Şəkil 1.1. Həyat fəaliyyəti təhlükəsizliyinin idarə olunması sxemi
MUHAZİRƏ 2
Ekologiyanın konseptual əsasları
Ekologiya canlı orqanizmlərin mövcudluq şəraitini, onları əhatə edən mühitlə qarşılıqlı əlaqə və münasibətlərini öyrənən elmdir. Yunan dilindən ekologiya elminin tərcüməsi “oykos” - ev, daxma, “loqos” – elm deməkdir. Bu səbəbdən də, bəzən ekologiyanı canlıların məskun sahələri ilə əlaqələrini öyrənən elm kimi təqdim edirlər. Bu fikir onunla öz doğruluğunu göstərir ki, ətraf aləmi (məskun sahələrini) canlı orqa-nizmlərdən ayrı tədqiq etmək düzgün deyil. Bunlar hər ikisi birgə - tam fəaliyyətin ayrılmaz elementləridir. Ekologiyanı təkcə mühitin orqanizmə təsirini öyrənən elm kimi vermək səhv fikirdir.
Ekologiya təbiət fənləri olan kimya, fizika, riyaziyyat, geologiya, coğrafiya, torpaqşünaslıq elmləri ilə sıx əlaqədə biologiya elminin bir hissəsi kimi öz inkişafını tapmışdır.
Ekologiyanın predmeti orqanizmlər ilə mühit arasında əlaqənin birliyi və ya strukturundan ibarətdir. Ekologiyanın əsas tədqiqat obyekti ekoloji sistemdir. Bundan başqa, ekologiya ayrı-ayrı orqanizmlərin növlərinin, onların populyasiyalarınm və ümumilikdə, biosferin öyrənilməsi ilə də məşğul olur.
Biologiya elminə daxil olan ekologiyanın əsas bölməsi ümumi ekologiyadır. Ümumi ekologiyanın struktur sxemi aşağıdakı kimi təqdim edilə bilər (şəkil 2.1.).
Ümumi ekologiya – ekosistemin biotik və abiotik komponentlərinin qarşılıqlı təsirlərinin qanunauyğunluqlarını və prinsiplərini öyrənən elmdir. Burada, əsasən, strukturların formalaşma qanunları, ekosistemin funksiyaları və inkişafı öyrənilir. Bu, qlobal və tətbiqi ekologiyanın nəzəri əsası hesab olunur. Ümumi ekologiyanın nəzəri əsasları biotik birliklər, qida zənciri, maddələrin dövranı və ekosistemdə enerji, populyasiya ekologiyası konsepsiyasını təşkil edir.
Şəkil 2.1. Ümumi ekologiyanın struktur sxemi
Qlobal ekologiya – bioloji növ olan insanın, onu əhatə edən mühitlə qarşılıqlı münasibətlərinin tənzimlənməsinə, eyni zamanda, dövlətlərarası əməkdaşlığın yaradılmasına yönəldilmişdir. Bu əməkdaşlıq, təkcə ətraf mühitin mühafizəsini yox, eyni zamanda sosial-iqtisadi sahələri də əhatə edir.
Tətbiqi ekologiya – dövlət səviyyəsində təsərrüfat fəaliyyətinin əsas elementi sayılır və təsərrüfat sahələrinin ekoloji təhlükəsizliyinin təminatını tələb edir.
Xüsusi ekologiya – ayrı-ayrı növlərə, taksonlara, biogeosenozlara ümumi ekologiya qanunlarının tətbiqini öyrənən elmdir.
Təbiətin mühafizəsi – canlı orqanizmlərin məskun olduğu mühitin və təbii sərvətlərin texnogen, aqrogen və digər antropogen təsirdən mühafizəsi üçün fəaliyyət nəzərdə tutulur.
Ətraf təbii mühit – bu litosfer, hidrosfer, atmosfer, biosfer və yerətrafı kosmik fəza da daxil olmaqla insanların və digər canlı orqanizmlərin məskun və fəaliyyət sahəsidir.
