CÜMLƏNİN BAŞ ÜZVLƏRİ: MÜBTƏDA VƏ XƏBƏR
Plan
1.Cümlə üzvləri haqqında məlumat
2.Cümlənin baş üzvləri
3.Mübtəda haqqında məlumat
4.Mübtədanın ifadə vasitələri
5.Xəbər haqqında məlumat
6.Xəbərin ifadə vasitələri
Ədəbiyyat
1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov.Müasir Azərbaycan dili. Sintaksis IV hissə, Bakı, Maarif, 2007.
2. Müasir Azərbaycan dili. III cild-sintaksis, Elm, 1981.
3.Q.Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət, 2000.
Ünsiyyət ən kütləvi vasitəsi olan cümləni ətraflı öyrənmək üçün cümlə üzvlərini, onların struktur-semantik xüsusiyyətlərini öyrənmək lazımdır. Sadə cümlənin əsasını bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr təşkil edir. Bu cür sözlər və birləşmələr sintaktik səviyyədə cümlə üzvü adlandırılır. Məs: Gənc döyüşçü tüfəngini yavaşca ağacdan asdı cümləsinə diqqət yetirək. Bu cümlədə sözlər arasında həm məna, həm də qarmmatik əlaqə özünü göstərir.
Döyüşçü- asdı uzlaşma, predikativ əlaqəsi
Gənc-döyüşçü atributiv, yanaşma əlaqəsi
Tüfəngini-asdı obyekt, idarə əlaqəsi
Ağacdan-asdı obyekt, idarə əlaqəsi
Yavaşca-asdı yanaşma, relyativ əlaqə
Göründüyü kimi, sözlər arasında tabelilik yolu ilə bu cümlədə beş sintaksis yaranmışdır. Xəbər mübtədaya tabe olmuş, onunla uzlaşmışdır. Tamamlıqlar (tüfəngini, ağacdan) idarə yolu ilə xəbərə tabe olmuşdur. Gənc sözü mübtədaya, yavaşca söz isə yanaşma yolu ilə xəbərə tabe olmuşdur.
Cümlə üzvlərini öyrənmək üçün:
a)onların sintaktik vəzifələrini:
b)ifadə vasitələrini:
c)aralarındakı sintaktik əlaqə üsullarını:
d)quruluşunu:
e)sintaktik suallarını:
f)daxili növlərini müəyyənləşdirmək vacibdir.
Cümlə üzvləri həm nitq hissələri, həm də söz birləşmələri ilə ifadə olunur. Məs:Sinfin qapısı açıq idi-cümləsində sinfin qapısı söz birləşməsi olub mübtəda vəzifəsində işlənir. Xəbər isə nitq hissəsi ilə ifadə olunub.
Nitq hissələrinin cümlə üzvü vəzifəsində çıxış etməsi özünü iki halda göstərir.
Nitq hissələri öz əsas funksiyasında və əlavə funksiyalarda çıxış edir.
Nitq hissələrinin əsas funksiyası o deməkdir ki, əsas nitq hissələrinin hər biri sanki təbiət etibarilə bu və ya digər bir cümlə üzvünə təhkim olunmuşdur və əksərən təbii şəkildə həmin vəzifədə çıxış edir. Morfologiya bəhsində qeyd etdik ki, hər bir nitq hissə müəyyən cümlə üzvü ola bilir. Məs:mübtəda üçün adlıq halda tamamlıq üçün yönlük təsirlik, yerlik və çıxışlıq hallarında olan isim və əvəzliklər, xəbər üçün şəxsi fellə, təyin üçün sifətlər, saylar və feli sifətlər, zərflik üçün zərf və feli bağlamalar səciyyəsi ifadə vasitəsidir. Bu əsas sintaktik vəzifəni dəyişdikdə nitq hissələrinin təbiətində semantik dəyişiklik əmələ gəlir. Məs: isim təyin vəzifəsində işləndikdə atributivləşir, sifət mübtəda və tamamlıq vəzifəsində substantivləşir, zərflik vəzifəsində adverbiallaşır və s. Bu xüsusiyyət söz birləşmələrinə də aiddir. Belə ki, mübtəda və tamamlıq üçün substantiv birləşmələr təyin üçün atributiv, zərflik üçün adverbial birləşmələr əsas ifadə vasitələridir.
