Matəm qaydaları Yas adətləri bütün bölgələrdə oxşar olsa da hər rayonun, hətta hər kəndin özünəməxsus yas adətləri də var. Masallı yas adətləri ilə zəngin bölgələrimizdən biridir. Ancaq yasla, ağılarla bağlı toplama işi lazımi səviyyədə aparılmadığından bu barədə çox şey demək mümkün deyildir. Masallının 30-40-cı illərindəki yas adətlərinin bir qismini Kazım Aslanlı qələmə almışdır. Vulqar sosioloji görüşlə toplanan bu materiallarda tarixi baxımdan çox dəyərli məlumatlar olduğunu nəzərə alaraq aşağıda onları veririk:
Ölən üstə minacat vermək, bu qayda ilə ölünü götürmək Masallı rayonunda, xüsusən Masallının özündə, bir də o rayonda olan Ərkivan, Boradigah, Digah, Dadva, Qızılağac, Qızılavar, Sığdaşt, Alvadı, Şərafa kimi böyük kəndlərdə də gedir. Xırda kəndlərdə və genə o sayılan yerlərdə çox yoxsul, kimsəsiz öləndə minacat verilməyir. Kəndlərin çoxunda bu cür olur. Kəndlərdə ayrı kəndlərdən də dost-tanış ölü yerinə (hüzür adlanır) 3-ü və 7-sində gələrlər, gəldikdə ehsan için özləri ilə qüvvələrinə və səxavətlərinə görə düyü və yağ gətirərlər. Masallının özündə bu qayda yoxdur. Sayılan böyük kəndlərdə, Masallıda və başqa xırda kəndlərdə lap yoxsullar və kimsəsizlər qəbirüstündə çadır qurdurmazlar. Və bir elə ehsan da verməzlər. Odur ki, o yerə molla, kəlbəlayı, hacı da da getməzdi. Ora, ancaq yoxsullar gedər. Ehsan için gedənlər getməzdi. Yoxsul öləndə molla dalınca adam göndərdikdə molla soruşar “kim ölüb?” “İmamqulu ölüb” cavabını aldıqda molla bir bəhanə ilə boyun qaçırıb ayrı mollanın dalınca getməsini gələn adama təklif edərdi. “Hacı Məhəmməd ölüb” eşidən molla isə yerindən dik atılıb, tələsdiyindən başmaqlarını da tapa bilmir, bəzən arvad başmağını başmağı əvəzinə geyib hacının üstünə yüyürürdü. Belə söylənir: Masallı məscidinin seyvanında dilənçilər çox vaxt gecələyərmiş. Məsciddən namazını qurtarmış çıxan hacı, molla, məşədi onların çörək pulu istəyən səslərinə (soyuq bir axşamçağı olsa belə) “Allah versin” cavabını verərlərmiş.
Məscid seyvanında arabir acından ölən kimsəsizləri isə molla şıxı vasitəsilə camaatdan (bazarda) pul yığdırıb, pulu şıxla bölüşərək bir kəfən alıb 3 adamı da “gedin qəbir qazın savabdır”, “onu aparıb bastırın savabdır” sözlərilə o kimsəsiz dilənçini bir (tabut yox) xərək üstündə 3-4 adama dəfn etdirərmiş. Budur, burda da molla və şıx dilənçi kimsəsizin ölməsindən istifadə etdi. Dünən ona 5-10 qəpik çörək pulu verməkdən boyun qaçırdığı halda bu gün onun dəfni adına yığdığı pulları bir nəşə ilə öz cibinə basdı.
Masallının molla və hacıları ... belə idi.
Xülasə, yoxsullara yas üz verəndə onlara başsağlığı verməyə varlılar gəlməzdi. Onların ağır vaxtlarında yanlarını kəsdirən yoxsul qardaş-bacıları olardı.
Ölənlər için minacat verilir. Bu, dosta-tanışa bir xəbər mənasında yetişər.
