Xalq oyunları və oyuncaqları uşaqların müxtəlif yaş dövrlərinə aid olurdu. Onlar uşağın həyatına erkən, elə ilk yaşlardan daxil olur. Analar 7-8 aylıq uşaqların diqqətini cəlb edən müxtəlif oyun elementlərindən, oyuncaqlardan istifadə edirlər. Məsələn, «Çeçələ barmaq» oyununda «xərmənə» (xırmana) qonan quşu beş qardaşdan dördü müəyyən zəhmət çəkərək yeyirlər, çeçələ barmaq isə heç bir əmək sərf etmədiyindən ona heç nə qalmır. 3-4 yaşlı, uşaqlarda isə dünyagörüşü, müəyyən əxlaqi keyfiyyətlər dərk edilərək formalaşdırılmalı olduğundan, ailənin böyük yaşlıları, xüsusən, ana və nənə «Beş qardaş» oyununu göstərir. «Nə üçün çeçələ barmaq balacadır?» sualının cavabı kimi məşhur olan bu oyun belədir: «Bir ailədə beş qardaş vardı. Onlar yemək istədilər. Yeməyə bir şey olmadığından böyük qardaş (baş barmaq) təklif edir ki, gəlin, gedək oğurluğa. Ortancıl qardaş* (şəhadət barmaq) deyir: «Bəs nərdivanı hardan alaq? Hamıdan uca olan üçüncü qardaş (orta barmaq) qürrələnir: «Məndən uca nərdivan?!». Dördüncü qardaş (adsız barmaq) astadan xəbərdar edir: «Bəs Allahdan qorxmursunuz?». Beşinci qardaş (çeçələ barmaq) bivec ifadə ilə «Əh! Allah bizə nə edə bilər?» deyə «xoruzlanır». Allahdan əmr gəlir ki, onun başı vurulsun. Ona görə də çeçələ barmaq o birilərdən daha balacadır.
Bu kiçik oyundan istifadə düzgün qurulduqda çox böyük didaktik və tərbiyəvi əhəmiyyəti olur.
Daha yuxarı yaşlı uşaqlar üçün xalq pedaqogikasının təklif etdiyi didaktik oyunlarda fəallığın, təşəbbüskarlığın inkişafı üçün geniş imkanlar olur. Özündən mövzuya uyğun bir şey uydurma, zarafat, yumor, şən əhval-ruhiyyə xalq oyunlarının əsas xüsusiyyətləridir. Onlar kiçik yaşlarından başlayaraq çətinliyə üstün gəlmək, qələbədən həzz almaq, müvəffəqiyyətsizliyə təmkinlə dözmək kimi keyfiyyətlər aşılayır.
Zaman keçdikcə xalq oyunları da müəyyən dəyişikliyə uğrayır. Bu dəyişikliklərin səbəbləri müxtəlif ola bilir və onları fikirləşən, həyata keçirən də elə uşaqlar özləri olur. Uşaqlar oyunların məzmununda dəyişiklik edir, qaydaları mürəkkəbləşdirir, müasir oyun materialından istifadə edirlər və s. Xalq oyunların ideyalarından çıxış edərək praktik pedaqoqlar, alimlər yeni didaktik oyunlar sistemi yaradır, tətbiq edirlər.
SUAL VƏ TAPŞIRIQLAR
Azərbaycan atalar sözlərinin toplanma tarixi haqda məlumat verin.
«Oğul atadan görməyincə, süfrə çəkməz» atalar sözünü etnopedaqoji baxımdan təhlil edin.
Atalar sözlərinin pedaqoji mahiyyətini əsaslandırın.
Ailə tərbiyəsi haqda atalar sözlərinin pedaqoji imkanları barədə danışın.
«Damla-damla göl olar, axa-axa sel» atalar sözünü hansı məqamlarda işlətmək olar?
Tapmacalar niyə və necə yaranır?
Tapmacaların öyrədici və inkişafetdirici funksiyalarını əsaslandırın.
Tapmacalardan müasir pedaqoji prosesdə istifadənin səmərəlilik şərtləri hansılardır?
Xalq nəğmələrinin hansı pedaqoji imkanları vardır?
Xalq oyunlarının pedaqoji dəyərini əsaslandırın.
Fəsildə adı çəkilməyən hansı uşaq oyunlarını tanıyırsınız?
