Şayiələrin döyüşü
Bu şərait ruhaniləri cəmiyyətdən ayırmaq üçün düşünülmüş planın nəticəsi idi. Bundan ötrü bəzi şayiələrdən də istifadə edirdilər. Hələ də yadımdadır, camaat arasında belə bir şayiə dolaşırdı ki, bəzi ruhanilər gecə vaxtı Məşhəd şəhərinin ətrafında məclis keçirmiş, samovara və çaydana araq tökərək yeyib-içmiş, keflənib qışqırmışlar. Bəzi adamlar deyirdilər ki, biz onları öz gözlərimizlə görmüşük; bəziləri də deyirdilər ki, görənlərdən eşitmişik.
Hadisənin yalan olması aydındır. Nə üçün arağı samovara tökmüşlər?! Açıq yerdə və camaatın gözü önündə nə üçün belə bir məclis keçirmişlər?! Hadisə başdan-ayağa yalanla doludur. Buna baxmayaraq, mən onu çoxlarından eşidirdim. Hamı da deyirdi ki, görmüşük, ya da görənlərdən eşitmişik.
İslamı cəmiyyətdəki hər bir azğınlıqdan müdafiə etmək vəzifəsi ruhanilərin üzərinə düşür. Onlar hər hansı istismarçı və əcnəbinin İslam cəmiyyətinə qarşı ekspansiya cəhdinə qarşı mübarizə aparmağı özlərinə borc bilirlər. Din xadimləri müasir İran tarixində işğalçı, tağut və zalımlar qarşısında həmişə kəskin mövqeləri ilə seçiliblər. Yeni çağda ruslara qarşı mübarizə aparmış Mirzə Qumi1 belələrindəndir. O, Fətəli şahın oğlu olan və ruslarla vuruşan Abbas Mirzənin dövründə Abbasiyyə risaləsini yazıb məşhur fətvasını vermişdi. Abbas Mirzə nisbətən düzgün adam idi, vətən xaini deyildi.
Həmçinin tənbəki hadisəsində2 təqlid müctəhidinin və ya məşrutə hərəkatında din alimlərinin, misal üçün mərhum Müdərrisin3 mövqeyi buna misal ola bilər. Müdərris İranda ilk parlament seçkilərində İsfahandan namizədliyini irəli sürmüş və böyük əksəriyyətin səsi ilə İslama zidd qanunlara mane olmaq səlahiyyətinə malik beş müctəhiddən biri kimi Şura Məclisinə seçilmişdi.
Müdərris ikinci parlament seçkilərində Tehran şəhərindən namizədliyini verib əksər seçicilərin səsini qazandı. Üçüncü və dördüncü seçkilərdə də belə oldu. Dördüncü parlamentin vaxtında şahlıq Qacarlardan Pəhləvilərə keçdi. Müdərris buna, habelə sonralar Rza xan Pəhləvinin siyasətlərinə qarşı çıxdı. Beşinci seçkilərdə yenə namizədliyini irəli sürdü, amma rəsmi nəticələr elan olunanda ona bir nəfərin də səs vermədiyi bildirildi. Bu zaman Müdərris ucadan dedi: "Ən azı, özüm-özümə səs vermişəm, bəs o bir səsim haradadır?!"
Bu nümunələrdən başa düşmək olar ki, ruhanilərin cəmiyyət arasında böyük ictimai nüfuzu olmuş, mövqeləri İslam ümmətinin inandığı, müqəddəs saydığı, uğrunda canını əsirgəmədiyi prinsiplərə əsaslanmışdır. Bu prinsiplər zülmü, talanı, əcnəbilər önündə təslimçiliyi rədd edir. Tağutlar bundan ötrü ruhaniləri cəmiyyətdən təcrid etməyə, xüsusən siyasi həyatdan uzaqlaşdırmağa çalışmış, bu məqsədlə proqramlar hazırlamış, hər bir yola, hətta din alimlərini öldürməyə, həbs və sürgün etməyə də əl atmışlar.
1935-ci ildə Gövhərşad məscidi faciəsi1 baş verdi. Həmin hadisədə çoxlu insan öldürüldü, onlarla məşhur din alimi həbs olundu. Həmin alimlər arasında anamın atası Seyid Haşim Mirdamadi, ağa Xoinin atası və atamdan təxminən iyirmi yaş böyük olan dostu Seyid Əli Əkbər Xoi, Mirzə Həbibullah Məliki (o da atamın dostlarından idi, Axund Xorasaninin şagirdlərindən olmuş, atamla məni nikah mərasiminə dəvət etmişdi), Seyid Abdullah Şirazi, Şeyx Sahibəzzamani Urumiyəyi, Doktor Mehdi Mühəqqiqin atası Hacı Mühəqqiq və irfaniyyə risalələrinin müəllifi Şeyx İsmayıl Taib də vardı. Rza şaha nəsihət vermək üçün Tehrana gedən Hacı ağa Hüseyn Qumi də həbs olunub İrandan sürgün edilmişdi.
Onda atam da məscidə getmək istəyirmiş. Yolda dostlarından biri ilə rastlaşmış, dostu ona Gövhərşad məscidində baş verənləri danışmış və o, geri qayıtmışdı.
Gövhərşad hadisəsində təkcə Məşhəddən iyirmiyə yaxın din alimini həbs etdilər. Mən inqilabdan sonra onların məhkəmə qovluqlarındakı şəkillərini gətirdib baxdım. Şəkillərin altından "siyasi cinayət" yazılmışdı; yəni siyasətə qarışmaq.
Pəhləvi rejimi dinlə cəmiyyəti bir-birindən ayırmaq prinsipi üzərində qurulmuşdu. Fərdustun qeydləri1 bu məsələni aydın şəkildə izah etmişdir.
Dostları ilə paylaş: |