Odur minacat verilir – “Balam, ölən kimdir”, qapıya çıxıb biri-birindən xəbər tutardılar. “Filankəs ölübdür”, yaxud “filankəsin atası ölübdür”, ya “filankəsin qızı, ya oğlu ölübdür” sözləri təkrar olunar.
Qoca olarsa, “Allah rəhmət eləsin qocalmışdı də”, yaxşı adam idisə “Çox yaxşı adam idi, ölməli deyildi rəhmətlik” deyərlər.
Ölən cavan olarsa “Ah, yazıq dunyada gün gormədi, görəsən onun anası və bacısı nə qayıracaq” – “Ölən öldü qurtardı getdi, vay qalanın gününə”.
“Balam, o bir dənəydi ki. Ölum bir dənəyə, iki dənəyə baxmır. Neyliyək əlimizdən nə gəlir. Hamımız öləcəyik. Adamlarına Allah səbr və təsəlli versin neyliyək”.
Bunlar tanış dost ölənin evinə toplaşarlar, arvadlar oxşamalar deyib ağlaşarlar. Ölən qoca olmuş olsa, ağlaşma sakit gedər və həyəcanlı olmaz. Cavan ölsə, anası, bacısı və yaxın adamları üzlərini didib, saçlannı yolmağa başlayarlar. Kənardakı arvadlar onların əl-qolunu tutarlar. Oxşama və ağlaşma cox yanıqlı və həyəcanlı gedər.
Adaxlı qız, ya adaxlı oğlan ölmuş olsa üstündə “tərsə mahnılar” oxuyarlar, qavalı və əli tərsinə çalarlar. Çox qocalar ölən zaman başqa cavan ölənlərin adları orada cəkilib ağlaşma başlanar. Qocanın qarısının yanında başqa qarılar outrub ona təsəlli verər.
– Ağlama, Allah oğlannarının, qızdarının və nəvələrinin canın sağ eyləsin. Rəhmətlik qocalmışdı da neyləyək indi, Allah rəhmət eyləsin.
Ölü səhər ölmuşsə 2-3 saatdan sonra onu həyətdə ağ cadır içərisində məcməilər üstündə yuyarlar. Onları “yuyucular” yuyar.
Sonra ölünü ağ kəfənə bürüyüb, sidirkafırləyib tabuta qoyarlar. Ölən qoca olarsa, tabutun üstünə qara parca atırlar. Ölən cavan isə, nişanlı isə, kamına çatmamış isə onun tabutunu qırmızı parca ilə bəzəyərlər. Və dua – “Əlrəhman” oxuya-oxuya kişilər tabutu qaldırıb qəbristanlığa apararlar. Arvadlar eyvana çıxıb tabut evdən uzaqlaşdıqca bərkdən ağlaşıb zarıyarlar. Bəzən anası və bacısı tabut dalınca fəryad çəkə-çəkə yüyürərkən o biri arvadlar onları tutub geri qaytararlar. Tabutu dəstə qazılmış qəbrin yanına qədər gətirib orda qəbrin ön tərəfındə yerə qoyurlar.
Qəbrin başı qərbə, ayağı şərqə olur. Dua oxuya-oxuya öləni soyuq qəbrə sallayırlar və onu sağ qolu üstündə üzü Qibləyə qəbirdə düzəltdikdən sonra 75 santimetr ondan yuxarı ağaclar düzülür, üstü torpaqlanır. Müvəqqəti baş daşı qoyulub, fatihə verilir və dəstə dağılır. Bəzi varlılar isə ölünü basdırdıqdan sonra 3-7 günə qədər qəbr üstündə çadır qurdurub mollalar tutub ölüsü üstündə Quran oxutdurur. Qəbr üstdə gedən dəstə evə qayıdır. Ölü sahibi ehsan verər. Arvadlar hər tərəfdən 3 gün oraya gəlib ağlaşmaları və oxumaları davam eləyirlər. Çox vaxt ölənin 3-ü, 7-i, 40-ı verilir.
40-da arvadlar yığışıb ölünün qəbri üstünə gedirlər. Orada ağlaşıb geri qayıdırlar.