[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
8.7. Dəri hissiyatı. Lamisə (taktil) reseptorları
İnsan və bir çox heyvanlarda dəri örtükləri somatosensor hissiyatda mühüm rol oynayan müxtəlif növ reseptorlarla zəngindir. Dəri reseptorları arasında mexaniki və termik qıcıqlara həssas olan reseptorlar daha geniş yayılmışdır. Dəridə olan mexanoreseptorlar lamisə (toxuma, taktil) duyğuları oyatmaqla yanaşı həm də dərialtı əzələlərə xas olan proprioreseptorlar ilə birlikdə nostural hissələrin-bədənin dinamik vəziyyətləri haqıqnda duyğuların formalaşmasında iştirak edir.
Taktil reseptorları toxunma, təzyiq, vibrasiya kimi qıcıqlara reaksiya verir və lamisə hissləri yaradır. Təzyiq hissi dərialtı toxumaların mexaniki deformasiyaları yaradır. Toxunma və təzyiq hissləri oyadan reseptorlara sensor stimullar mütəmadi olaraq təsir etdikdə dəridə titrəyiş hissləri meydana gəlir.
Bir sıra orqanlarla müqayisədə dəri hissi sinir lifləri ilə daha zəngin innervasiya olunmuşdur. Dəri reseptorlarının böyük əksəriyyəti hissi sinir liflərinin qıcıqlara həssas olan sərbəst uclarıdır. Bu növ reseptorlarla yanaşı dərinin ayrı-ayrı qatlarında və nahiyyələrində başqa tip reseptor törəmələr aşkar edilmişdir. Dərinin epidermis qatının altında Meysner cisimcikləri adlanan reseptorlar yerləşir. Onlar bədənin tüksüz dəri sahələrində (ovucda, ayaqaltında, dodaqlarda, süd vəzilərinin məməciklərində və s.) lokallaşmışdır. Bu reseptorlar aşağı tezlikli vibrasion təsirlərə, dəri üzəri ilə hərəkət edən obyektlərin qıcıqlandırmalarına çox həssasdılar. Ovuc və ayaqaltı dərisinin bazal təbəqəsində Merkel
376 diskləri adlanan başqa tip reseptor hüceyrələrə də rast gəlinir. Onlar dəridəki tüklərin follikullarında lokallaşırlar, toxunma reseptorlarıdır, dəri səthində hərəkət edən obyektlərin təsirlərinə həssasdırlar. Funksional xassələrinə görə Meysner reseptorlarına bənzəyir.
Dərinin dərin qatlarında və dərialtı hüceyrəli toxumada FaterPaçini cisimləri adlanan iri inkapsulyar reseptorlar yerləşir. Bu tip reseptorlar əsasən barmaqlarda, xarici cinsi orqanlarında və süd vəzilərində lokallaşırlar. Onlar dəridə və dərialtı toxumalarda tez baş verən vibrasiyaları və digər mexaniki dəyişiklikləri tutur və tez adaptasiya olunurlar. Dəridə Ruffini cisimcikləri və Krauze kolbacıqları adlanan hissi törəmələr də mövcuddur. Onlar inkapsulyar mexanoreseptorlara aiddir, bədən səthinin torlu təbəqəsində oynaq kapsulalarında lokallaşırlar. Ruffini cisimcikləri dəri bərk basıldıqda, ona güclü və uzunmüddətli təzyiq olduqda oyanır, qıcıqlara yavaş adaptasiya olunur. Krauze kolbacıqları Paçini cisimcikləri kimi dəri deformasiyaları, dəriyə təkrar mexiniki təsirlər zamanı fəallaşır, qıcıq təsiri kəsiləndən sonra da bir müddət sinir impulslar göndərməkdə davam edir
(şəkil 8.8).