IV FƏSLƏ AİD ƏDƏBİYYAT
Azərbaycan dilində
Abdulkadir S. Mənim dinim. Bakı, 1994.
Aslanov E. El-oba oyunu. Xalq tamaşası. Bakı, 1984, 276 səh.
Azərbaycan etnoqrafiyası. III c. Bakı, 2007.
Azərbaycan folkloru antologiyası. VI c., Şəki folkloru, II c. Bakı, 2002.
Bəydilli C. Bütün sözlərdən ulu sözlər//Atalar sözləri. Bakı, 2004, 264 səh.
Əfəndiyev P. Şifahi xalq ədəbiyyatı. Bakı, 1981, 404 səh.
S.Əlizadə. müdrikliyin sönməz işığı//Oğuznamə. Bakı, 1987.
Həşimov M.İ. Oğuz-tərəkəmə xalq mərasimləri və meydan tamaşaları. Bakı, 1997, 232 səh.
Həşimov Ə. Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri. Bakı, 1970.
Həşimov Ə. Pedaqogika kursunun tədrisində xalq hikmətindən istifadə. Bakı, 1991, 240 səh.
Kamil Vəli Nərimanoğlu. Özümüz, sözümüz. Bakı, 2005, 621 səh.
«Kitabi-Dədə Qorqud». Bakı, 1988, 265 səh.
Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı, I c. Bakı, 2002, 680 səh.
Nəbiyev A. El nəğmələri. Xalq oyunları. Bakı, 1988, 168 səh.
Ramiz Əskər. Mahmud Kaşğari və onun «Divani-lüğat-it-Türk» əsəri (Azərbaycanca nəşrinə ön söz)//M.Kaşğari. «Divani-lüğat-it-Türk», I c. Bakı, 2006.
Rəhimli İ. Xalq oyun-tamaşaları. Bakı, 2002, 240 səh.
Türk dilində
Atalay Yörükoğlu. Çocuq ruh sağlığı. Ankara, 1986.
Rus dilində
Йохан Хейзинга. «Щоте луденс» //Статьи по истории культуры. М., 1997.
IV FƏSLƏ ƏLAVƏ
UNUDULMAĞA LAYİQ OLMAYAN OYUN
Uşaq oyunlarından biri də «aşıq-aşıq» oyunlarıdır.
Yaşıdlarımdan (və sonrakı daha bir neçə nəsil) «aşıq-aşıq» oynamayanı yoxdur. Amma həmişə bizdən böyüklər bizi aşıq oynamağa qoymurdular, biz də böyüyəndə aşıq oynayan uşağa ağıllı uşaq kimi baxmırdıq. Görəsən, niyə bütün oğlanların uşaqlığının böyük bir qismini həsr etdiyi bu fəaliyyət növünə həmişə kəc baxıblar? Niyə «aşıq-aşıq» oyunu üçün böyüklərin gözündən uzaq yer seçilirdi? (Böyükləri görəndə papağımızı çıxarıb, dümdüz duraraq salam verməkdən başqa nə edirdik ki?). Niyə hamı kimi, ömrünün ilk on beş-on altı ilini «aşıq-aşıq» oynamaqla keçirən folklorçu, etnoqraf alimlər bütün uşaq oyunları və oyuncaqları haqda danışırlar, aşıq haqqında yox?
Niyə? Axı elə xalqlar var ki, nəinki xalq həyatı ilə bağlı olan oyunları, hətta, ən qatı söyüşləri belə toplayıb, hifz edirlər.
Bu sualları araşdırmağı kənara qoyaraq belə bir qəti qənaətdəyəm ki, digər xalq oyunları kimi «aşıq-aşıq» oyunları da xalqımızın həyatı ilə bağlı olan mədəni hadisədir və o, etnoqrafik, folklor, etnopsixoloji və etnopedaqoji baxımdan tədqiq edilməlidir.
«Aşıq-aşıq» oyunları (bu oyunun adı ta qədimdən «aşıq oyunu» olub. Görünür, sonralar ozana «aşıq» adı verildiyindən oyunun adı dəyişdirilib. Amma bu oyunun əsas vasitəsi olan sümüyün adı «aşıq» kimi də qalmışdır) haqda şifahi xalq yaradıcılığındakı məlumatlardan aydın olur ki, uşaqların (bəzən böyüklərin də) iştirak etdikləri bu oyunun çox qədim tarixi vardır. Xalq içərisində geniş yayılmış «aşıq-aşıq» oyununun uşaqların ümumi inkişafında, onların əxlaqi, fiziki, estetik, iqtisadi tərbiyəsində, yaradıcı təxəyyülünün, təfəkkürünün, iradə və xarakterinin möhkəmlənməsində müsbət rolu şəksizdir. Xalq öz həyatı üçün gərəksiz olan heç nəyi qoruyub saxlamır, nəsildən-nəsilə ötürmür, onu yaşatmır.
