Xantumanın işğalı
2016-cı ilin may ayında İrana məzuniyyətə getdim, ancaq qardaşımı görməyib təəccübləndim. Anam yavaşca dedi: “Bir neçə gün qabaq Suriyaya getdi”.
Gözləri həyəcanla dolu idi. Həm onun yanında qalmağımı istəyirdi, həm də tez bir zamanda qardaşımın arxasınca getməyimi. Həmin günlərdə Xantumanın işğal olunduğunu, Fatimiyyundan və iranlı pasdarlardan təxminən 65 nəfərin şəhid olduğunu eşitdim. Çox üzücü xəbər idi. Tez bir zamanda sənədlərimi sahmana salıb Suriyaya qayıtdım. Bilmirdim ki, orada qardaşımın dirisi ilə rastlaşacağam, yoxsa ölüsü ilə.
Düşərgədə uşaqların vəziyyəti yaxşı deyildi. Xantumanda olmuş Fatimiyyun komandirlərindən Qulam-Abbasla danışdım. Qardaşımdan xəbəri yox idi. Xantumanın vəziyyətini soruşanda dedi:
- Kəndə təxminən səkkiz dəfə hücum oldu. Əl-Nüsrə cəbhəsi hücuma toplaşan kimi bizim artilleriyamız onları vurur, irəliləməyə qoymurdu. Ancaq son hücumlarında intihar əməliyyatı etdilər. Bir BMP sürətlə irəliləyib istehkamdan keçdi. Uşaqlar pulemyot və avtomatla qarşısını ala bilmədilər. Kəndə girib küçə-küçə gəzdi və komandir qərargahı olan evin düz önündə bir neçə maşının yanında dayanıb özünü partlatdı. Partlayış o qədər güclü oldu ki, uşaqlar ruhdan düşdülər. Düşmənin tankları və hücumçuları dərhal irəlilədilər, ev-ev, küçə-küçə gedən döyüş səhərə qədər uzandı. Axırda çoxlu şəhid verməyimizə baxmayaraq, kənd işğal olundu.
Araşdırandan sonra bildim ki, qardaşım da bir müddət Xantumanda olub, amma kompüter proqramlarını bildiyinə görə Buhus düşərgəsinə aparılıb. Kadrlar bölməsindən dedilər ki, qardaşın oradadır. Tez anama xəbər verdim ki, onu tapmışam, vəziyyəti yaxşıdır.
Bu zaman Fatimiyyunun Seyid Əlinin başçılığı altında İmam Həsən (ə) adlı ilk briqadası yaradıldı və mən bir müddət onun kadrlar bölməsinin rəisi oldum. Seyid Əli Əbu Hamidlə birgə Əfqanıstanda Talibana qarşı vuruşmuş, cəbhələrdə böyük təcrübə toplamışdı. O, gözəl əxlaqı ilə hamının sevgisini qazanmışdı; gec hirslənirdi, çox səbirli idi.
Bizim düşərgəmiz Hələbin şimalında, Nübl və əl-Zəhranın yaxınlığında yerləşən Mayir kəndində idi. Çox səfalı kənd idi, böyük və gözəl villaları vardı. Evlərin zahirindən görünürdü ki, sakinləri çox varlı olub, kəndi tələsik boşaldıblar. O kənddə olduğumuz müddətdə ehtiyacımız olanları Nübl və əl-Zəhra qəsəbələrindən alırdıq.
Kadrlar bölməsində mənə notbuk lazım olurdu. Buna görə imkan yarananda Buhus düşərgəsinə qardaşımı görməyə gedirdim. O da düşərgənin kadrlar bölməsində işləyirdi, mən onun notbuk və printer kimi avadanlıqlarından istifadə edirdim.
Orada şəxsi heyətə çoxlu zaman və enerji sərf edən iki nəfərlə tanış oldum. Onların biri düşərgənin kadrlar bölməsinin sədri Mənsuri idi. O, şəxsi heyətin işləri ilə məşğul olarkən gecə-gündüz bilmirdi. Bir dəfə mən otağında olan Fatimiyyun gənclərindən biri gəlib dedi: “İndicə mənə xəbər verdilər ki, anam İranda xəstədir”. Çox narahat idi. Mənsuri onu sakitləşdirdi, evlərinin ünvanını soruşdu, bir neçə telefon zəngi ilə anasına təcili yardım göndərdi.
