Oğlum, bilirəm ki, mən öləndən sonra da yüngül həyatını davam etdirəcəksən. Amma bu üç vəsiyyətimə əməl etməyi boynuna babal qoyuram.
Əvvəla, tanımadığın nəsildən qız alma! Əgər eşq səni dəli-divanə etsə, mütləq almaq istəsən, heç olmasa, soraqlaşıb anasının kimlərdən olduğunu, qonşularla necə yola getdiyini öyrən, sonra qızını al!
İkincisi, qumar oynama! Görsən ki, özünlə bacara bilmirsən, mütləq oynamalısan, onda qumarbazların başçısını tap, onunla oyna.
Üçüncüsü, bu iki dediyimi eləməsən, yaman günə qalacaqsan. Elə hala gələcəksən ki, başına kül tökməli olacaqsan. Heç olmasa, o zaman dediyimi elə! Başına alçaq küllükdən yox, uca küllükdən kül ələ!
Kişi bunları deyib ölür. Nə isə, el yığışıb onu dəfn edir. Oğlan atasının üçünü, qırxını verir. Hər şey yaddan çıxır.
(Birinci və üçüncü vəsiyyətlər barədəki əhvalat mövzumuza aid olmadığından oxucuları yormaq istəmədik!). Bir az pul götürüb qumar oynamağa gedir. Qumarxanaya girəndə atasının ikinci vəsiyyəti yadına düşür. «Bəs, dədəm demişdi axı, qumarbazların başçısını axtarıb tapım. Qoy heç olmasa, bu vəsiyyətinə əməl edim».
Ona oynamaq təklif edənlərə, «yox, mən qumarbazların başçısı ilə oynayacağam» deyir. Ona xəbər verirlər ki, qumarbazların başçısı bura az-az gəlir. Amma bir neçə müddətdir ki, görünmür. Özü filan kənddəndir, adı da filankəs.
Oğlan həmin kəndə gəlib, onun evini soruşur. Deyirlər ki, evi kənddən qıraq bir yerdədir və heç kəs də onnan, «gəl-get» eləmir.
Oğlan göstərilən səmtə gəlib görür ki, burada bir kalafadan başqa ev yoxdur. «Əşşi, buracan gəlmişəm, qoy bir kalafaya da baxım» deyib, içəri boylanır. Görür ki, içəridə qurşağacan torpağa quylanmış çılpaq bir adam var. Qayıtmaq istəyəndə həmin adam səslənir.
- A bala, kimsən? Allah xatirinə getmə! De, görüm, nə axtarırsan?
Oğlan başına gələnləri əvvəldən axıracan ona danışıb indi də qumarbazların başçısını axtara-axtara bura gəlib çıxdığını söyləyir.
Adam deyir:
- Gəl, sən mənnən bir əl aşıq ataq. Məni uda bilsən, qumarbazların başçısı ilə də oynaya bilərsən. Sənə onun yerini nişan verərəm.
Adam oğlandan dörd aşıq alıb pəncərə yerindən damın üstünə atır və üzünü oğlana tutur:
- Mən sənə inanıram, get, damın üstündə aşıqlara bax! Dörd üzü sənin, «domba» duran aşıq mənim.
Oğlan dama baxıb görür ki, aşıqların dördü də «domba» durub.
Adam üzünü ona tutub deyir:
- Allah, sənin atana rəhmət eləsin! Sənə, yerinə yetirsən, çox ağıllı vəsiyyət edib. Ey oğlan, bil ki, qumarbazların başçısı mənəm! Qumarı da bu qədər gözəl oynayıram. Amma, bununla belə, bu kalafa mənim evimdir. Paltarım da olmadığından gündüzlər torpağa girib, gecələr bayıra çıxıram. Qumar oynama, bala! Onun axırı yoxdur!
Diqqət edilsə, ürəyində bu cür oyuna həvəs yaranmış uşağa təsir etməyin xalq müdrikliyi ilə cilalanmış incisi olan bu nağıldan güclü vasitəsini tapmaq mümkün deyildir.
«Çıxma»
Sadə «aşıq-aşıq» oyunudur. Əsasən, iki nəfər oynayır. Oyun üçün xüsusi təşkilin və hazırlığın olması vacib deyil.
Oyunçulardan biri dayandıqları yerdən öz «səqqə»sini müəyyən məsafəyə atır – «çıxır». Digər oyunçu «səqqə»si ilə onu vurmalıdır. Əgər vura bildi, bir aşıq alır, vura bilməsə, bir aşıq verməlidir.
Oyun zamanı riayət olunmalı şərtlər:
Əvvəlcə, oyuna birinci başlayacaq iştirakçı müəyyən edilməlidir. Bundan ötrü ən «ədalətli» qayda hər iki «səqqə»nin ovucun içindən atılmasıdır. «Səqqə»si «alçı», yaxud «toxan» duran oyunçu «vuran» oyunçudur, yəni rəqib birinci «çıxmalıdır».
