Zamanın bətnindəki işıq
Hər şeyin heçdən və ya qaranlıqdan yaranması fikrini zaman axarında bir proses kimi dəyərləndirəndə, indi məhz keçmişin davamı kimi götürüləndə, varlıq həm də zamanın dərinliklərindən çıxırmış kimi görünür.
Zəlimxan Yaqub «Peyğəmbər» poemasında yazır:
Zamanın bətnində,
vaxtın canında
Bir işıq, bir ziya
hazırlanırdı.
«Qaranlıq» bir sonsuzluq ifadəsi kimi ədəbiyyatda və fəlsəfədə çox rast gələn obrazdır. Ən trivial izah, əlbəttə, ənənəvi poetik izahdır: gecənin qaranlığını aradan götürmək üçün Günəş gərəkdir, çıraqlar nə qədər çox olsa da, bu qatı zülməti əritməyə gücü çatmaz.
Düzdür, «çıraq» obrazı adi məişət mənasından fərqli olaraq məhz ilahi işığın, nurun simvolu kimi də işlədilir. Xüsusən, Şərq fəlsəfi fikrində və poeziyasında, görünür Qurani Kərimin Nur surəsindəki məlum ayəyə işarə ilə çıraq obrazı həmişə məhz nur kontekstində işlədilir. Maraqlıdır ki, Qərb poeziyasını təmsil edən Şekspir də çıraq obrazını məhz bu mənada işlədir:
Ey iblis, şərini artırma nahaq,
Zülmət çoxaldıqca, nurlanar çıraq.
(125-ci sonet)
Bu mövzu Xeyir və Şər kontekstində də aktualdır, Qərb və Şərq kontekstində də. Belə düşünmək olardı ki, söhbət ya cəmiyyətin, ya da hansı isə lokal ictimai mühitin «qaranlığından» – qaydasızlığından, dərdlərinin çoxluğundan və ona çarə tapmaq üçün ufaq təşəbbüslərin yetərsizliyindən gedir. Bu, sosial kontekstdir.
Yaxud qloballaşma və qərbləşmə dövründə insanın öz milli varlığından, mədəni-mənəvi yuvasından ayrılmaq məcburiyyəti içdən və qədimlikdən gələn işığın azalmasına səbəb olur və qlobal Qərbin böyük qaranlıqlar kimi təqdimatı üçün də meydan açılır. Bu, artıq coğrafi-siyasi kontekstdir.
Dostları ilə paylaş: |