Cümlə üzvləri quruluşca sadə və mürəkkəb olur. Nitq hissələri ilə, frazeloji vahidlər ifadə olunan üzvlər sadə, ismi və feli birləşmələrlə ifadə olunan üzvlər isə mürəkkəb olur. Cümlə üzvləri adətən bir sintaktik suala cavab verir. Morfoloji sualla sintaktik sualı eyniləşdirmək olmaz. Nitq hissələri əsas sintaktik vəzifələrində işləndikdə onların morfoloji və sintaktik sualları uyğun gəlir. Əlavə funksiyada çıxış etdikdə isə suallar fərqlənir. Məs: həyat bir dastana bənzər əzəldən. Cümləsində həyat (nə?), dastana (nəyə?), sözləri isimdir. Həyat mübtəda, dastana isə tamamlıq vəzifəsində işlənib. Ona görə də bu sözlərin həm morfoloji, həm də sintaktik sualları eynidir. Lakin “Atam mənə qızıl üzük bağışladı” cümləsində vəziyyət başqa cürdür. Cümlədə işlənən qızıl sözü (isim) təyin vəzifəsində işlənmiş, atributivləşmişdir. Ona görə də morfoloji sualı ilə (nə?) sintaktik sualı (necə?) fərqlənir. Söz birləşmələrini komponentləri də ayrılıqda morfoloji suala, birlikdə bir sintaktik suala cavab verir.
Cümlə üzvlərinə sual vermək həmişə mümkün deyil. İfadə vasitələrindən asılı olaraq, bəzi üzvlərə sual vermək olmur. Məs: kim çəkir gənc yaşında gecə beşik başında körpələrin nazını?
Cümlə üzvlərindən bəhs edərək qeyd etdik ki, beş üzv sabitləşmişdir. Bunlarda mübtəda və xəbər baş üzvlər, tamamlıq, təyin və zərflik ikinci dərəcəli üzvlərdir. Baş üzvlərdən mübtəda ən müstəqil üzv hesab olunur. Baş üzvlər cümlənin struktur əsasını təşkil edir. Mübtəda-xəbər əlaqəsi nəticəsində cümlədə predikativlik və fikir bitkinliyi yaranır. İkinci dərəcəli üzvlərin sintaktik-semantik funksiyası da yanlız baş üzvlər əsasən müəyyənləşir.
İkinci dərəcəli üzvlər baş üzvləri müxtəlif cəhətdən izah edir, aydınlaşdırır, tamamlayır, cümləni genişləndirir.
Mübtəda-cümlənin fikir özülünü təşkil edən, hərəkət və əlaməti xəbər vasitəsilə müəyyənləşən, adlıq hal formasında substantiv söz və birləşmələrlə ifadə olunan kim? nə? bəzən də hara? suallarından birinə cavab verən baş üzvdür.
Mübtədanın əsas xüsusiyyətləri: cüttərkibli cümlənin baş üzvüdür, qrammatik cəhətdən tam müstəqildir və heç bir üzvdən asılı deyil, cümlənin fikir özülünü, fikir predmentini bildirir, əlamət və xüsusiyyətləri xəbərlə, xəbər zonası ilə müəyyənləşir adlıq hal formasında olur, substantiv nitq hissələri və söz birləşmələri ilə ifadə olunur. kim? nə? bəzən də hara? sualına cavab verir, adətən cümlənin əvvəlində işlənir, təyin yanaşma, xəbəri uzlaşma yolu ilə özünə tabe edir.