İkinci adam da gözəl insan idi, düşərgədə hakimlik edirdi. İxrac edilmiş adamları onun yanına gətirəndə imkan yaradırdı ki, istədikləri qədər danışıb özlərini müdafiə etsinlər. Çox vaxt üzrlərini qəbul edir, öhdəlik almaqla qalmalarına icazə verirdi.
O günlərdə Hələbin cənubunda Fatimiyyunun İmam Hüseyn (ə) adlı ikinci briqadası yaradıldı. Bu briqada Bilas kəndində bir məktəbə yerləşmişdi. Bir gün Buhus düşərgəsindən Mayir kəndinə qayıdanda bildim ki, İmam Həsən (ə) briqadasına Hələbin cənubuna getmək əmri verilib. Xantumandan sonra düşmən Həmrə kəndini də işğal etmişdi. Əks-hücuma keçib kəndi geri almaqdan ötrü canlı qüvvəni Hələbin şimalından cənubuna çağırmışdılar.
Düşərgədə sakitlik idi. Şəxsi heyət bir neçə saat idi getmişdi. Uşaqların əks-hücumunun necə olduğunu bilmirdim. Tez qərargahdakı komandir otağına getdim. Hələ qapını açmamış Süleymanın ağlamaq səsini eşitdim. O, briqada komandirinin birinci müavini olmuşdu, uşaqlar arasında tələbkarlığı və sərtliyi ilə məşhur idi, ancaq qapını açanda gördüm ki, zar-zar ağlayır. Xəbər vermişdilər ki, əks-hücum uğurlu olmayıb, uşaqlardan Seyid Həkim və başqa bir neçə nəfər şəhid olub.
Otaqdan çıxdım. Seyid Həkimi bir də görməyəcəyimə inana bilmirdim. Onunla birlikdə keçirdiyimiz gecə və gündüzlər aydın şəkildə gözlərim önündən keçirdi. Sanki o anda yanımda dayanmışdı, mənə deyirdi ki, otağıma gedək, qəhvə içək. Kəşfiyyat işlərinə görə gecələr yatmırdı. Bizim rəqəmsal proqramlarımızın mütəfəkkir beyni idi. Müxtəlif mobil proqramlarla işləməyi bacarır, hər kəsə öyrədirdi. Alpine Quest naviqasiya proqramını ilk dəfə mobil telefonuna o yükləmiş, onunla işləməyi öyrənib digərlərinə də öyrətmişdi.
Qəmgin halda maşına minib Bilas kəndinə İmam Hüseyn (ə) briqadasının yerləşdiyi yerə getdim. Uşaqların ruhiyyəsi əsla yaxşı deyildi; həm kənd əldən çıxmışdı, həm də şəhidlərimizin cəsədi orada qalmışdı. Uşaqlar cəsədləri gətirmək üçün plan düşünürdülər.
Səhər çağı batalyon komandirləri Qulam-Abbasla Seyid Cəlal, 20 yaşlı bir ruhani, saçı ağardığına görə uşaqların “Ağbaş” çağırdığı bir döyüşçü, Zeynəbiyyundan bir nəfər və uşaqlardan başqa bir neçəsi BMP-yə minib Həmrə kəndinə şəhidləri gətirməyə getdilər. Şəhidlərə çatana qədər bir hadisə baş verməmişdi. Ancaq cəsədləri götürmək üçün BMP-dən enəndə hər tərəfdən atəş açılmışdı. Qulam-Abbasın ürəyinə bir güllə dəymiş, Seyid Cəlal da yaralanmışdı. Bir neçə nəfər canını qurtarıb qayıtmışdı. Nəticədə nəinki şəhidlərin cəsədlərini gətirə bilmədilər, hətta Qulam-Abbasın, Ağbaşın və gənc ruhaninin cəsədi də kənddə qaldı.
Kadrlar bölməsində üzərimə düşən işlərdən biri də şəhidlərin qovluqlarını tamamlamaq idi. Cəsədi qayıtmamış şəhid üçün dörd şahid lazım idi. Bu isə adətən çox çətin olur, vaxt alırdı. Ancaq mən bu işlə ciddi məşğul olurdum. Bilirdim ki, cəsədi itkin düşmüş şəhidin şəhadəti sübut olunmasa, Şəhid fondunda qovluğu olmayacaq və ailəsi maddi baxımdan çətinlik çəkəcək.
