Nəqliyyat şirin suyun böyük istehlakçılarından biridir. Təbiətdə su dövran etdiyi üçün, bütün nəqliyyat növlərinin atmosferi və qurunu çirkləndirməsi öz növbəsində suyun keyfiyyətinə təsir edir.
Nəqliyyatın müəssisə və obyektləri tərəfindən atılan çirkab suları təsərrüfatın bütün sahələri ilə müqayisədə kiçik hissə təşkil edir və ümumi tullantıların 1%-dən çox deyil. Çirkab sularının əsas hissəsi mənzil-kommunal təsərrüfatının (55%), sənayenin (30%), kənd təsərrüfatının (10%) payına düşür.
Nəqliyyat müəssisələri (stansiyalar, depolar, zavodlar, portlar, bazalar və s.) və nəqliyyat vasitələri (avtomobillər, gəmilər, lokomotivlər, təyyarələr) yaxın vaxtlara qədər çirklənmiş suyu kanalizasiya sistemləri ilə və ya birbaşa çaylara, göllərə və dənizlərə tökürdülər. Yol səthindən yağış suları ilə yuyulan çirkləndirici maddələr su hövzələrinə daxil olur. Mühərrikin işlənmiş qazları ilə suya yağ, yanmamış yancaq, kükürdlü birləşmələr, qurğuşun və digər maddələr daxil olur. Böyük miqdarda çirkləndirici maddələrin su hövzələrinə axması bu hövzələrdəki bitkilərə, balıqlara və digər canlılara mənfi təsir göstərir, suyun dibində çöküntü şəklində toplanır.
Nəqliyyat vasitələri suyu əsas etibarı ilə neft və neft məhsulları ilə çirkləndirir. Qeyd etmək lazımdır ki, onların müəyyən hissəsi qurudan suya düşür. Neft təbəqəsi ultrabənövşəyi şüalanmanın 35…40%-ni tutur və bununla da okeanda fotosintezin intensivliyini və okeanda biokütlə yaranmasını azaldır. Neft təbəqəsi hidrosferlə atmosfer arasında oksigen mübadiləsini zəiflədir. Suda həll olan 1 ton neft təxminən 400 min ton suda olan oksigeni udur. Suda batan neft suyun dərin kütlələrini zəhərləyir. Müxtəlif hesablamalara görə Dünya okeanında 60 mln ton neftin «batdığı» güman edilir. Okeanın neftlə çirklənməsi Yer kürəsinin iqlimini dəyişə bilər. Neft təbəqəsi su buxarlanmasını çətinləşdirdiyi üçün quraqlıq və digər hadisələrin baş vermə ehtimalını artırır.
Sərbəst halda bir ton neft su səthində 12 kv. km ərazidə yayılır.
Neft məhsulları çirkab suları tərkibində gölməçələrə düşdükdə suda yaşayan canlılarda ciddi dəyişiklik yaradır. Bu neft məhsullarının su hövzələrinin bütün təbəqələrinə nüfuz etməsi ilə əlaqədardır: onların komponentlərindən bir hissəsi dibə çökür, digərləri su qatında suspenziya və emulsiya şəklində, qalanları isə – molekulyar-həll olunmuş vəziyyətdə olur. Buna görə də bütün su orqanizmləri, harada yaşamasından asılı olmayaraq neft məhsullarının mənfi təsirini özlərində hiss edir. Neft pərdəsi ilə örtülmüş su bitkiləri balıqların kürü tökməsi üçün yarasızdır. Neft məhsullarının konsentrasiyası 0,1 mq/litr-dən çox olan suda balıq 1 – 3 sutka qalandan sonra ondan neft iyi gəlir. Səthi neft pərdəsi suya baş vuran quşların lələklərinə hopur, onlar uça bilmir və məhv olur.
Texnoloji proseslərin çoxunda istehsalat çirkab suları yaranır. Bu suların tərkibi və miqdarı müxtəlifdir. Çirkab suları hərəkət tərkibinin yuyulması, yuma maşınlarında detal və qovşaqların təmizlənməsi, akkumulyator batareyalarının təmiri, detalların qalvanik və mexanik emalı, müxtəlif həcmlərin hidravlik sınağı və s. zamanı yaranır. Təmir işlərində torpaq çirklənir, istehsalat şöbə və bölmələrinin yaxınlığında metal, plastik və rezin tullantılar toplanır.
Nəqliyyat müəssisələrinin səth sularının tərkibində maye neft məhsulları, yuyucu, dezinfeksiyaedici, buzlaşma və donmaya qarşı reagentlər, metal emalında istifadə olunan qəlibləmə qarışıqları, məhlullar, akkumulyator batareyalarının istifadə edilmiş elektrolitləri, süni örtüklərin dağılma və şinlərin yeyilmə məhsulları olur. Çirkab sularında zəhərli maye maddələr: benzol, aseton, turşular, qələvilər, həll olmuş metallar (alüminium, berillium, xrom və b.), neft məhsulları olur.
İstehsalatın çirkab sularında olan yüksək zəhərlikli metallar: qurğuşun, sürmə, kadmium, civə içməli su ilə insan orqanizminə düşüb onu zəhərləyə bilər. Bəzi nadir metallar (molibden, qallium, germanium) daha az qorxuludur, lakin orqanizmdə digər çirkləndirici maddələrin təsirini gücləndirir.
Qurğuşun, sink, mis, xrom, sürmə kimi metallar orqanizmdə toplanma təsirinə malikdir, yəni orqanizmdən kənar olmur və toplandıqca zəhərləyici təsiri güclənir. Səthi çirkab suları torpaq və bitkilərə düşdükdə onlarda da bu metallar toplanır.
Səth sularında olan metalların digər mənfi təsiri metal kanalizasiya borularının korroziyasına səbəb olmasıdır.
Dostları ilə paylaş: |