Mübtəda-ərəb sözü olub, ibtidai başlanğıc mənasında işlənir, cümlənin dominant üzvüdür. Başqa üzvlərdən daha müstəqil olan xəbər özü də mübtədadan asılıdır, çünki mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşır. Mübtədanın predment mənası çox genişdir. Şəxs bilirməklə yanaşı, bütün digər canlı və cansız varlıqları, mücərrəd anlayışları ifadə edir.Məs:
Səməd çox yorğun idi
Quşlar uçdu əkildi, vay, səsləri kəsildi.
Sükut insanda qəribə duyğular oyadır
Yarpaqlar küləyin təsirindən yerə tökülürdü.
Mübtədanın əsas ifadə vasitələri isim və əvəzliklərdir. İsimlər cümlədə mübtəda vəzifəsində daha çox işlənir. Belə ki, hər cür quruluş və növ xüsusiyyətinə malik olan isimlər, yəni sadə, düzəltmə, mürəkkəb, konkret və mücərrəd, ümumi və xüsusi, tək cəm və toplu isimlər cümlədə mübtəda vəzifəsində işlənə bilir.
Məs: Xavər bizdən əvvəl oraya gəlmişdi.
Uşaqlar ayağa qalxıb qoca müəllimlərini qarşıladılar
Nərgiz ki göz açdı bağə girdi,
Bir baxmağınan özünü itirdi
Poeziya insanın qəlbindən qopub gələn sinfoniyadır.
Əvəzliklər də mübtəda vəzifəsində daha çox işlənir. Şəxs əvəzlikləri ilə yanaşı qayıdış əvəzliyi, bəzi sual əvəzlikləri, qeyri-müəyyənlik bildirən əvəzliklər- ki şəkilçisi yiyəlik əvəzlikləri də mübtəda vəzifəsində cümlənin predmentini ümumi və qeyri-müəyyən şəkildə ifadə edir. Şəxs əvəzlikləri, xüsusən birinci və ikinci şəxs konkret şəxs ifadə edərək kim sualına, üçüncü şəxs isə əslində substantivləşən işarə əvəzliyi olduğundan insan məfhumu bildirib-bildirməməsindən asılı olaraq həm kim? həm də? nə? sualına cavab olur. Məs: mən orada uşaqlara bizim kəndin məktəbini son nəfəsinə kimi müdafiə etmiş bir qəhrəman hekayəsini danışacağam. O mənə nə isə demək istəyirdi.
Mübtədanın ifadə vasitələri içərisində məsdər xüsusi yer tutur. Məsdər hərəkətin adını bildirir, məzmununda isə isim və felin xüsusiyyətlərini mühafizə edir. Hərəkətin adını bildirməsi onun adlıq halda mübtəda vəzifəsində işlənməsinə imkan yaradır. Məs: yaşamaq öz-özlüyündə bir məqsəddir. Artıq yola düşmək gec idi
Sifətlər öz əsas sintaktik vəzifələri zamanı təyin rolunda işlənir, lakin substantivləşdikdən sonra mübtəda da ola bilir. Məs: tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.
Ölkəmizdə açılıbdırmı qiraətxanə?
Tazələr açılmış idi, qoyduq onu viranə
Miqdar sayları əşya adı bildirən sözlə işlənmədikdə bir növ miqdar adlarını bildirir. Semantikasında substantivlik-konkret əşya mənası aydın dərk olunmasa da abstrakt məna güclü olsa da, cümlədə adlıq halda mübtəda vəzifəsində işlənir. Məs: Çoxları onun xasiyyətinə dair vaxtilə söylənən əfsanələrə indi inanmır. Beş üçdə çoxdur.
Sıra sayları adətən konkret əşya bildirən sözlərlə bağlı olduğu üçün substantivləşdikdə əşya məzmunu daha aydın dərk olunur. Məs: Beşincilər müsabiqədə birinci oldular.
Felin obyektiv forması olan feli sifətlərin isimləşərək mübtəda vəzifəsində işlənməsi onların fel və sifət xüsusiyyətlərini saxlayaraq əşya mənası kəsb etməsi ilə bağlıdır. Məs:Yaxşı oxuyanlar imtahanlardan uğurla çıxa bildilər.
