Xəbis dustaq
Həmin kamerada müxtəlif insanlarla yoldaş olmuşam. Onların arasında mömin və fəal gənclər də olub. Nəhavənd şəhərinin İkinci Əbuzər qrupundan1 bir gənc vardı. Birinci qrup bütünlüklə sıradan çıxarılmışdı və nəhavəndli gənclər ikinci qrupu yaratmışdılar. Mən o gənci bu yaxınlarda gördüyümə görə yada saldım. Bir qrup mömin mənimlə görüşə gəlmişdi. Adlarını soruşanda biri diqqətimi cəlb elədi. Sonra tez yaddaşım köməyə gəldi, xatırladım ki, İkinci Əbuzər qrupundan olan kamera yoldaşımdır.
Həmin zindanda bəzi kommunistlərlə də kamera yoldaşı olmuşam. Biz kamerada üç nəfər olarkən kommunist bir gənci oraya saldılar. O, kameraya dustaq kimi girmədi, gedəcək adama oxşayırdı. Özü barəsində soruşanda aydın cavab vermədi. Mən onda bir qədər yaxşılıq və müsbət xüsusiyyət hiss edib dedim: "Sizdə mənəviyyata təmayül görürəm". Kameramızda çox qalmadı, onu harasa apardılar. İnqilabdan az əvvəl mənimlə əlaqə saxlayıb dedi ki, filan qəzetdə işləyirəm. Zindanda ona dediyim cümləni də bir neçə dəfə təkrarladı. Sonradan bildim ki, Kommunist partiyasının üzvlərindən imiş. İnqilabdan sonra onun SAVAK-la əməkdaşlığına dair sənəd tapdıq. Kommunist partiyası məğlub olanda o da həbs edildi. Həyat yoldaşı mənə məktub yazıb dediyim cümləni xatırladır və onun azadlığını istəyirdi. O, sonralar azad olundu.
Dinə qarşı düşmənçilikdə kommunistlərin hamısı eyni deyil. Bu gənc də çox kəskin mövqe nümayiş etdirmirdi. Mən həmin kamerada son dərəcə xəbis, kinli və əxlaqsız bir kommunistlə də qalmışam.
Onu kameraya gətirəndə şam namazının dualarını oxuyurdum. Zindanda namaz qılanda adətən, bəzi ağ paltarlarımı əmmamə kimi başıma dolayır, əba kimi çiynimə bir ədyal salırdım. Qaranlıqda məni görən əynimdə ruhani geyiminin olduğunu sanırdı. Yoldaşımla oturduğumuz yerdə kameranın qapısı açıldı və ucaboy bir kişi içəri girdi. Aydınlıqdan gəldiyinə görə girəndə heç nə görmədi. Bir qədər sonra məni və yoldaşımı gördü. Qanı qaraldı, narahat halda kameranın küncünə qısıldı. Mən yaxınlaşıb bütün yeni dustaqlar kimi onunla da ünsiyyət qurmağa, narahatlığını aradan qaldırıb təskinlik verməyə çalışdım. Soruşdum ki, acsınız, yoxsa susuz? Hələ qaşqabaqlı idi. Düşündüm ki, mənəvi təzyiqlərə görə narahatdır. Əlimlə çiyninə və üz-başına toxundum. Heç bir suala cavab vermək istəmirdi. Sonra bildim ki, səhər çağı həbs olunub, o vaxtdan heç nə yeməyib, hətta döyülüb də.
Mədəmdə yara əmələ gəldiyinə görə adətən, iftar yeməyindən bir qədərini saxlayıb sonradan yeyirdim. Ona çörəklə mürəbbə verdim. Yemək istəmirdi. Zorla yedirdib su içirdim. Bir qədər üzü açıldı. Halını və üzündəki böyük narahatlığı görüb işa namazına tələsmədim, təsəlli vermək üçün söhbəti davam etdirdim. Çox qayğı göstərdiyimi görüb elə bildi ki, onu islamçı dustaqlardan hesab edir, ya da islamçıların sırasına cəzb etmək istəyirəm. Başını qaldırıb qürurla dedi: "İcazə verin, etiraf edim ki, mən heç bir dinə inanmıram".
Beynindən nə keçdiyini bildim. Onun düşüncələrinə, məntiq və şəraitinə uyğun bir cümlə tapıb dedim: "İndoneziyanın prezidenti Sukarno1 Bandunq2 konfransında demişdi ki, sivilizasiyadan geri qalmış xalqların birlik amili din, tarix və ya mədəniyyət deyil, ehtiyaclardır. Problemlər eyni, tale naməlumdur. Din bizim aramızda ayrılıq salmamalıdır!"
Məndən belə cavab gözləmirdi. Gördüm ki, çöhrəsində dəyişiklik yarandı, bizimlə isinişdi. Sonra ona dedim: "Siz istirahət edin, biz namaz qılaq".
Həyat yoldaşı həmin zindanın başqa kamerasında saxlanırdı. Oradakı uzunmüddətli təcrübəmdən istifadə edib onunla yoldaşı arasında əlaqə yarada bildim və ona əlimdən gələn köməyi etdim.
O, iki ay bizimlə qaldı. Bir gün mənə dedi: "Sizi görən kimi faciə ilə üzləşdiyimi düşündüm. Öz-özümə dedim ki, mollaya ilişdim. İndi isə deyirəm: Mən ömrümdə müxalif fikrə qarşı sizin kimi dözümlü birisini görməmişəm".
Bütün bu sözlərə baxmayaraq, sonralar bəlli oldu ki, onun xəbis xisləti dəyişməmişdir. O, dini və ruhaniləri ələ salmaqdan ötrü hər bir imkandan istifadə edir, iyrənc və mənfur tərzdə dinlə əlaqəsi olan hər bir adət-ənənəni təhqir etməyə çalışırdı.
Dostları ilə paylaş: |