İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləməsi yolu əsasında formalaşan sintaktik vahidə söz birləşməsi deyilir.
Söz birləşməsi də söz kimi dilin nominativ vasitələri sahəsinə aid olub əşyaları, hadisələri, prosesləri və s. bildirir. Söz birləşmələri sintaktik mövqeyinə, cümlədəki roluna və mənasına görə sözə yaxınlaşır.Söz kimi cümləyə tikinti materialı olaraq daxil olur. Lakin bu oxşarlıq söz birləşməsi ilə cümləni eyniləşdirmir. Söz birləşmələri ilə sözlər arasındakı fərqlər aşağıdakılardan ibarətdir:
-söz leksik, söz birləşməsi sintaktik vahiddir, yəni sözlər əşya və hadisələri təklikdə, söz birləşməsi isə qrammatik əlaqə yolu ilə ifadə edir:
-söz təklikdə ümumi və geniş mənaya malik olur: məcazilik, çoxmənalılıq və omonimlik əsasında yaranmış bütün mənaları özündə cəmləndirir. Lakin birləşmə daxilində sözün mənası daralır, konkretləşir, dəqiqləşir, mümkün olan mənalardan biri nəzərdə tutulur: məs: kitab-dərs kitabı, saat-qol saatı.
-sözlərdən fərqli olaraq, birləşmələrin əsas və asılı tərəfləri olur: məs: ağ kağız, kitab oxuyan, gözəl qız birləşmələrinin birinci tərəfi asılı, ikinci tərəfi əsas tərəfdir.
–söz səslərdən, söz birləşməsi isə sözlərdən yaranır, buna görə də söz birləşmələrindən asılı tərəf əsas tərəfi konkretləşdirmək və müəyyən cəhətdən dəqiqləşdirməklə bitkinliyin yaranması üçün dil materialını müəyyən mərhələyə qədər hərəkətə gətirmiş olur.
Bütün bunlar göstərir ki, sözlərlə söz birləşmələrini fərqləndirmək o qədər də çətin deyildir. Lakin sözlərin elə bir qrupu vardır ki, onlar söz birləşmələrinə daha yaxındır. Həmin söz qrupu mürəkkəb sözlərdən ibarətdir. Söz birləşmələri ilə mürəkkəb sözlər arasında yaxınlıq daha çoxdur.
-həm söz birləşmələri, həm də mürəkkəb sözlər ən azı iki müstəqil sözün birləşməsi yolu ilə əmələ gəlir:
-söz birləşmələri və mürəkkəb sözlər eyni nitq hissələrindən formalaşır:
-söz birləşmələri və mürəkkəb sözlər eyni sintaktik əlaqələrlə formalaşır:
-hər ikisində söz sırası eyni olur
Bu cür yaxınlığa səbəb söz birləşmələrinin mürəkkəb sözlər üçün baza rolunu oynamasıdır. Yəni mürəkkəb sözlər söz birləşmələrinin bəzi quruluş modelləri əsasında formalaşır. Uzun saç-uzunsaçlı, uca boy-ucaboylu və s.
Dil daim inkişaf edir və tədricən dəyişir. Vurğunun dəyişməsi ilə söz birləşməsindən mürəkkəb sözə çevrilən sintaktik vahidlər çoxdur. Məs: Onun gözləri önündə yendə də qara qaşlı, qara gözlü balaca Sabir canlanırdı. Qara qaşlı, qara gözlü birləşmələrinin mürəkkəb sözə çevrilməsi üçün tərəflərin birlikdə bir vurğu ilə tələffüzü kifayətdir.
Bunlara baxmayaraq, söz birləşmələri ilə mürəkkəb sözləri fərqləndirmək mümkündür.
-söz birləşmələrinin tərəfləri müstəqil leksik-qrammatik mənaya malik olur:
-söz birləşmələrinin tərəfləri arasında sintaktik əlaqələr canlı və mütəhərrikdir, mürəkkəb sözlərdə isə sintaktik əlaqələr öz əhəmiyyətini itirmiş olur: məs: xoş söz-yanaşma, məktəbə gedən-idarə. Lakin xoşbəxt sözündə yanaşmadan danışmaq olmaz.
-söz birləşmələrinin tərəflərinin hər biri müstəqil sintaktik suala cavab verir, mürəkkəb sözün tərəfləri birlikdə bir suala cavab verir: xoşbəxt (necə?).
-söz birləşmələrinin tərəfləri müstəqil vurğuya malik olur: xoş söz, mürəkkəb sözün tərəfləri birlikdə bir vurğu ilə tələffüz edilir: xoşbəxt.
Söz birləşməsi ilə cümlə də dilin biri digərindən asılı olmayan, lakin bir-biri ilə çox yaxından bağlı olan sintaktik vahidləridir. Bunların hər ikisi sözlər əsasında əmələ gəlir. Həm söz birləşməsindən, həm də cümlədə real varlıqdan doğan münasibətlər-əşyalar arasındakı, əşyalarla əlamətlər, hərəkətlər və s.arasındakı münasibətlər ifadə edilir. Kağızı cırmaq-kağızı cırdı hər ikisində kağız əşyasının cırmaq hərəkətində münasibəti ifadə edilir.
Söz birləşmələrini əmələ gətirən sözlər arasındakı qrammatik əlaqələrlə cümlədəki qrammatik əlaqələr də bir-birinə uyğun gəlir. Evə getmək-evə gedir-idarə əlaqəsi, maraqlı kitab-maraqlı kitabdır-yanaşma əlaqəsi özünü göstərir.
Həm cümlədə, həm də söz birləşməsində sözlər eyni ardıcıllıqla sıralanır. Əli gələndə-Əli gəlir və s.
Söz birləşmələri ilə cümlə arasındakı əsas fərq onların mənası ilə əlaqədardır. Cümlə bitmiş fikri ifadə edən nitq vahididir. Söz birləşməsi isə heç bir bitmiş fikri ifadə etmir. Cümlədə sözlər dinamik xarakter daşıyır, fəaliyyət göstərir. Söz birləşməsində və onu təşkil edən ayrı-ayrı sözlərdə belə dinamiklik yoxdur. Cümlə üçün iki mühüm əlamətin varlığı vacibdir. Predikativlik və cümləyə məxsus intonasiya.
Cümlə ilə söz birləşməsini fərqləndirən digər əlamət isə modallıqdır. Ümumiyyətlə, cümlənin imkanları söz birləşməsinin imkanlarından çox-çox genişdir.
2.Söz birləşmələrinin komponentlərinin leksik-semantik əlaqəsi, bu əlaqənin xüsusiyyəti və xarakteri söz birləşmələrinin müəyyənləşməsində mühüm rol oynayır. Sözlərin bir-biri ilə əlaqəsi və onların ifadə etdiyi məna xüsusiyyətlərinə görə söz birləşməsi 2 qrupa bölünür.
1.Əsas söz birləşmələri: 2.Sabit söz birləşmələri
Dostları ilə paylaş: |