Zərflərin də bir qismi atributivləşmə- substantivləşmə əsasında cümlədə mübtəda vəzifəsində işlənir. Məs: Yuxarı qaranlıq idi. Harda olsan, ora dönər behiştə.
Mübtədanın ifadə vasitələri içərisində frazeoloji vahidlər də var. Məs: Cibi dolular kefi köklər heç kimə məhəl qoymurdular.
Mübtədanın ifadə vasitələri içərisində söz birləşmələri xüsusi yer tutur. Mübtəda əsasən aşağıdakı söz birləşmələri və tərkiblərlə ifadə olunur.
1.Təyini söz birləşmələri ilə
2.Məsdər tərkibi ilə
3.Feli sifət tərkibi ilə
Qarşılıqlı tabelilik əlaqəsində olan ismi birləşmələr mübtədanın ən mühüm ifadə vasitələrindəndir. Məs: Ev sahibəsi qapını açıb, onları içəri buraxdı.
Dağın quzeyi meşəlik idi.
Mübtəda vəzifəsində işlənən feli tərkiblərinin əsas tərəfi substantivləşməsi olur.Məs: İndi gündüz işığında gördükləri onu daha da sarsıtdı.
Məsdər tərkibləri mübtəda olub, nə? sualını tələb edir. Məs: yaxşı igidin atını aparmaq, enu el içində xar etmək idi.
Mübtəda quruluşca iki növ olur.
1)Sadə mübtədalar: 2)Mürəkkəb mübtədalar
Sadə mübtədalar leksik vahidlərlə, başqa sözlərlə, yəni nitq hissələri ilə ifadə olunan mübtədalardan ibarətdir.
Sintaktik vahidlərlə, daha doğrusu, təyini söz birləşmələri, məsdər və feli sifət və s. tərkiblərlə ifadə olunana mübtədalar isə mürəkkəb mübtədalar adlanır. Məs: Arabaçı çiyinlərini çəkərək uzaqlaşdı. Yadlar mərhmətinə sığışmaq od gəlininə yaraşmaz.
Cümlənin baş üzvlərindən biri də xəbərdir. Xəbər cümlənin baş üzvü olub, fikir predmentini hərəkət və ya əlamətini bildirir. Xəbər aşağıdakı xüsusiyyətlərə malikdir.
Cümlənin baş üzvüdür, cüttərkibli cümlələrdə yanlız mübtədadan asılıdı uzlaşma yolu ilə mübtədaya tabedir, təktərkibli cümlənin ən müstəqil üzvüdür, zaman şəxs, modallıq xüsusiyyətlərinə malik olur, ədəbi dil normalarına əsasən cümlənin sonunda işlənir, şəxsli fellərlə, adlarla, ismi və feli birləşmələrlə ifadə olunur.
Cümlədə mübtədaya yanlız fikir predmentini adlandırır və həmin predment haqqında heç bir məlumat vermir. Fikir predmenti haqqında məlumatı xəbər vasitəsilə alırıq. Xəbər fikir predmentini səciyyələndirir, onun hərəkət, işi, müxtəlif xüsusiyyətləri barədə məlumat verir. Məlumat müəyyən zaman və şəxslə bağlı olub, modal münasibət ifadə edir.
Cümlədə xəbər və mübtədanın əlaqələnməsi xəbərlik kateqoriyasının və bunun da höküm və fikirlərin ifadəsini yaradır. Hökm və fikir xəbər vasitəsilə ya təsdiq, ya da inkar edilir. Xəbərlik kateqoriyası ya morfoloji əlamətlərlə, ya da morfoloji əlamətlərlə əmələ gəlir. Bu cəhətdən xəbərlik analayışının ifadə tərzini iki yerə bölmək olar.
1)Morfoloji üsul: 2)Sintaktik üsul:
Azərbaycan dilində xəbərin morfoloji üsulla ifadəsi daha geniş yayılmışdır. Bu üsul xüsusi morfoloji vasitələrin-xəbərlik şəkilçilərinin bütün nitq hissələrinə və eləcə də söz birləşmələrinə artırılması ilə xəbər əmələ gətirilməsindən ibarətdir. Qeyd olunan əlamətləri xəbərdən atsaq bu zaman xəbərlik kateqoriyası pozulur və cümlələr müəyyən bir fikir və hökm ifadə etməyən söz yığımına çevrilər. Məs: Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş, Ey gözüm qan ağla, kim, çeşmi-xumarım gəlməmiş.