Təbiət dedikdə insanların təsirinə məruz qalmayan və ya cüzi miqdarda məruz qalan təbii bir kompleks başa düşülür.
Ətraf təbii mühiti xarakterizə edən göstəricilərin məcmuu onun keyfiyyətini göstərir. Ətraf mühitin keyfiyyəti canlı aləmin mövcudluğu və yaşayışına təsir edən əsas amildir.
Tətbiqi ekologiyada ətraf mühit dedikdə, insanı əhatə edən atmosfer havası, su və torpaq başa düşülür. Təbii mühitin vəziyyətinə nəzarət, əsasən, insanların və bütün canlıların səmərəli yaşayışının təmin olunması üçün aparılan analiz və tədqiqatlar nəticəsində standartlar hazırlamaq və onların göstəricilərinə əməl etməkdən ibarətdir.
Beləliklə, ətraf təbii mühitin mühafizəsi dedikdə, təbii sərvətlərdən səmərəli istifadəyə, təbii mühitin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən dövlət və ictimaiyyət tərəfindən təşkil olunmuş bir sistem başa düşülür.
“Təbiətin mühafizəsi” daim öz aktuallığını saxlayır. Bütün dünya bu termini işlədir. Beynəlxalq Təbiəti və Təbii Sərvətlərin Mühafizəsi İttifaqının (BTSMİ) təlimatında qeyd olunur ki, “Təbiətin və təbii sərvətlərin mühafizəsi dedikdə, insanların yaşadığı və təbii sərvətlərin yarandığı üzvü aləmin (təbii mühitin) mühafizəsi nəzərdə tutulur”.
Bundan başqa, vaxt faktoru baxımından ekologiyanı tarixi və evalyusiya hissələrinə ayırırlar.
Son zamanlar, ekologiyada insanlar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi problemi geniş müzakirə olunur. Bu, elmi-texniki tərəqqinin ətraf mühitdə yaratdığı neqativ hallarla əlaqədardır.
Beləliklə, müasir ekologiya, biologiya fənni daxilində məhdudlaşmayaraq, insan və ətraf mühit arasında yaranmış mürəkkəb problemlərin həllinə yönəlmiş fənlərarası bir elmə çevrilmişdir. Bu problemlərin aktuallığı və çoxşaxəliliyi bir çox təbiət, texniki və humanitar elmlərin “ekologiyalaşmasına” gətirib çıxarmışdır. Bunlara misal olaraq “mühəndisi ekologiya”, “geoekologiya”, “riyazi ekologiya”, “kənd təsərrüfatı ekologiyası”, “kosmos ekologiyası” və s. göstərmək olar. Müasir ekologiya siyasət, iqtisadiyyat, hüquq, psixologiya və pedaqogikailə sıx əlaqədə olaraq insanlarda yeni məzmunda ekoloji təfəkkürün yaranmasına və onlarda təbiətə qarşı olan münasibətin dəyişməsinə səbəb olmuşdur.
Deyilənləri nəzərə alaraq ekologiya qarşısında duran aşağıdakı nəzəri və tətbiqi məsələləri göstərmək olar:
ekoloji sistemlərin dayanıqlığı üzrə ümumi nəzəriyyənin işlənməsi;
mühitə alışmanın mexanizminin öyrənilməsi;
bioloji müxtəlifliyin və onun mühafizə mexanizminin öyrənilməsi;
biosferdə gedən proseslərin tədqiqi;
insanların təsiri ilə ətraf mühitdə yaranan neqativ dəyişikliklərin proqnozlaşdırılması və qiymətləndirilməsi;
ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması;
təbii resurslardan səmərəli istifadə;
ekoloji qeyri-səmərəli mühitlərdə təhlükəsizliyin təmini üçün mühəndisi, iqtisadi, təşkilati-hüquqi və sosial məsələlərin həllinin optimallaşdırılması.
Ekologiyanın strateji məsələsi təbiət və cəmiyyət arasında olan nəzəri qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsindən ibarətdir. Bu zaman insan və cəmiyyət biosferin birgə ayrılmaz hissəsi hesab edilməlidir.
Dostları ilə paylaş: |