«Sosial-iqtisadi formasiyaların və mədəni-məişət tərzinin dəyişməsi ilə əlaqədar olaraq müxtəlif oyun və əyləncələr yaradılmışdır. Özlərində qiymətli sosial elementləri mühafizə edib saxlayan bu oyun və əyləncələrin bir çoxu artıq aradan çıxmışdır. Oyunların bəzilərində ictimai formasiyaların ideologiyalarını, bəzən hətta zərərli, köhnə məişətin eybəcərliklərini, xurafatı əks etdirən elementlər də olmuşdur. Sonralar bu oyun və əyləncələrin bir çox nümunələri müəyyən dəyişikliyə uğramış, tədricən aradan çıxmış, yeni oyun və əyləncələr yaranmışdır»1.
Bu etnoqrafik müddəadan çıxan nəticəni belə ümumiləşdirmək olar: o oyun və əyləncələr unudulmamış, yaddan çıxmamış, xalqın tarixi boyu yaşayaraq bu günümüzə qədər gəlib çatmışdır ki, o «eybəcər», «zərərli», «köhnə», «xurafatı əks etdirən» deyildir. Deməli, «aşıq-aşıq» oyunları zərərli, lazımsız, qeyri-ciddi, unudulmalı, ağız büzməli, kənara atılmalı deyil!
Yazılı ədəbiyyatımızda «aşıq-aşıq» oyunu haqda ilk məlumat verən mənbələrdən biri «Kitabi-Dədə Qorqud» dastanlarıdır. Yeri gəlmişkən, dastanda həmin oyun «aşıq-aşıq» yox, «aşıq oynamaq» kimi verilmişdir:
«Dirsə xanın oğlancığı, üç dəxi ordı uşağı meydanda aşuq oynarlardı»2.
«Dirsə xan oğlı Buğac xan boyını bəyan edər, xanım, hey!...» adlı boydan götürülmüş bu cümlədən doğan iki qənaət də maraqlıdır: əvvələn, on beş yaşında da aşıq oynayırmışlar (Buğac buğanı öldürəndə on beş yaşına girmişdi); ikincisi, uşaqlar hamının – böyüklərin gözü qabağında – «meydanda aşıq oynarlardı».
«Aşıq-aşıq» oyunlarına dair bir neçə xalq deyiminə nəzər salaq:
«Onun aşığı həmişə «alçı» durur.
Xalq bu ifadəni, adətən, əksəriyyət tərəfindən qəbul edilməyən, qazandığı mənsəbə halal yolla nail olmayan, davranışı süni və saxta adamlar haqqında işlədir. Burada «aşıq-aşıq» oyunlarının təsiri açıq-aydın görünür.
Əvvələn, bu oyunlardan məlumdur ki, aşığı «alçı» duran adam oyunda qazanır. Amma bu qazanmaq xüsusi əmək sərf etmədən, oyunçudan xüsusi səy, qabiliyyət, bacarıq tələb etmədən baş verir. Yəni burada oyunçunun, şəxsin deyil, aşığın «şücaəti» əsas olduğundan əslində hətta «aşıq-aşıq» oyununda belə, aşığı tez-tez «alçı» duran oyunçu əsil usta hesab olunmur. Oyunçular, bir növ, onun qazancını tam halal hesab etmirlər.
İkincisi, sürtülərək zilaflaşdırılmış aşıq vasitəsilə oyunu udmaq da «hörmətsiz» uduş olurdu.
Buna görə də, layiq olmadığı halda həyatı boyu «üzdə olan», mənsəbdən və məqsədini həyata keçirməkdən ötrü heç bir vasitəni ar bilməyən yaltaq adam haqqında xalq arasında deyirlər: «Onun aşığı həmişə «alçı» durur». Yeri gəlmişkən, son dövrdə belə bir deyim də yaranıb: «erməninin aşığı həmişə «alçı»dır».
«Filankəs muşqurmamış «alçı» durandır».
