Ümumiyyətlə, ovçuluq, balıqçılıq, ipəkçilik, hana nəğmələrinin pedaqoji mahiyyəti onların gənc nəslin tərbiyəsi və inkişafı ilə sıx bağlı olmasındadır. Həyatı ayrı-ayrılıqda bu peşələrlə bağlı, firavanlığı – öz peşəsinə necə yiyələnməyindən asılı olan insanlara uşaqlıqdan peşənin sirlərini öyrətmək zəruri idi. Uzun illərin təcrübəsi əsasında müdrikləşən adamlar peşəni nəğmələrlə öyrətməyin üstünlüklərini də anlayırdılar.
Nəğmələr təkcə bilik verməyib, həm də gənc nəsildə müxtəlif əxlaqi, estetik, fiziki keyfiyyətlər aşılanmasında mühüm vasitələrdir.
Nəğmələr, əvvəldə deyildiyi kimi, böyüyən nəslə estetik təsir baxımından çox güclü vasitələrdir. Həm də bu təsir nəğmələrin təkcə poetik formasının gözəlliyindən yox, onların məzmununun da cəlbedici olmasından asılı olur; nəğmələr gənc nəsildə əməyə düzgün münasibət, davranış gözəlliyi, ləyaqət, müsbət əxlaqi keyfiyyətlər aşılayır.
Nəğmələr həm də adət-ənənələrin poetikləşdirilmiş ifadə vasitələridir. Xalq nəğmə vasitəsi ilə şəxsiyyətin müxtəlif keyfiyyətlərinin formalaşdırılmasını həyata keçirir ki, burada üstün yer əməyə verilir. Yalnız əmək prosesində, gündəlik çalışmaqla möhkəm sağlamlıq qazanılır, estetik zövq inkişaf edir, xarakterin mühüm əlamətləri, kollektivçilik formalaşır, ağıl zənginləşir.
Xalq pedaqogikasının vasitələri nə qədər çoxsaylı olursa-olsun, onların hər birinin özünəməxsus yeri vardır. Xalq uzun əsrlərin təcrübəsi sayəsində tərbiyə vasitələrini təbii, əqli, estetik və etik baxımdan dəyərləndirir, seçir, yalnız lazım olanı öz genefonduna daxil edir.
Bu sahədə nəğmələrin xüsusi yeri vardır. Nəğmə insanı bütün ömrü boyu müşayət edir. O insanın hisslərinə təsir etməklə onun şüurunu və davranışını da nizamlayır. Məhz bu xüsusiyyətinə görə də onu xalq pedaqogikasının çoxtərəfli təsir vasitəsi hesab edirlər.
4.3.2. Xalq oyunlarının pedaqoji mahiyyəti
«Azərbaycan dilinin izahlı lüğəti»ndə «oyun» anlayışı bu cür şərh edilir. «Oyun – əylənmək və vaxt keçirmək üçün bir neçə adam (əsasən uşaq) arasında icra olunan müxtəlif əyləncə, məşğələ».
Bu gün elmi tədqiqatlar sübut edir ki, insalarda dil vasitəsilə ünsiyyətdən çox-çox əvvəllər hərəkətli oyunlarla ünsiyyət, niyyəti çatdırmaq imkanları mövcud olmuşdur. Yəni oyunu ancaq əyləncə və vaxt keçirmək vasitəsi hesab etmək düzgün deyil.
«Oyun» sözünün mənşəyi, etimologiyası ilə bağlı müxtəlif fikirlər vardır. Bu fikirlərin ümumiləşdirilmiş nəticələrinə əsasən iki qənaəti düzgün hesab etmək olar:
1. Oyun hər cür mədəniyyətdən, o cümlədən «türkdilli xalqların mifolojisi, qam-şaman görüşləri, mərasim – meydan tamaşalarından» (16, 12) əvvəl yaranmışdır. Amma «qam-şamanın ayrı-ayrı ayinləri icra etdikləri ritual hərəkətləri oyun yaxud rəqs hesab edilə bilməz» (13, 396) hökmü ilə də razılaşmaq düzgün olmazdı.
Çünki, əvvələn, qam-şaman bəşəriyyətin inkişafının müəyyən dövründə meydana gəlib və mədəniyyətin ilkin ünsürlərinin daşıyıcısıdır. Oyun isə mədəniyyətdən qədimdir. İkincisi, qam-şaman hərəkətləri və bütöv ayinləri tam mənası ilə oyundur, düşüncənin, təfəkkürün, inamın, arzu və diləyin ifadə tərzidir.
2. «Oyun» sözünün kökü «oy»dur və ta qədimdən indiyədək türkdilli xalqların əksəriyyətində «ağıl», «fikir», «düşüncə» anlamını ifadə edir.
