Məni SAVAK-dan bir hərbi həbsxanaya apardılar. Dördüncü həbsim orada keçdi. O zaman Məşhəddə siyasi dustaqlar üçün həbsxana yox idi. Ondan sonra bu məqsədlə bir həbsxana tikdilər və mən beşinci dəfə orada saxlandım.
Həbsxana təmiz və ağ bir binadan ibarət idi. Biz ona ağ ev və ağ otel deyirdik. Orada bir neçə təkadamlıq kamera və iki böyük zal vardı. Zalların biri adi əsgərlərə, digəri isə gizirlərə aid idi. Dustaq zabit olanda isə xüsusi otağa salırdılar. Ora siyasi dustaq kameralarına bənzəmirdi, içərisində hər bir şey var idi və otağın qapısı açıq olurdu.
Oranın dustaqları hərbçilərdən ibarət idi. Onların arasında Qasimi soyadlı məşhədli gənc bir tacirdən başqa mülki şəxs yox idi. Qasimi məni görüb çox sevindi. O, İraqdan qayıdanda İmam Xomeyni ilə bağlı vərəqlər gətirdiyinə görə həbs olunmuşdu.
Orada həyat yoldaşını öldürməkdə təqsirli bilinən gənc bir zabit vardı. Onu zabitlərə məxsus kameraların birinə salmışdılar. İstəyəndə bayıra çıxır, zindanın dəhlizlərində fəxrlə gəzişir, digər dustaqlara məhəl qoymurdu. Qasimi ilə mən də təkadamlıq kameralarda qalırdıq, ancaq bizim kameralarımız onunku kimi deyildi. Bizim kameralarda heç bir şey yox idi və daha çox qəfəsə bənzəyirdi. Digər dustaqlar da ümumi zallarda qalırdılar.
Təkadamlıq kameraların qapıları qıfıllanmırdı, istəyəndə Qasimi ilə görüşə bilirdik. Hərçənd, bəzən nəzarətçilər mane olur, bundan ötrü bizi danlayırdılar.
Qeyd etməliyəm ki, siyasi məhbuslar üçün yetmişinci illərin zindanları öncəkilərdən çox fərqli idi. Əvvəllər dustaqlar bir-birini görür, mütaliə edir, yazır, kitab və radio gətirə bilirdilər. Bəzi həbsxana rəislərinin tələbkarlığına görə hərdən çətinlik də yaranırdı. Lakin yetmişinci illərdə bu işlər təxminən qeyri-mümkün idi.
Dostları ilə paylaş: |