Xəbərin sintaktik üsulla ifadəsi morfoloji əlamətlərsiz, daha doğrusu, sözləri sırası və intonasiya vaitəsilə əmələ gəlir. Bu növ xəbərlərə felin əmr şəklinin ikinci şəxs təki ilə ifadə olunan feli xəbərləri, müqayisə edilən və bununla da iştirakı vacib olan subyektlərə aid bəzi ismi xəbərləri, həmçinin yığcamlıq, təsirlik məqsədi ilə üslubla əlaqədar bəzi frazeoloji ifadələri, xüsusən var, yox, lazım, deyil, gərək sözlə ilə ifadə olunan ismi xəbərləri aid etmək olar. Məs: əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. Aləmə vəlvələ salmaq lazım, quruluş şairi olmaq lazım!
Xəbər öz ifadə vasitələrinin genişliyinə və rəngarəngliyinə görə başqa cümlə üzvlərindən seçilir. Əgər mübtəda və tamamlıq yanlız substantiv söz və söz birləşmələri ilə təyin atributiv söz və söz birləşmələri ilə, zərflik isə əsasən, adverbial söz və söz birləşmələri ilə ifadə olunursa, xəbər bunların hamısı ilə ifadə olunur. İfadə vasitələrinə görə xəbərin bu genişliyi onun cümlədə ən zəruri qrammatik kateqoriya olmasından irəli gəlir.
Xəbər ifadə vasitələrinə görə iki növə ayrılır:
1)Feli xəbərlər:
2)İsmi xəbərlər:
Feli xəbərlər yanlız fellə olunur. Bununla belə, feli xəbərin özünəməxsus geniş forma və məna xüsusiyyətləri mövcuddur. Fel zaman, şəxs, təsirlik, növ, forma inkarlıq və tərz kateqoriyalarına malik olmaqla daha çox predikativlik əlaqəsi yaradır və cümlədə adətən, xəbər olur.
Feli xəbər felin əmr, xəbər, vacib, arzu, lazım, davam və şərt formaları ilə ifadə olunur. Xəbər forması ilə ifadə olunan xəbərlər hər üç zaman, qalan formalarla ifadə olunanlar isə gələcək zamana aid olan işi bildirir. Məs: mən sevirəm vətənimi dağlarını, düzünü. Gərək günəş dağları açıb sönməyəydi. Gərək mənim dönmüş taleyim dönməyəydi (arzu). Mən də qardaş, sənin kimi dağ aşmalıyam (vacib). O, dünən bizə xəbər verəsiymiş (lazım).
Fel formaları ilə ifadə olunan xəbərlər müstəqil xəbər kimi işləndiyi halda, şəxs forması ilə ifadə olunanlar asılı xəbər olur və özündən sonra baş cümlə tələb edir.
Məs:Ana, ay ana, mən getmirəm, çarpayımdan ayrılsam, sağalmaram, ana.
Feli xəbər etmək, eləmək, olmaq bilmək, başlamaq felləri ilə də ifadə olunur. Bu sözlər az hallarda müstəqil xəbər kimi çıxış edir. Məs: biz işə başladıq. Mən sənin nə deyəcəyini bilirəm.
Etmək, eləmək, olmaq sözləri müstəqil xəbər kimi çıxış etdikdə obyekt bildirən söz tələb edir. Etmək, eləmək, olmaq sözləri qeyri-müstəqil fel kimi daha çox işlənir başqa bir sözlə, xüsusən adlarla birləşərək mürəkkəb fellər əmələ gətirir və cümlənin sadə feli xəbəri vəzifəsində çıxış edir. Məs: o çiçəklərin ətri adamı bihuş edirdi. Əmir Teymur sizin ocaqla bağlı olub.
