Rəqsdaxili oyunlar.
Mərasim oyunları.
Məişət oyunları.
İctimai məzmunlu oyunlar.
Uşaq oyunları.
Uşaq oyunlarının özü də üç qrupa bölünə bilər:
1. Cəldlik, çeviklik və hərəkətlə bağlı oyunlar.
2. Ayin, etiqad və mərasimlərlə bağlı oyunlar.
3. Gözbağlıca oyunları.
Etnoqrafik ədəbiyyatda isə oyunların təsnifatına bu cür yanaşılır:
Mövzu, məzmun, yaranma yolu və formalarına görə (mövsüm və mərasim oyunları, əyləncələr, teatrlaşdırılmış oyunlar).
Kim və hansı cinsə məxsus şəxslər tərəfindən icra edilməsi xüsusiyyətlərinə görə (uşaq oyunları; kişi oyunları və qadın oyunları).
Məşğuliyyət formalarına görə (əkinçiliklə, maldarlıqla, əmək və zəhmətlə, ailə məişəti ilə bağlı oyunlar.
İştirakçıların sayına görə (fərdi və kollektiv) (3).
Elçin Aslanov Azərbaycan oyunlarını – atüstü oyunlar, qız-gəlin oyunları, dərviş oyunları, zorxana oyunları, mərasim şənlikləri, oyuq-kukla tamaşaları, uşaq oyunları, şəbih tamaşaları adları altında qruplaşdırmışdır (2).
Oyunlar necə təsnif edilir-edilsin, onların maddi və mənəvi kökləri xalqın ən qədim tarixi ilə bağlıdır. Həyatın ən müxtəlif keşməkeşlərini özündə əks etdirən bu mədəni abidələrdə ulu babaların təfəkkür tərzi, təsəvvürləri, arzu və istəkləri, ağlı və müdrikliyi, adət və ənənəsi hifz olunaraq bu günümüzə gəlib çatmışdır.
Xalq oyun mədəniyyəti etnoloqlar, tarixçilər, mədəniyyətşünaslar, sosioloqlar tərəfindən tədqiq edildiyi kimi, pedaqoqlar tərəfindən də öyrənilməlidir. Çünki böyüyən nəslin ilkin fəaliyyət növü məhz oyundur. Oyun qədər uşağın inkişafına təsir edəcək ikinci vasitə tapmaq mümkün deyil.
Oyunun uşaqların inkişafında rolu məsələsinin öyrənilməsi müasir dövrdə daha aktuallaşıb. Oyunların uşaqların inkişafına təsiri mexanizmi necədir? Nə üçün mütəxəssislərin çoxlu sayda tərtib etdikləri didaktik, süjetli-rollu oyunlar xalq oyunlarını əvəz edə bilmir? Nə üçün əsrlər boyu uşaqlar «Gizlənqaç», Dirədöymə», «Bənövşə», «Aşıq-aşıq», «Ana, məni qurda vermə!», «Topaldıqaç», «Qəcəmədaş» və s. oynayırlar? Xalq oyunları niyə bu qədər maraqlıdır? Hətta şəhər yerində uşaqlara xalq oyunları və metodistin hazırladığı müasir oyunu təqdim etdikdə birincilərə marağın daha çox olmasına səbəb nədir?
Uşağın düzgün inkişafı üçün müxtəlif yollar, vasitələr axtarılması, çoxlu sayda müxtəlif proqramların tərtib və tətbiq edilməsi bütün dövrlərdə vacib məsələ olmuşdur. Bu məsələ bu gün də problem kimi qarşıda durur. İnkişafın tarix boyu sınaqlardan çıxmış elə yol və vasitələrinə istinad edilməlidir ki, onlar müasir pedaqoji prosesdə də müvəffəqiyyətlə tətbiq edilə bilsin.
Bizim fikrimizcə, bu cür ilk mənbə xalq oyunlarıdır. Çünki, əvvəldə deyildiyi kimi, oyun bütövlükdə xalq mədəniyyətinin mənbəyidir. Xalq mədəniyyəti isə bütün rəngarəngliyi ilə xalqın pasportu, onun mövcudluğunun əsas göstəricisidir.
Ta qədim dövrlərdən xalq oyunlarında insanların həyat tərzi, məişəti, əməyi, şərəf, ləyaqət, mərdlik barədə təsəvvürləri, güclü, cəld, bacarıqlı, dözümlü olmaq arzusu, qələbəyə inamı və cəhd göstərməyi öz əksini tapır. Bunlar isə bütün dövrlərdə arzu olunan insani keyfiyyətlərdir.
Xalq uşaq oyunları, yanıltmaclar, nəğmələr, düzgülər, tapmacalar, sanamalar, nağıllar, lətifələr həmişə əqli, əxlaqi, estetik, fiziki, emosional inkişafın əsas vasitələri olmuşdur. Bütün bu sayılanlar xalq uşaq mədəniyyətinin nüvəsini, uşaqlar arasında, uşaqlarla böyüklər arasında universal ünsiyyət formasını təşkil edir.
Uşağın inkişafı – onun mədəni aləmlə tanışlığı, ünsiyyəti, eləcə də bu mühitdə öz yerini müəyyənləşdirməsi prosesidir. Özünəqədərki mədəniyyəti mənimsəməklə uşaq yaradıcı təxəyyül, məntiqi təfəkkür, başqalarının həyati mövqeyini nəzərə alma, davranış müstəqilliyi kimi qabiliyyətlərə yiyələnir.
Bu proses, hər şeydən əvvəl, oyunla bağlıdır. Bir çox uşaq oyunları böyüklərin həyatında möhkəm yer tutmuş adət-ənənələrdən, ayinlərdən yaranmışdır. Bir çox adət-ənənələr də məhz insanların həyatında tarix boyu təkrarlanan oyun elementlərinin iştirakı ilə formalaşmışdır.
Müxtəlif tərbiyəvi vəzifələrin həlli üçün, öz vətəndaşının millətə, xalqa, Vətənə yararlı insan kimi yetişdirilməsi üçün cəmiyyət hələ uşaqlıqdan onların daxili müstəqilliyini üzə çıxaran çoxsaylı oyunlar yaratmışdır.
Dostları ilə paylaş: |