Oyun bəşəri inkişafın ən qədim və mühüm vasitələrindəndir. Oyunun fəlsəfi, psixoloji, pedaqoji, bioloji, folklor və mədəniyyətşünaslıq baxımından öyrənilməsi göstərir ki, o, «möcüzələr möcüzəsi»dir. Oyun insan həyatının o qədər əsrarəngiz ünsürüdür ki, onun insan tərəfindən yaradıldığı şübhə doğurur. Oyun – insana yaradılışdan bəxş edilən Allah möcüzəsidir! İnsan ancaq onun müxtəlif təzahür formalarını kəşf edə bilər.
Oyunun tədqiqi tarixinə nəzər saldıqda bu həqiqət bir daha aşkarlanır.
Belə tədqiqlərdən biri niderland tarixçisi, filosof və mədəniyyətşünası Yoxan Heyzinqaya (1827-1945) məxsusdur. Mədəniyyətin oyun konsepsiyasının müəllifi olan Y.Heyzinqa onu bütün dünyada məşhurlaşdıran «Oynayan insan» əsərində isbat edir ki, «oyun – mədəniyyətin mənbəyidir» (18), mədəniyyət əvvəlcə oynanılır, sonra formalaşır. Oyun instinktləri insana təbiətən məxsusdur. Mədəniyyətin daha yüksək formalarına nail olmaq məhz həmin instinktlərlə bağlıdır. Mədəni həyatın qüdrətli hərəkətverici qüvvələri olan hüquq və qayda-qanun, ünsiyyət, sahibkarlıq, peşələr və incəsənət, elm və s. məhz oyunla yaranır. Oyun sosial həyatın zəruri üsuludur.
Y.Heyzinqanın fikrincə, oyun mədəniyyətdən daha qədimdir. Çünki, mədəniyyətə necə mükəmməl tərif verilirsə-verilsin, o insan cəmiyyətini nəzərdə tutur. Amma heyvanlar, insanların onları əhliləşdirməsindən də əvvəl eynən insanlar kimi oynayırdılar. Oyunun bütün xarakterik cəhətləri heyvanların hərəkətlərində (oyununda) mövcud idi.
Qədim insanların həyat üçün zəruri olan fəaliyyətləri məhz bu cür oyunların icrası ilə müşayət olunurdu. İnsanın istənilən fəaliyyətini idrakımızın imkan verdiyi səviyyəyə qədər təhlil etsək, görərik ki, o, oyundan başqa bir şey deyildir.
Bu qənaət sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin «Xalq oyun – tamaşaları» adlı əsərində də təsdiq olunur. Milli «oyun» mədəniyyətini təhlil edərək müəllif yazır:
«İnsanların ov ovlaması, quş quşlaması özü böyük bir oyun idi. Ova çıxanlar hərəsi bir səmtdə, gizləndikləri yerdə hərəkətlərlə «danışır», özləri də düşünmədən oyun anlamının ifadə vasitələrini zənginləşdirirlər. Amerika qitəsində Hindu tayfaları, Afrikada cəngəlliklər sakinləri, Asiyada çinlilər, Subyerdən (Sibirdən), Altaydan üzü Xəzərə (Xas ər. Xəzər dənizi) bütün ər türklər... bir-birindən xəbərsiz olublar və bu şəksizdir. Amma onların hamısı ovu böyük oyun ritualında icra ediblər: vəhşi heyvanın dərisinə burunub əllərindəki ibtidai silahlarla onu öldürmək üçün şikara yaxınlaşırdılar; hərə öz yurdundakı quşun səsini çıxarmaqla cələ qurub, ov gözləyib; ovlanan qida qənimətinin dövrəsində hərəkət oyunları göstərib» (16, 5-6).
Yaşar Qarayev xalqların oyun – tamaşa irsi barədəki müasir elmi «oyunşünaslıq» adlandıraraq onu – etnoqrafiya, folklorşünaslıq, teatr və idman tarixinin kəsişib qaynaq və qovşaq təşkil etdiyi bir elm sahəsi hesab edir.
Azərbaycan xalq pedaqogikasının müqtədir tədqiqatçısı, professor Əliheydər Həşimov pedaqoji elmin nadir incilərindən sayılan «Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri» adlı əsərində uşaqların fiziki tərbiyəsindən danışarkən xalq oyunlarının əhəmiyyətinə də toxunur. Xalq pedaqojisini incəliklərinə qədər bilən, xalq müdrikliyini mənimsəyərək özü də «dədələşən» görkəmli alim xüsusi olaraq tədqiq etmədiyi (bəlkə də, tədqiqini ertələdiyi) xalq uşaq oyunlarından, bu oyunlar zamanı istifadə olunan oyuncaqlardan bəhs edərək yazır:
Dostları ilə paylaş: |