Oyunların keçirilməsi qaydalarına əməl edilməsinin də böyük tərbiyəvi əhəmiyyəti olur. Onlar oyunun bütün gedişini müəyyən edir, uşaqların hərəkət və davranışlarını, onların qarşılıqlı fəaliyyətini nizamlayır, iradə formalaşmasına köməklik edir. Məsələn, «Qayışagirmə» oyununda dairənin içərisində olan oyunçu kənardakı oyunçunun ayağından vurmağa çalışır. Həm də bu zaman özü dairədən kənara çıxa bilməz. Və ya götürülmüş qayışla dairənin içərisindəki oyunçunun başına yox, yalnız bədəninə vurula bilər. Oyun iştirakçılarından diqqət, dözüm, fərasət, cəldlik, şəraiti qiymətləndirə bilmək, həmrəylik, qarşılıqlı yardım, məsuliyyət, cəsarət, zirəklik tələb olunur.
Xalq oyunları yumorla, zarafatla, yarış ünsürləri ilə dolu olur. Buradakı hərəkətlər dəqiq, obrazlı olur, adətən, gözlənilməyən, şən momentlərlə müşayət olunur, uşaqlar çox sevdikləri sanamalardan, püşkatmalardan, gülməcələrdən tez-tez istifadə edirlər. Məsələn, «Mən də, mən də» , «İt-pişik», «Yalan palan» və s. oyunlarında olduğu kimi.
Dostları ilə paylaş: |