhsulları təşkil edir. Dünya ticarətinin 60 faizi yüksək inkişaf etmiş ölkələrin öz aralarındakı əlaqələrin payına düşür.
Maraqlıdır ki, ABŞ-nın xarici ticarət dövriyyəsinin ümumi həcmində ixracın 30-35 faizini xammal və kənd təsərrüfatı bölməsinin (aqro-biznes sahəsinin) məhsulları, 65-70 faizini isə müxtəlif təyinatlı sənaye məhsulları təşkil edir. Ölkəyə idxal olunan sənaye məhsulları içərisində əsas yeri neft, avtomobillər, elektronika məhsulları, məişət avadanlıqları ayaqqabı, paltar tutur. Başqa yüksək inkişaf etmiş ölkələrdə olduğu kimi, ABŞ-ın da ixrac kvotası nisbətən aşağı həddə olub, ölkənin ümumi daxili məhsulunun 10-12 faizini təşkil edir. Hazırda dünyanın ümumi ticarət dövriyyəsində ABŞ-ın payı (xüsusi çəkisi) təxminən 10 faizdir. Ölkənin xarici ticarət dövriyyəsinin həcmi mütləq rəqəmlərlə artsa da, lakin faiz etibarilə azalmağa doğru meyl edir.
Yaponiyanın xarici ticarət əlaqələrinin quruluşu ABŞ-dan fərqli formalaşmışdır. Ölkənin idxalının 75 faizini xammal, o cümlədən 98-99 faizini neft-yanacaq məhsulları təşkil edir. Yaponiyanın ixracında yüksək elm və kapital tutumlu sənaye sahələrinin istehsalı olan avtomobillər, iri tutumlu tankerlər, televizorlar, kompüterlər, elektronika məhsulları mühüm yer tutur. Dünya xarici ticarət dövriyyəsində Yaponiyanın payı 7 faizdir. Ölkənin ixrac kvotası 10 faiz və idxal kvotası 11 faiz təşkil edir. Yaponiyanın əsas xarici ticarət tərəfdaşı ABŞ-dır.
Başqa ölkələrin dünya ticarət dövriyyəsindəki mövqe və roluna gəldikdə, Almaniyanın xüsusi çəkisi 8-9 faiz, Fransanınkı 4-5 faiz, İngiltərəninki 3-4 faiz, Çininki 4-5 faiz, Kanadanınkı 3-4 faiz, İtaliyanınkı 3-4 faiz, Rusiyanınkı 1-2 faiz, Azərbaycanınkı 0,05 faizdir. Son illərdə Çinin xarici ticarət əlaqələri sürətlə artmaqdadır.