Əgər vuran oyunçunun «səqqə»si, «çıxan» oyunçunun «səqqə»sinə dəyməyib, lakin «alçı», yaxud «toxan» durubsa, oyunçu aşığın olduğu yerdən «çıxan»ın «səqqə»sini təkrar vura bilər.
Razılaşma olmasa, üzərində «əməliyyat» aparılmış «səqqə»dən istifadə etmək olmaz.
Oyun razılaşdırılmış miqdarda aşıq udana qədər və ya oyunçulardan birinin aşığı qurtaranacan davam edir.
«Sökü»
(Bəlkə də «şöngümək» sözündən əmələ gəlib).
Bir neçə oyunçu iştirak edə bilər. Adi aşıqlarla və ya «səqqə» ilə oynanıla bilər. Uduzan oyunçu «səqqə»nin əvəzinə başqa aşıq da verə bilər.
Oyunçular növbə ilə aşıqlarını yerə, atırlar. «Alçı» duran aşıq bütün «cik»ləri, «toxan» duran aşıq bütün «bök»ləri «yeyir», yəni aşığı «alçı» duran oyunçu yerdəki «cik» aşıqları, «toxan» duran aşıq «bök» aşıqları götürür. Əgər bir aşıq «alçı», o birilər «bök»dürsə, yaxud bir aşıq «bök», o birilər «cik», eləcə də bir aşıq «cik», o birilər «bök»dürsə, azlıqda qalan aşığın oyunçusu oyuna birinci başlayır. Əgər aşıqlar eyni üzü üstə düşüblərsə, götürüb, təzədən atırlar. Oyunçuların sayı çox olduqda, iki aşıq «alçı» və «toxan» durubsa, bütün qalan oyunçular aşıqlarını götürüb, yenidən atmalıdırlar.
Aşıqlar yerə düşdükdən sonra oynun ikinci hissəsi başlanır. Bu hissədə əsas məqsəd rəqibin aşığını əks üzünə çevirməkdir. Məsələn, aşıq «cik» durubsa, onu öz aşığınla vurub «bök» etməlisən. Əksinə «bök»dürsə onu vurub «cik» vəziyyətinə salmalısan. Əgər vurulan aşıq və ya vuran aşıq diyirlənərək bir-birini «yeyən» vəziyyətdə dururlarsa («alçı – cik», «toxan» - «bök»), «alçı», yaxud «toxan» vəziyyətində duran aşığın sahibi o biri aşığı götürür. «Domba» duran aşığı götürüb azacıq hündürə tullayırlar ki, o, oyun üçün yararlı vəziyyətdə dursun. Əgər vurulan və vuran aşıqların hər ikisi «alçı», yaxud «toxan» durubsa, oyun yenidən başlayır.
Vurulan aşığı o biri üzü üstə çevirmək mümkün olmayıbsa, həmin oyunçu vuran aşığı çevirməyə çalışmalıdır. Oyunçulardan biri qalib gəldikdən sonra, üçüncü oyunçunun aşığını vurur və beləliklə son oyunçuya qədər oyun davam edir. Axıra qalan oyunçu növbəti oyunda hamıdan sonra oyuna qatılır.
«Sökü» oyununda aşığı vurma qaydaları:
1. Oyunçu rəqibinin aşığını məsafədən, yəni «səqqə»ni tullayaraq və ya bilavasitə «səqqə»si ilə aşığı «çırtaraq» vura bilər. «Çırtma» bu cür həyata keçirilir: baş və şəhadət barmaqla aşığın «alçı» və «toxan» tərəflərindən tutaraq onu rəqibin aşığına dayayırlar. Sonra barmaqları bərk sıxıb, şəhadət barmağı özünə tərəf çəkib, eyni anda baş barmaqla rəqib aşığını qüvvətlə itələyirlər.
«Çırtma» geriyə də ola bilər. Bu halda baş barmaqla «səqqə»ni üst tərəfdən özündən itəliyir, ortancıl barmaqla rəqibin aşığına sıxılmış aşığı qüvvətlə özünə sarı çəkir, «çırtırlar».
Rəqibin aşığını «çırtmaq» istərkən barmaqlar vurulan aşığa dəyməməlidir.
«Çırtma» zamanı əgər rəqib aşığa qədər məsafə bir az uzaqdırsa, o biri əli və ya dizi yerə vurmaq olmaz.
Rəqib aşığını mümkün qədər uzağa «çırtmaq» lazımdır ki, əgər o, digər üzü üstə dönməzsə, rəqib sənin aşığını asanlıqla vura bilməsin.
Əgər rəqib «səqqə»ni vura bilmirsə, bir aşıq verməlidir.
Dostları ilə paylaş: |