Qonşuya münasibət haqda:
Yaxın qonşu uzaq qohumdan yaxşıdır.
Qonşu qonşunun itiyini bayatı çağıra-çağıra tapar.
Qonşu qonşu olsa, kor qız ərə gedər.
Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
Qonşu muncuğun oğurlayan gorda taxar.
Qonşunun quzusu qonşuya qoç görünər.
İnsanın özünə, başqalarına, həyata, dünyaya, cəmiyyətə münasibətində təzahür edən, təxminən, iki mindən yuxarı əxlaqı keyfiyyətin demək olar ki, hamısı barədə atalar sözü mövcuddur. Xalq bu atalar sözlərində, bir tərəfdən, müxtəlif sahələrə dair biliklərini kristallaşdıraraq mühafizə etmiş, gələcək nəsillər üçün saxlamış, digər tərəfdən, gənc nəslin tərbiyəsində ondan sınanmış bir vasitə kimi istifadə etmişdir. Əxlaq tərbiyəsinə aid yuxarıda misal gətirdiyimiz atalar sözlərindən hər birini ayrılıqda və ya aid olduğu şərti qrup daxilində incələməklə dediklərimizi sübut edə bilərik.
Məsələn, qonağa münasibət haqda yuxarıda verilmiş atalar sözlərindən ilk beşi qonağa hörmət, qonaq qarşılamaq haqqındadır. Azərbaycan xalqının mənəvi keyfiyyətlərindən bəhs edərkən, hətta əcnəbilər belə, əhdinə, sözünə sədaqəti və qonaqpərvərliyi ilk olaraq göstərirlər. Bizdə hər şeyin yaxşısı qonaqdan ötrüdür. Çünki o, «Allah qonağıdır».
Bəs nə üçün ilk baxışda qonağa sayqı göstərilməməsini təlqin edən atalar sözlərinin sayı bu qədər çoxdur? (Bizim misalda həmin qrupdakı son beşi kimi).
Diqqət edilsə, aydın görünür ki, xalq həmin atalar sözləri vasitəsilə insanlarda, xüsusilə gənc nəsildə məhz bu sahəyə dair müsbət sayılacaq əxlaqi keyfiyyətlər aşılamağı nəzərdə tutur. Əgər hörmətli, sayılan qonaq olmaq istəyirsənsə, həmin evə tez-tez getmə. Çünki əvvəlcə «səni gül üstündə» oturdan ev sahibi təngə gəlib sonralar «çul-çapıdın və külün» üstündə oturda bilər.
Və ya qonaq gedəndə də çox oturub ev sahibini yormamalı, onu «get» demək mənasında olan «altından palazı çəkməyə» məcbur etməməlidir. Həm də qonaq getməyin də bir vaxtı olmalıdır. Əgər «umduğunu»da olmasa, heç olmasa, «sənə təqdim olunanı» yemək istəyirsənsə, qonaqlığa «gec getmə» ki, «öz kisəndən» yemək məcburiyyətində qalmayasan, başqa sözlə, yeməyə bir şey tapmadan ac qalasan.
Yaxud başqa bir atalar sözünə – dostluq haqda, demək olar ki, hamının ilk yadına düşən belə bir atalar sözünə diqqət verək:
Dost dosta tən gərək, tən olmasa, gen gərək.
Aparılmış sorğu zamanı bu atalar sözünün nəyi ifadə etdiyini, sətiraltı mənasını və daha çox kimlərə ünvanlandığını müəyyən etmək tapşırığına müxtəlif cavablar alınmışdı. Daha çox ali məktəb tələbələri arasında aparılmış sorğuya alınmış cavabları bu cür ümumiləşdirmək olar:
«Dostlar bir-birinin yarısı olmalı, bütün davranışlarında bir-birini tamamlamalıdırlar. Dostların bir-birinə ehtiyacı olmalıdır və onlar bir yerdə olaraq bu ehtiyacı ödəməlidirlər. Əgər bunu edə bilmirlərsə, bir-birindən aralanmalı, dostluq etməməlidirlər».
