Şairin divanından başqa „İksirüs-səadət fi əsrarül-ibadət“, „Tərcihüt tovzih“ adlı elmi əsərləri, fars və ərəb dillərində yazdığı şeirləri də var. Doğma ana dilində-Azərbaycan türkcəsində divan yaradan sənətkar özünəqədərki Azərbaycan, türk, fars ədəbiyyatına dərindən bələd olmuşdur. Onun yaradıcılığı və dünyagörüşünün təşəkkül tapmasında Ömər Xəyyam, Nizami Gəncəvi. Xaqani Şirvani, Cəlaləddin Rumi və başqalarının təsiri özünü göstərir.
Şairin yaradıcılığında sufizm və hürufiliyə meyl olsa da, o bununla məhdudlaşmamışdır. Zəmanəsinin ictimai-siyasi və mənəvi-əxlaqi məsələlərilə səsləşən əsərlər yaratmışdır. Qeyd edək ki, şair qəzəllərində təxəllüs işlətmir. Məlumdur ki, bu janrın ilk intişar dövründə təxəllüs işlətmək ənənəsi dəbdə olmayıb. Şərq ədəbiyyatında qəzəl ustadı X əsr fars-tacik şairi Rudəkinin şeirləri buna misal ola bilər. Xaqani, Fələki və Nizaminin qəzəllərində də həmin ənənə sabit deyildi. Qazi Bürhanəddinin tuyuğları isə türkdilli xalqların milli şeir forması kimi səciyyəvidir. Tuyuğların qafiyələnməsi mani və rübailərdə olduğu kimi a, a, b, a tərzindədir. Lakin rübailərdəki kimi bəzən 3-cü misra da digərləri ilə həm qafiyə olur. Tuyuğlar əruzun rəməl bəhrinin fAilAtün, fAilAtün, fAilAt ölcüsü ilə yazılır. Məşhur özbək şairi Əlişir Nəvai tuyuğun tərifini verərək yazırdı ki, tuyuğ iki beytdən ibarət və qafiyələri cinaslı olan şeir formasıdır. Tuyuğ özü də qədim türk poetika kitablarında imalı və cinaslı söz mənasında işlənmişdir.
Azərbaycan ədəbiyyatında tuyuğ formasında yazan əsas şairlərimizdən Qazi Bürhanəddin və Nəsiminin adı məşhurdur. Hər iki şairin yaradıcılığında həm cinaslı, həm də cinassız tuyuğlar vardır. Özbək şairlərindən Nəvai, Lütfi, Babur şah və b. tuyuğları isə əsasən cinaslıdır.
Dilbərin işi itabü naz olur,
Çeşmi cadu, qəmzəsi qammaz olur.
Ey könül, səbr et, təhəmmül qıl ana
Yara irişmək işi az-az olur.
XIV əsrə kimi türkdilli ölkə və xalqlar arasında böyük ədəbi-mədəni əlaqələr var idi. Ona görə yazılan şeirlər geniş yayılırdı. Qazi Bürhanəddinin şeirləri Azərbaycanda da geniş yayılmışdır. Bunu bir səbəbi də onda idi ki. Şair əsərlərində Balasaqunlu Yusif Xac Hacib, Həsənoğlu, Əli, Əhməd Yasəvi, Marağalı Əvhədi və başqalarının qabaqcıl bədii-poetik ənənələrini yaşadaraq inkişaf etdirmiş, bədii-ictimai fikir tariximizdə yeni mərhələ açmışdır. Ədəbiyyatşünas M. Quluzadə şairin yaradıcılığına yüksək qiymət verərək göstərir ki, şairin əsərləri Azərbaycan poeziyasının XIV əsr inkişaf səviyyəsini öyrənmək baxımından çox dəyərlidir. Onun yaradıcılığında xalq şeirinin ruhu, ictimai-ədəbi mühitin təsiri aydın şəkildə nəzərə çarpır.
Şairin məhəbbətə həsr etdiyi qəzəllər çoxdur. Orta əst şairləri kimi Qazi Bürhanəddin də insani eşqi həyati, dünyanın bəzəyi, səadət mənbəyi sayır, onu təbliğ edir. Şairə görə məhəbbət insanı müdrikləşdirib ülvi məqamlara qaldırır. Sevgi aşiqin ağlını, kəmalını, ruhi-əqli keyfiyyətlərini üzə çıxarır, onu saflaşdırır, pis əməllərdən çəkindirir. Ümumiyyətlə, Qazi Bürhanəddində məhəbbət həyata, insana yüksək münasibətin ifadəsidir, ictimai-fəlsəfi məhfumdur.
Bir qəzəlində şair deyir:
Aşiqi məşuqənin eşq ilədir varlığı,
Baxıcaq ol ortada yenə günahkar eşq.
Xəstəyə olan şəfa, əhdinə qılan şəfa,
Məclis içində səfa, gül bitirən xar eşq.
Qəzəldən nümunə verdiyimiz bu şeirdə bütünlükdə eşq insanın əbədi taleyi, qisməti ilə əlaqələndirilir, aşiq və məşuqənin əbədi varlığı, onlara səfa və şəfa gətirən amil kimi səciyyələndirilir.
Şairin yaradıcılığında həm ilahi, həm də dünyəvi eşq məfhumu vardır. Şairə görə məhəbbət ilahi varlıqla bağlıdır. Kainatın yaranmasına səbəb allahın özünə olan eşqdir. Panteist sufilərə görə kainatın, dünyanın bütün qüvvələrində ilahi eşqin əlamətləri vardır.
Şairin bəzi şeirlərində insanı həqiqi eşqə qovuşduran məcazi məhəbbətdir. Buradakı eşqdə aşiqin yanıb-yaxılmaq, sızlamaq, cəmiyyətdən uzaqlaşmaq onun lirik qəhrəmanına xas sifətlər deyil. Şairin qəzəllərində bəzən aşiq öz məşuqəsindən üz döndərir, başqa bir gözəlin həsrətilə yaşayır, bəzən də uzun ayrılıq vüsal sevinci ilə sona çatır. Bu sufi poeziyasına yad olan xüsusiyyətlər təsdiq edir ki, Qazi Bürhanəddinin şeirlərində dünyəvilik, nikbinlik, həyata bağlılıq daha güclüdür.
Bürhanəddinin şeir dili incə, oynaq və cazibədardır. Şairin işlətdiyi gözəl bədii təsvir və ifadə vasitələri, yerli – yerində işlətdiyi atalar sözü və məsəllər onun həm məna, həm də forma gözəlliyini artırır. Xalq dilindən istifadə şeirlərin dil-üslub gözəlliyini zənginləşdirir. Şeirlərdəki musiqi axıcılığı, ritm və ahəng ezazkar təsir bağışlayır. Bu məqsədlə mürəkkəb qafiyələrdən, rədif və təkrirdən, səs, ifadə, misra təkrarlarından məharətlə istifadə olunur. O, bir qəzəlində bülbülün fəryadını, gözəlin şümşad boyunu vəsf edərək deyir:
Bülbül yenə çağırdı ki, fəryad yad ola,
Dostları ilə paylaş: |