El arasında yüngül xasiyyətli, ciddi olmayan, fikirləşmədən, fərqinə varmadan hər cür boş işi görməyə hazır olan adam haqqında deyilən ifadədir.
«Aş üstə onqa sümük (aşıq)».
Heç kimə xeyri dəyməyən, gərəksiz, müəyyən bir işdən ötrü irəli çəkilib, sonradan lazımsız olduğundan atılan və bu işin tez-tez təkrarlanmasına razı olan adam haqqında deyilən ifadədir.
«Aşıq-aşıq» oyunlarından bəllidir ki, «domba» («onqa») vəziyytində duran aşığı götürüb, yenidən atırlar.
Aşığı uduzub, çulqurna (çuruna) güvənir.
Əslində çoxlu imkanı olub bir iş görməyən, sonradan peşmanlayıb, həmin işi aldığı borcla görməyə çalışan adam haqqında deyilmiş ifadədir.
Bütün «aşıq-aşıq» oyunları üçün keçərli olan «çulqur» adlı bir qayda var. Uduzan oyunçu kənara çəkilib bir az gözləyir. Digər oyunçular aşıqlarını yerə atanda «çulqur» deyib, onları götürür. Bunun qarşısını almaqdan ötrü oyunçular əvvəlcədən «çulqur» deyə səslənməlidirlər.
Aşığı yığırlar, oynamaq üçün.
Əlində olan vəsaitdən müəyyən məqsəd üçün istifadə etməyin zəruriliyini vaxtının çatdığını göstərmək üçün işlədilən ifadədir. Aşığı torbalara yığıb saxlamağın heç bir əhəmiyyəti yoxdur. O, bir sümükdür və «aşıq-aşıq» oyunlarından başqa heç nəyə yaramır. Ondan yalnız oynamaq üçün istifadə olunanda müəyyən dəyərə malik olur.
Xalq bu deyimlə hər hansı imkanın, qiymətli əşyanın yalnız insan həyatı üçün gərəkli bir məqsəd üçün istifadə edildikdə həqiqi dəyəri ifadə etdiyini göstərmiş, hər şeydən vaxtında və düzgün istifadənin əhəmiyyətinə işarə etmişdir.
«AŞIQ-AŞIQ» OYUNLARI
«Aşıq» - xırda buynuzlu heyvanların arxa ayaqlarının orta oynağından çıxarılmış xüsusi formalı sümükdür. Həmin sümüyü ona bitişik vətərlərdən təmizlədikdən sonra «aşıq-aşıq» oyunu üçün yararlı hala düşür.
Aşığın altı üzü olur: «alçı», «toxan», «cik», «bök», «buynuz», «künə». «Alçı» aşığın yan-çökək tərəfi, «toxan» - yan qabarıq üzü, «cik» - çökək üz tərəfəfi, «bök» - qabarıq üz tərəfi, «buynuz» - dik qabaq tərəfi, «künə» - dik arxa tərəfi sayılır. «Aşıq-aşıq» oyunlarında, adətən, aşığın beş üzündən – beş vəziyyətindən istifadə olunur. Birinci dörd vəziyyət – «alçı», «toxan» «cik» və «bök» adlandığı kimi də istifadə olunur. «Buynuz» və «künə» tərəfləri üstə duran aşığa «domba» (bəzi yerlərdə «onqa») deyilir.
Əgər oyun zamanı aşıq «domba» durursa, onu əlin içinə götürüb, azca hündürə tullayırlar ki, qalan dörd tərəfdən birinin üzərində dursun.
Aşıqlar həm də «sol» və «sağ» olur. Bu, belə müəyyən edilir: Aşığı elə qoymaq lazımdır ki, «cik» tərəfi torpağa, «bök» tərəfi oyunçulara sarı, «buynuz» tərəfi sağa, «künə» tərəfi sola istiqamətlənsin. Bu halda, «toxan» üzü oyunçuya tərəfdirsə, aşıq «sağ», «alçı» üzü oyunçuya tərəfdirsə, aşıq «sol»dur.
Heyvanın əti çiy olanda çıxarılan aşıq, bişirildikdən sonra çıxarılan aşıqdan ağır olur.
Bəzi yerlərdə dağ keçilərinin – avların aşığından da istifadə olunur. Belə aşığa «av aşığı» deyilir. «Av aşığı» ev heyvanlarının aşığına nisbətən daha iri, daha ağır və enli olur. «Av aşığı»ndan «səqqə» kimi istifadə etməkdən ötrü oyunçular arasında xüsusi razılaşma lazımdır.
