Ekoloji şüur fəlsəfi özünüdərketmənin mühüm bir hissəsi kimi. Fəlsəfi özünüdərk problemləri, o cümlədən onun özünüdərketməsinin mühüm elementi olan Yer kürəsində biogeosenoz prosesinin müvazinətinin saxlanmasının vacibliyinin anlanması və ya ekoloji dərketmə nəzərdən keçirilir. İnsanın canlı təbiətə (o cümlədən həm də özünə) münasibəti ilə bağlı fəlsəfi ideyalarda aşağıdakı tendensiyalar nəzərdən keçirilir: insanın özü-özü ilə, digər adamlar ilə daxili harmoniyada olmasının zəruriliyinə olan dərin əminlik mütləq belə bir nəticə ilə sonlayır ki, onu əhatə edən təbii dünya ilə harmoniya zəruridir.
İnsanın mövcudluğunun ekoloji mənası tədqiqatçılar tərəfindən fəlsəfənin təkcə təbii-elmi aspektlərinin öyrənilməsi (naturfəlsəfə – hansının ki nümayəndələri tərəfindən artıq ən qədim zamanlardan varlığın ümumiliyi, vahidliyi, ilkin şərtləri, məkan, zaman, ruh və materiayanın fərqləri, reallıq, hərəkət problemləri, insanın qeyd olunmuş problemləri qavraması və s. tədqiq olunmuşdur) zamanı deyil, həm də ümumiyyətlə insanın mövcudluğunun, insanın xüsusiyyətlərinin, insan cəmiyyətinin öyrənilməsi zamanı da dərk edilmişdir. İnsanın mövcudluğunun bütün təfərrüatı ilə, ən müxtəlif metodoloji əsaslarla anlanması ekoloji şüurun formalaşması kimi əhəmiyyətli bir nəticəyə gəlib çıxardı. Bu gün insanın mövcudluğunun mənası məhz onda –ekoloji mədəniyyətin formalaşmasında, tərbiyə edilməsindədir.
Onu da qeyd etmək lazımdır ki, ekoloji təfəkkür sahəsində yeni təsəvvürlərin formalaşması, yuxarıda qeyd edilən faktorlarla yanaşı hər bir etnosla yaşadığı mühit arasında yaranmış qarşılıqlı münasibətlərdən də asılıdır. Bu xüsusiyyətlər sosial-psixoloji keyfiyyətlərdə, əmək verdişlərində, emosiyalarda özlərini biruzə verir.
Dünyada yeni nizamın qurulması, elmi təfəkkürün yeni paradiqmalarının formalaşması insanların ekoloji şüurunu gücləndirir ki, bu da özünü təbiətlə münasibətdə yaranmış qorxulu situasiyanın öyrənilməsi üçün yeni əsasların axtarışında göstərir. Bir çox elm sahələrinin nailiyyətlərinin əsasında əvvəlcə ekologiya, sonra isə qlobalistika əmələ gəlmişdir. Artıq yuxarıda qeyd olunduğu kimi, bunda fəlsəfi problemlərin xidməti heç də az deyildir.
Hal-hazırda ekoloji mədəniyyətin və onun tərkib hissəsi olan ekoloji şüurun formalaşmasına böyük təsiri olan fəlsəfi fikrin əsas istiqamətləri də bizim tərəfimizdən qeyd olunmuşdur.
Yüz illər boyu ictimai şüurun bütün formalarının inkişafına birbaşa və ya dolayı yolla təsir edən çoxsaylı fəlsəfi ideyalar bu günki ekoloji şüurun insanın ictimai şüurunun və humanist mahiyyətinin mühüm elementi kimi inkişafına yardım göstərmişdir. Ekoloji şüur cəmiyyətin ekoloji mədəniyyətinə daxildir; bu kütləvi şüurun ən ekspressiv, sürətlə inkişaf edən hissəsidir.
Dostları ilə paylaş: |