Halallıq və ya dişlənmiş alma
Bir cütcü Ərdəbildən gəldi dəstəmaz almağa. Gördü bir dənə alma gəlir, bu adam da dəstəmaz almağ istiyirdi, onu götürdü. Allahın cəhənnəm odu yadından çıxdı. Götürdü almanı dişlədi, yemədi ha! Lapdan fikirləşdi, vay, mən nağarmışam. Bu almanı mən dişlədim. Qiyamətdə mən nə cavab verəcəyəm? Dedi, axtarıb bunun yiyəsini tapacam. Üzü yuxarı getdi. Gördü bu almadan ağacda çox var. Həmin almadı. Fırlandı bu yannan gəldi, öz-özünə dedi ki, bu ev sahibi mənə lazımdı. Dedilər:
– Bağın sahibi Allahnan danışır, yəni namaz qılır.
Namazı qurtardı, bunu buraxdılar.
Dedi:
– Bu almanı bilməmişəm, dişləmişəm. Bu almanı, dedi, gəl alım.
Dedi:
– Yox. Eliyə bilmərəm. Dedi, mənnən öncə qardaşım var. Onundu, əgər mənim payıma düşsə, halal xoşun olsun. Qardaşımın payına düşsə, halal eliyə bilmərəm.
Gəldi onun qardaşını tapdı. Tapanda buna dedi:
– Baba, bilməmişəm bu almanı dişləmişəm. Sənin qardaşının yanına gəlmişdim ki, halal elə. Dedi ki, eləyə bilmərəm. Dedim, niyə? Dedi ki, mal mənim deyil, eliyə bilmərəm. Dedi, baba, iki il qalıb qapında nökər işlərəm. Bunu mənə halal elə.
Dedi:
– Eləmirəm.
Dedi:
– Nə qədər canım var, sənin qapında işlərəm. Bunu mənə halal elə.
Dedi:
– Eləmirəm.
Dedi:
– Nətər eliyim bunu sən mənə halal eliyəsən. Hələ yeməmişəm e, dişləmişəm.
Dedi:
– Onda bu şərtlə sənə halal eliyərəm.
Dedi:
– Nədi?
Dedi:
– Mənim bir qızım var. İki gözü kordu, qulağı kardı, əlləri çolağdı, beldən şildi, ayağı da topaldı, dili də laldı. Bunu al, mən sənə halal eliyim.
Allahın qorxusu gəldi. Durdu bunun fikrinə qarşı dedi:
– Yox, Allahdan qorxuram, bu qızı alacam. Alaram, bir kəniz bunu saxlıyar.
Aldı, axşam gəldi bəy otağına, gəldi gördü bir dənə dünya gözəli oturub, xanımlar – xanımı. Bu, dal-dalı çəkildi.
Dedi:
– Hara gedirsən?
Dedi:
– Sən kimsən, mənim otağıma girmisən? O, kişi ki mənə söz verib, sən o qız deyilsən.
Dedi:
– Mənəm, bura gəl. Allah məni sənə yetirib.
Dedi:
– Mənim atam deyib gözləri kordu, namərdə baxmamışam mən, atam deyib dili laldı, qiybət qırmamışam, atam deyib beli şildi, yəni əyilə-əyilə bir şey götürməmişəm, qulağları kardı, bir dənə pis söz eşitməmişəm, əlim çolağdı, bir şey oğurlamamışam, ayağım topaldı, ora-bura getməmişəm. Bu şeylər məndə olub. Ona görə Allah yaradıb məni sənin üçün.
Bu adamın onnan iki oğlu olur. Birinin adını qoyur Müqqəddəs, birinə də öz adını qoydu. O, Əhməd idi. Anası ona o qədər süd verərdi. Deyərdi, Pərvərdigara, Ağam İmam Hüseyinin ziyarətinə gedəndə birinci qapını mən açım. Dəstəmaz alıb süd verərdi. Bir dəfə bilmədi cənabatdı, qüsulsuz buna süd verdi. Vaxt oldu Əhməd Kərbəlaya gedəndə gördü Kərbəlanın qapıları bağlanıb. Dedi:
– Məni buraxın içəri, mən elə bir qadınnan bu qapıya gəlmişəm ki, gərək qapıda qalmıyam, girəm içəri.
Dedilər:
– Belə bir qadınnan indi olmaz, sabah gələrsən.
Anasını sabah gətirdi, özü gəldi, gəzdi gördü İmam Hüseynin qapısında adamlar var.
– Məni buraxın, oğlu Əhməd dedi.