«Aşıq-aşıq» oyunlarının növündən asılı olaraq hər bir oyunçunun, «əsas silahı» kimi 50-100 aşığın içərisindən seçdiyi, «əlinə yatan» xüsusi bir aşıq olur. Belə aşığa «səqqə» deyilir. Məsələn, «şökü» oyunu üçün aşıq «duruşqal» olmalıdır, yəni onu yerə atanda daha çox «alçı», yaxud «toxan» durmalıdır. «Qalaqurma» (çox yerdə bu oyun «Qələşəngi» adı ilə məşhurdur; həmin sözün leksik mənasını, etimologiyasını bilmədiyimizdən «Qalaqurma» adını daha münasib hesab edirik) oyununda «səqqə»nin ağır və «duruşqal» olması lazımdır. «Cızıq» oyununda «səqqə» ağır və yerlə yaxşı sürüşə bilən olmalıdır və s.
Bəzən «səqqə»ni bu keyfiyyətlər üçün «hazırlayırlar». Bundan ötrü oyunun növünə uyğun «səqqə» üzərində «əməliyyat aparılır». Məsələn, «səqqə»nin müəyyən tərəfini sürtüb hamarlamaqla onu «duruşqal» olmağa məcbur edirlər. Belə aşığa «zelaf (zilaf) aşıq» deyirlər. Yaxud, aşığı ağırlaşdırmaqdan ötrü onun ortasını qızdırılmış şişlə («sümbə» ilə) deşib, ora əridilmiş qurğuşun tökürlər.
«Aşıq-aşıq» oyunlarında «səqqə»nin özünəməxsus yeri olur. «Səqqə» oyunçunun sevimli aşığı, əsas silahıdır. Hər hansı oyunda bütün aşıqlarını uduzan oyunçu, adətən, «səqqə»sini özündə saxlayır.
Bəzən elə olur ki, uduzmağı ilə barışmayan oyunçu «səqqə»mə qur!», «səqqə»mə oynayıram» deyə rəqibə «səqqə»si müqabilində daha bir dəfə oyunu təkrarlamağı təklif edir. Rəqib bu təkliflə razılaşmaya da bilər. Bəzən də udan oyunçu rəqibindən «səqqə»nə qurum?, «səqqə»nə neçə aşıq verim?» deyə soruşur. Əgər oyunçu razılaşıb, aldığı aşıqları da uduzursa, «səqqə»sini verməli olur. «Səqqə»ni uduzmaq aşıq oyunçuları arasında rüsvayçı hal sayılır. Qalib oyunçu rəqib haqqında «səqqə»sinə qədər uddum» deyirsə, ona ancaq qalib gəldiyini bildirir. Əgər «səqqə»sini də aldım» və ya bu ifadəni məcazlarla ifadə edərək «onu sağdım» deyirsə, uduzanı oyunçular arasında nüfuzdan salmış olur. Buna görə də ləyaqətini gözləyən oyunçu heç vaxt «səqqə»sini oyuna çıxarmır.
Yeri gəlmişkən, «aşıq-aşıq» oyunlarında tez-tez rast gəlinən bir məsələ də qeyd olunmalıdır. Oyunçu «səqqə»ni yerə atarkən, onun lazımı üzü üstə, daha çox isə «alçı» düşməsini istəyirsə, dodaqlarını büzüb, nəfəsini iki dəfə qısa şəkildə içəri çəkərək fitə oxşar bir səs çıxarır ki, buna «müşqurmaq» deyirlər. Guya «muşqurduqda» aşıq ondan «alçı» durmağın tələb olunduğunu başa düşəcək. Bəzən oyunçu «səqqə»sini, canlı imiş kimi, tərifləyərək «mənim «səqqə»m muşqurmamış da alçı duracaq» deyir.
Bəzən aşıqları müxtəlif rəngli boyalarla boyayırlar. Bunlara «boyalı aşıq» deyirlər.
Boyalı aşıq haqqında ritmlə oxunur:
«Qırmızı qız ellə
Gətirər yüz əllə» və s.
«Aşıq-aşıq» oyunlarının növləri bunlardır:
«Şörümə»
«Qusdurma»
«Çıxma»
«Şökü»
«Qalaqurma»
«Sultan»
«Cızıq» və s.
Dostları ilə paylaş: |