Riski hesablamaq üçün məlumatlar bankını yaratmaq və bunlardan müəssisə, region şəraitində istifadə etmək tələb olunur. Bu məqsədlə təhlükəsizliyin sistemli təhlili aparılmalıdır.
Təhlükəsizliyin sistemli təhlili mürəkkəb problemlərin həllini əsaslandırmaq üçün istifadə olunan metodoloji vasitələrdən ibarətdir. Sistem dedikdə müəyyən nəticəyə nail olmaq üçün qarşılıqlı əlaqəli komponentlərin toplusu başa düşülür. Bu komponentlər maddi obyekt olmaqla yanaşı, həm də münasibət və əlaqələr kimi nəzərdə tutulur. Hər hansı saz maşın texniki sistemə misal ola bilər. Bir elementi insan olan sistem erqatik sistem adlanır. Erqatik sistemə “insan-maşın-ətraf mühit” misal ola bilər.
Sistemin mahiyyəti hadisələrə sistemi təşkil edən komponentlərin qarşılıqlı əlaqəsinin nəticəsi kimi baxır. Məsələn, yanma (yanğın) hadisəsinə, yanan maddə, oksidləşdirici mühit və yanma mənbəyini təşkil edən və qarşılıqlı əlaqəyə malik komponentlərdən ibarət sistem kimi baxmaq lazımdır. Əgər bu komponentlərdən biri aradan götürülərsə sistem pozulacaq və hadisə baş verməyəcək, yəni yanma prosesi olmayacaq.
Sistemli təhlilin metodoloji prinsipi nəzəri və təcrübi elementlərlə yanaşı şəxsiyyətin dəqiq formalaşmış təcrübəsi və duyma qabiliyyətinə də əsaslanır.
Təhlükəsizliyin sistemli təhlilində məqsəd xoşagəlməz hadisələrin (qəza, yanğın, fəlakət və s.) baş verməsinin səbəblərini aşkar etmək və onların qarşısını almaq, yaxud baş vermə ehtimalını azaltmaq üçün tədbirlər hazırlamaqdan ibarətdir.
Təhlükəsizliyin təhlili aprior, yaxud aposterior üsullarla, yəni xoşagəlməz hadisələrə qədər, yaxud hadisə baş verdikdən sonra yerinə yetirilə bilər. Hər iki halda, istifadə olunan üsul birbaşa və tərsinə ola bilər.
Aprior təhlildə tədqiqatçı sistemə aid potensial mümkün ola bilən xoşagəlməz hadisələri seçir və onların baş verməsinə gətirib çıxara bilən müxtəlif şəraitlər toplusunu tərtib edir.
Aposterior təhlili xoşagəlməz hadisələr baş verdikdən sonra aparılır və gələcək dövr üçün tövsiyələr hazırlayır.
Birbaşa təhlil üsulunda hadisələrin nəticəsini qabaqcadan görmək məqsədi ilə hadisələrin səbəbləri öyrənilir. Tərsinə təhlil üsulunda hadisələrin səbəblərini müəyyən etmək üçün onun nəticələri öyrənilir. Təhlil yekunlaşdırıcı hadisədən başlanır. İlkin hadisələrin yaranma tezliyini və ehtimalını aşağıdan yuxarıya doğru öyrənməklə yekunlaşdırıcı hadisənin yaranma ehtimalını təyin etmək olar.
Təhlükəsizliyin təhlilində əsas problem sistemin parametrlərinin və sərhədlərinin müəyyən olunmasıdır. Əgər sistem həddindən artıq məhdudlaşırsa, onda alınan xəbərdarlıq tədbirləri dağınıq və sistemsiz halda olur və bu halda bəzi qorxulu hadisələr diqqətdən yayına bilər.
Digər tərəfdən, sistem geniş şəkildə, yəni böyük sərhəd daxilində baxılarsa təhlilin yekunları qeyri müəyyən ola bilər. Ona görə tədqiqatçının qarşısında təhlili hansı səviyyədə aparmaq məsələsi xüsusi əhəmiyyət kəsb edir. Bu əsasən təhlilin konkret məqsədindən asılı olur.
Təhlükəsizliyin təmin olunması üsulları məqsədə çatmaq vasitəsi və yoludur. Bu üsullar, ümumi biliklərin qanunauyğunluqlarına əsaslanır və aşağıdakı anlayışlardan istifadə edir.
Homosfera– insanın fəaliyyətinin baş verdiyi fəza (işçi zonası).
Nokosfera –hadisələrin həmişə olduğu, yaxud vaxtaşırı baş verdiyi fəza.
Homosfera və nokosferanın birlikdə olması təhlükəsizlik nöqteyi-nəzərdən yolverilməzdir.
Təhlükəsizliyin təmin olunması üç əsas üsulla əldə edilir.
A üsulu homosfera və nokosfera fəzalarının müvəqqəti ayrılmasıdır. Bu məsafədən idarə etmək, avtomatlaşdırma, robotlaşdırma və s. ilə əldə edilir.
B üsulu hadisələri aradan qaldırmaqla nokosferanı normal vəziyyətə gətirməkdən ibarətdir. Bu, insanı səsdən, zəhərli qazlardan, tozlardan, zədələnmə təhlükəsindən və s. müdafiə edən kollektiv mühafizə vasitələrinin birgə şəkildə tətbiqi vasitəsilə həyata keçirilir.
C üsulu müəyyən əməliyyat və vasitələrin köməyi ilə insanı işlədiyi şəraitə uyğunlaşdırmaq və onun müdafiəsini artırmaqdan ibarətdir. Bu işçilərin sənətə görə seçilməsi, öyrədilməsi, psixoloji təsir etməklə, fərdi müdafiə vasitələrinin köməyi ilə əldə edilir.
Real şəraitdə göstərilən üsulların birgə kombinasiyası tətbiq edilir.