Feli xəbər feli frazeoloji vahidlərlə daha çox ifadə olunur. Məs: tanrıdan bircə diləyim vardı, onu da ürəyi qövr eləyəndə dilinə gətirərdi.
Bütün bunlar həm də sadə feli xəbərlərdir. Mürəkkəb feli xəbər daha çox sabit feli birləşmələrlə ifadə olunur. Asılı məsdərin başlamaq, istəmək, bilmək, olmaq sözləri ilə əlaqəsi mürəkkəb feli xəbərin mühüm ifadə vasitələrindəndir. Məs: Yavaş- yavaş ona tərəf gəlməyə başladı.
Dilimizdə a-ə şəkilçili fellə bilmək sözünün birləşməsindən ibarət olan mürəkkəb xəbərlər ikinci komponentin qrammatik semantikası əsasında subyektin işi icra edə bilib-bilməməsi prosesini aydınlaşdırır. Məs:Təzə qohumlarla ağıllı-başlı tanış ola bilməmişlər.
Feldən başqa, digər nitq hissələri və söz birləşmələri ilə ifadə olunan xəbərlər ismi xəbər adlanır. İsmi xəbərlər də quruluşca sadə və mürəkkəb olur. Sadə ismi xəbər sadə, düzəltmə və mürəkkəb sözlərlə-isim, sifət, say, əvəzlik, feli sifət, məsdər və zərflərlə ifadə olunur.
İsimlər təsirlik hal müstəsna olmaqla, bütün qalan hallarda xəbər vəzifəsində işlənə bilir. Məs:
Vətən mənə bir qürbətdir.
Məni vaxtsız qocaldan da
Bu ayrılıq, bu möhnətdir.
Sadə, düzətlmə və mürəkkəb sifətlər sadə ismi xəbər vəzifəsində işlənir. Məs: Təmizdir vicdanım, ucadır adım
Mehribandır qucağım, saf vicdanım böyükdür
Xəbərlər sayların bütün məna növləri ilə ifadə olunub, mübtədaya aid kəmiyyət sıra və s. ifadə edir. Məs:
Pəri çoxdur, nə fayda, heç birinin,
Adamlıq ədası hayıf ki yoxdur
Kim isə, nə isə tipli bəzi əvəzliklər müstəsna olmaqla, əvəzliyin əksər növləri cümlədə xəbər vəzifəsində işlənir. Məs: dəniz mənim, hava mənim, torpaq mənim, göy mənim.
Zərf də cümlədə sadə ismi xəbər kimi çıxış edir. Məs: yoxsa bir vaxt ayrılacaqsınız ki, gecdir.
Məsdərlər ismi xəbər kimi çıxış edir və başqa ismi xəbərlərdən fərqli olaraq cəm şəkilçisi qəbul etmir. Məs:yaşamaq yanmaqdır, yanasan gərək
Qoşmalar qoşulduğu sözlərlə birlikdə cümlənin sadə ismi xəbəri vəzifəsində işlənir. Məs: Qızılgül kimdir isti yanaqlar
Var, yox, lazım, gərək mümkün, bəs sözləri cümlədə müstəqil ismi xəbər kimi işlənə bilir.Məs:
Zəncirin yox, qalan yox,
Yurdsuz anan, balan yox.
Bunlar hələ bizə bəsdir.
Substantiv formada köməkçi nitq hissələri də xəbər ola bilər. Məs:Bağlayıcılardan biri də “və”dir.
İsmi xəbərin mürəkkəbi daha çox qarşılıqlı tabelilik əlaqəsində olan ismi birləşmələrlə ifadə olunur. Məs:Gələn məktəbin direktorudur.
Məsdər, feli sifət tərkibləri də mürəkkəb ismi xəbər vəzifəsində işlənə bilir. Məs:İndi burada mən dərs deyənəm, bir də vətəndaşam. Kapitanın qapısından həyat ummaq əjdahanın ağzından nicat ummaq deməkdir.
Dostları ilə paylaş: |