Birinci dövrü etnopedaqoji ideyaların meydana çıxması, təlim-tərbiyə işlərində, insan şəxsiyyətinin formalaşmasında xalq pedaqogikasının əvəzedilməz imkanlara malik olmasının pedaqoji aləm tərəfindən qəbul edilməsi dövrü adlandırmaq olar. Tərbiyənin xəlqiliyi haqda ideyanı nəzəri və praktik olaraq əsaslandıranlardan biri böyük rus pedaqoqu K.D.Uşinski olmuşdur. O yazırdı: «Hamı üçün ümumi olan təkcə bir fitri meyl var ki, tərbiyə ona həmişə arxalana bilər: biz onu xəlqilik adlandırırıq». O belə hesab edirdi ki, «Xalq tərəfindən yaradılmış və xəlqi əsaslara söykənən tərbiyə elə bir tərbiyəvi gücə malikdir ki, bu güc mücərrəd ideyalara əsaslanan və ya başqa xalqlardan alınan ən yaxşı sistemlərdə belə yoxdur». Uşinskiyə görə, xəlqiliyin ən yaxşı ifadəsi ana dilidir: «Dil xalqın içərisindən ölüb gedənləri, yaşamaqda olanları və gələcək nəsilləri böyük tarixi və canlı bir tam şəklində birləşdirən ən canlı, ən məhsuldar və ən möhkəm əlaqədir. Dil nəinki xalqın həyatiliyini özündə ifadə edir, o eyni zamanda, məhz həyatın özüdür. Ana dili yox olan kimi, artıq xalq özü də yox olur».
Bu dövrdə artıq mətbuat səhifələrində milli inamlar, vətənpərvərlik, adət-ənənələrə əsaslanan dövlət tərbiyə konsepsiyaları da geniş müzakirə olunurdu.
Bu konsepsiyalardan birinin müəllifi olan K.P.Pobedonosçevin fikrincə, rus milli tərbiyəsinin mahiyyəti qanuna əməl etmək, ictimai həyat qaydalarına tabe olmaq kimi keyfiyyətlərlə müəyyən olunur. Rus milli tərbiyəsinin əxlaqi əsasları ənənəvi ailə ilə bağlıdır, buna görə də ailə-məişət şəraiti ilə bağlı olmayan təlim-tərbiyə valideynləri gələcək köməkçilərindən məhrum edir, uşaqları pozğunlaşdırır. O, cəmiyyətin əxlaqi səviyyəsinin məktəb təhsilinin vəziyyətindən asılılığı haqda fikri qətiyyətlə rədd edirdi. Belə hesab edirdi ki, əxlaqi mahiyyət daşımayan biliklər mənasızdır və sahibinə də, cəmiyyətə də lazım deyildir.
Rus milli tərbiyəsi haqda diskussiyanın digər iştirakçısı P.İ. Kovalevski, öz əsərlərində bu tərbiyənin əsas prinsiplərini işləyib hazırlamışdı. Onun fikrincə, məktəbin əsas məqsədi öz Vətənini sağlam, ağıllı, həqiqi məhəbbətlə sevən, yaxşı, namuslu vətəndaş böyütmək, onun humanist, xeyirxah insan olacağına təminat verməkdir.
Etnopedaqoji tədqiqatlar tarixinin birinci mərhələsində Azərbaycan pedaqoji fikrinin səciyyəvi xüsusiyyəti odur ki, dövrün əvvəllərində meydana çıxan nadir dərs vəsaitlərində xalq pedaqogikası materiallarından nümunələr verilirdisə, XX əsrin əvvəllərində artıq ana dili uğrunda, milli məktəb uğrunda mübarizə hərəkatı geniş vüsət almağa başlamışdı.
Aydınlıq naminə son dərəcə yığcam şəkildə tarixi keçmişimizdən bəzi faktları yada salaq. Hələ 1852-ci ildə Mirzə Şəfi Vazeh və Tiflis gimnaziyasının müəllimi İ. Qriqoryevin birlikdə tərtib etdikləri «Kitabi-türki» dərsliyinin birinci fəslində çoxlu etnopedaqoji nümunələr verilmişdi. «Hikmətlər və nəsihətlər» başlığı altında təqdim edilən nümunələrə misal olaraq «Evdən irəli qonşu axtar, yoldan irəli-yoldaş», «Ağıllı düşmən nadan dostdan yaxşıdır», «Lal dil yaxşıdır yalançı dildən», «Alimin bir günü yaxşıdır cahilin hamı ömründən», «Tələsməkdə peşmançılıq var, səbirdə-salamatlıq», «Kim ki, tikan əkər, ondan üzüm dərməz», «Kim ki, eyibsiz dost axtarsa, dostsuz qalar», «Bu günün işini sabaha qoyma» və s. el kəlamlarını göstərmək olar. Yaxud, 1866-cı ildə şərqşünas alim L.M.Lazarevin tərtib etdiyi «Türk dilinin müqayisəli müntəxabat»ında başqa xarakterli etnopedaqoji nümunələrlə bərabər 283 atalar sözü də verilmişdi.
1882-ci ildə A. O.Çernyayevskinin «Vətən dili» (I hissə) kitabı çapdan çıxdı. Əlifba kimi istifadə olunan bu dərslikdə çoxlu etnopedaqoji material verilmişdi. Kitaba 46 məsəl, 24 atalar sözü, 20 tapmaca, 1 yanıltmac daxil edilmişdi. Onlardan bir neçəsini nəzərdən keçirək:
Dostları ilə paylaş: |