Qulam-Abbasın, Ağbaşın və gənc ruhaninin qovluqlarını diviziyanın kadrlar bölməsinə aparanda məsul şəxs soruşdu:
– Qulam-Abbas Fatimiyyundan idi?
– Hə.
– Demək istəyirəm ki, əsl fatimilərdən idi?
Məqsədini yaxşı başa düşdüm. Qulam-Abbas iranlı idi, amma özünü əfqanıstanlı kimi qələmə verib Suriyaya gəlmişdi. Sonralar iranlıların Suriyaya gəlişi mümkün olanda da Fatimiyyun briqadasından getməmişdi. Özümü bilməzliyə vurub əminliklə cavab verdim:
– Hə, əsl fatimi idi, ondan da əsli yoxumuzdur.
Ancaq o öz bildiyini etdi. Gördüm ki, Qulam-Abbasın qovluğunu o birilərdən ayırdı. Məlum idi ki, onun işi yaxşı irəliləyəcək və Şəhid fondunda qovluğu açılacaq. Ona İranda təntənəli mərasim də keçirildi. Mənsə hətta kadrlar bölməsindən çıxandan sonra da Ağbaşa və o gənc ruhaniyə qarşı özümü borclu hiss edirdim. Şəhadət yerinin təxmini rəsmi ilə birgə dörd şahidin imzasını alana qədər bir il ötdü.
Xantumanın işğalından sonra əl-Nüsrə cəbhəsi iki intihar əməliyyatıyla əl-Xəlsə kəndini də tutdu. Ondan sonrakı Zeytan adlı kənd də öz-özünə süqut etdi. Düşmən intihar əməliyyatı edəndə şəxsi heyət ruhdan düşürdü, onları döyüş yerində saxlamaq çox çətin olurdu.
Zeytan kəndi işğal olunanda qərargahda idim. Uşaqların biri tələsik ratsiyanı mənə verib dedi: “Tərcüməçi yoxdur. Gör bu adam nə deyir”.
Zeytan kəndindəki Fatimiyyun uşaqlarından biri idi. O gərgin vəziyyətdə mənə deyirdi: “Suriyanın Vətən müdafiəçilərindən olan bir komandir mənim yanımdadır. Bundan ərəbcə soruş ki, şəxsi heyətin hardadır”. Dediyini soruşdum. Cavab verdi ki, yaxınlıqdadır. Bunu Fatimiyyun döyüşçüsünə söyləyəndə hirslənib dedi: “Hansı yaxınlıqda?! Vallah, bizim 30 km-lik məsafəmizdə milçək də uçmur. Bu, motosikletlə gəlib, motosikletdən düşmək də istəmir. Gözləyir ki, bir şey olsun, qaza basıb getsin”.
Doğru deyirdi. İntihar əməliyyatıyla cəbhədə nizam-intizam pozulanda hamı geri çəkilirdi.
Suriya ordusu və müqavimət cəbhəsi intihar əməliyyatlarına əl atmırdı. Ancaq ordu partladıcılıq qabiliyyəti olmayan, yerə dəyəndə vahiməli səs çıxarıb qorxu yaradan partlayış çəlləkləri düzəltmişdi. Livan Hizbullahı da su kolonkasına bənzəyən bir silah düzəltmişdi, silahlılar arasında kolonka raketi və ya fil nərəsi kimi məşhur idi. Bir yerə dəyəndə qorxunc səs çıxarırdı, elə bil, bütün bölgə partlayırdı.
Düşmən öz qələbələrindən məst ikən biz güclü müdafiə mövqeyi yaradıb onun qarşısını almağa macal tapdıq. Bu müdafiə mövqeyi bir neçə torpaq istehkam qurmaqdan, artilleriya və texnikanı lazımi yerlərə yerləşdirməkdən ibarət idi. Bu iş bir neçə ay öncə, Xantuman kəndi azad ediləndə görülməli idi. Amma o zaman vəziyyət fərqli idi. Düşünürdük ki, biz Xantumanda qalmayacağıq, başqa bir əməliyyatla Fuəyə və Kəfəriyaya gedəcəyik. Hücum halında olduğumuza görə müdafiə mövqeyinə ehtiyac duymurduq, düşünürdük ki, ehtiyac yaransa, arxadakı artilleriyanın köməyi ilə həll olunacaq.
Dostları ilə paylaş: |