Dedilər:
– Bu gün olmaz, sabah gələrsən.
Dedi:
– Mən bu qapıya gəlmişəm. Bura nətər girəceysən, bağlıdı. Dedi:
– Qapı sahibi, bilirsən mən kiməm? Mən o şəxsin oğluyam ki, atam bir dənə almanı dişləməyinən gəldi mənim anamı aldı. Mən o ailədən əmələ gələn oğlanam. Öz də anam həmişə mənə dəstəmazdı süd verib. Qapı açılsın, mən girim. Qapı açıldı, girdi içəri. Ağanı ziyarət elədi, çıxdı.
Dedilər:
– Sən İmamsan, ya hansı Peyğəmbərsən? Sən bu qapını açdın. İmam Hüseyinsən ki, qapını açdın, Əbəlfəzsən?
Dedi:
– Ədə, nə İmam, nə Peyğəmbər, mən bir adi adamam. Bunu sən də eliyərsən, əgər qəlbin düz olsa, qabağından su axar. Gedib suya desən dayan, dayanacaq.
Qapını bağladı, çıxdı gəldi. Bu arvad səhər ora gələndə qapını açanda dedilər ana, oğlun gəldi ziyarət eylədi. Bu necə oğlandı, gəldi ziyarət elədi. Nə? Oğlum gəldi. Mən demişdim birinci mən gedərəm. Oğul, sənə bir dəfə bilməmişəm qüsulsuz süd vermişəm. Yoxsa birinci qapını mən açmalıydım. (Qadınların gərək üzü açıq olmalıdır. Qadınların heç bir yeri görülməməlidir. Qadın qadındır. Kişi kişi. Qadın çox zərif bir adamdır. Qadın ləkə götürər, kişi götürməz.)
Qonaq
Bir adama qonağ gəlmişdi. Bu adam dedi ki, qaydadı belə, sən çörək yeyəndə “Bismillah” deyəndən sonra “İlahi, şükür” deməlisən.
O biri adam dedi:
– Yox mənim yetmiş yaşım var. Belə sözü deməmişəm.
Dedi:
– Madam ki, belədi, dur, mənim sənə verəcək çörəyim yoxdur.
Qonağ durub getdi. Allahdan nida gəldi ki, onun yetmiş yaşı var, çoxlu çörəyi var, gəlini var, ailəsi var. Sənin biraz çörəyini yeyəcəydi. Sən ona niyə çörək vermədin? Get, harda olsa, onu tap gətir. Qoy günorta yesin, getsin. Belə baxanda gördü ki, qonağ yolu alıb əlinə gedir. Bu adam gəldi çatdı qonağa. Dedi:
– Gəl gedək, çörək yeyək.
Dedi:
– Yox, getmirəm.
Çox elədi gəl gedək, dedi, getmirəm. Girdi atının qarnının altından keçdi. O, o kişini at qarışığ qoydu boynuna, gətirdi. Qoydu həyətinə. Dedi:
– Düş, çörəy yeyirsən?
Dedi:
– Yox. Bunun səbəbin mənə deyəcəksən. Axı sən mənə əvvəl çörəy vermədin. Soradan da ardımca niyə gəldin?
Dedi:
– Mənə Allahdan nida gəldi. Dedi ki, onun yetmiş yaşı var, dünyada bir şeydən ehtiyacı yoxdur. Həmi övlad, həmi ailə, həmi çörəy, bəs sənin biraz çörəyivi yesəydi nə olurdu, niyə vermədin? Get onu tap gətir, çörəyivi yesin. Qonağ çörəyi yedi.
Dedi:
– Mən də dönüb sizin dininizi qəbul edirəm. Deyin görüm siz nə eliyirsiz?
– Dedi:
– Allahımın elçisi var. Xəbər aparıb, xəbər gətirən. Allah yetmiş iki millət yaradıb. Ancağ Allah birdi.
O qonağ çörəyi yedi, sora Kəlmeyi-şəhadəti dedi, Kəlmeyi-təyyubəti dedi. Döndü oldu müsəlman. (Şıx Əhməddən eşitmişəm. Şıx Əhməd otuz iki nəfər uşağa dərs deyirdi. O cümlədən mən də uşağların içində idim. Bizə namaz öyrətdi, bizə “Yasin” öyrətdi, kəlmeyi-şəhadət öyrətdi. Belə-belə söhbətləri kəndin yaşlı arvadları gəlirdi söhbət eliyirdi. Mən də oturub onların söhbətlərini eşidirdim.)
Dostları ilə paylaş: |