Göründüyü kimi, bu ümumiləşdirməyə aid cavab verənlər «tən» sözünü «yarım», «yarısı» kimi başa düşmüşlər. Atalar sözünün ikinci tərəfini isə, «bir-birini tamamlaya bilmədikləri halda dostluğa son qoyulmalıdır» kimi başa düş-müşlər.
Bir qrup cavablarda «tən» sözü «bərabər» kimi başa düşülmüşdür. Bu cavablarda dostluq edənlərin bir-birini bərabər səviyyədə sevməsi, hörmət etməsi əsas götürülür. Məsələn,
«Dostlar dostluğu eyni cür qiymətləndirməlidirlər. Onlar bir-birini düzgün başa düşməli, bir işarədən anlayıb birgə olmalıdırlar. Həmçinin dostunun xeyrini öz xeyri, şərini öz şəri kimi qəbul etməlidirlər. Əgər belə deyilsə onlar bir-birindən «gen gəzməli», dostluq etməməlidirlər».
Təklif olunan aşağıdakı variantı isə tələbələrin əksəriyyəti çətinliklə qəbul etmiş, bəzən öz etirazlarını açıq bildirmiş, bəzən göstərilən arqumentlərlə razılaşmadıqları səssiz reaksiyalarından bəlli olmuşdu. Cavab variantı isə bu cür idi:
«Dostluq eləmək istəyən adamlar hər cəhətdən bir-birinə bərabər – eyni səviyyədə olmalıdır. Xasiyyətcə bir-birinə uyuşmalı, ağlına, imkanlarına, mövqeyinə, var-dövlətinə həyatı dərketmə, hadisələri qiymətləndirmə qabiliyyətinə görə bərabər olmalıdırlar. Əks təqdirdə birinin-digərindən üstünlüyü, digərinin asılılığı üzə çıxacaq. Bu zaman insanların əksəriyyətinin daxilində olan xudbinlik, yekəxanalıq və eyni zamanda utancaqlıq, həsəd kimi hisslər özünü büruzə verə-cək.
Bütün bunların baş verməməsi üçün ya dostlar mümkün qədər bir-birinə bərabər olmalı, və ya mümkün qədər bir-biri ilə vaxtaşırı görüşməlidirlər, «gen olmalıdırlar». Həyat göstərir ki, qarşılıqlı hörmətin, o cümlədən dostluğun saxlanılmasından ötrü müəyyən ölçüdə ayrılığın olması zəruridir. Müəyyən vaxt intervalından sonra görüşən dostların bir-birinə mənəvi ehtiyacı, onların maddi qeyri-bərabərliyinin hiss olunmasına imkan vermir.
Göstərilən atalar sözünün birinci tərəfinin məhz dostluqda bərabərliyi əsas götürməsini təsdiq edən başqa bir atalar sözü də mövcuddur: «Dostunu mənə göstər, deyim sən necə adamsan». Yəni insan özünə tay, bərabər, xasiyyətcə uyuşduğu, barışdığı adamla dostluğunu davam etdirə bilər. Dostun necə adamdırsa, sən də o cürsən.
Bəs nə üçün «dost ya bir olar, ya iki?!». Çünki «bir-birindən gen olmağın» da müəyyən ölçüsü var. Əgər dostluq həqiqidirsə, tərəflərin bir-birinə olan mənəvi ehtiyacı onları mütəmadi görüşdürür. Bəzən həyat, gündəlik qayğılar bu ehtiyacı üstələyir. O zaman dostlar «ələkdən keçir», seçilir, «ya bir olur, ya iki».
Beləliklə, eyni atalar sözlərini müxtəlif cür incələmək olar. Burada insanların dünyagörüşü, əxlaqi tərbiyəsi və ən əsası həyati təcrübələri, hadisələri qiymətləndirmək bacarığı, qabiliyyəti əhəmiyyətli rol oynayır.
Dostları ilə paylaş: |