Mövzu №11: İnzibati məsuliyyət və inzibati xəta



Yüklə 108,45 Kb.
səhifə5/17
tarix01.01.2022
ölçüsü108,45 Kb.
#106457
1   2   3   4   5   6   7   8   9   ...   17
IH-11Edit

    Bu səhifədəki naviqasiya:
  • Sual 2.
İnzibati xətaların qarşısının alınması prinsipi. Dövlət və ya yerli özünüidarəetmə orqanları, inzibati xətaların qarşısının alınması inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması vətəndaşların hüquq şüurunun və mədəniyyətin yüksəldilməsinə, Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayırlar və həyata keçirirlər.

Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməyə və səlahiyyətləri daxilində qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmaq, lazımi tədbirlər görmək və onlara cavab verməklə yanaşı, eləcə də vətəndaşların hüquqa, qanunçuluğa, ədalət mühakiməsinə münasibətini, onların əməllərinin hüquqi və ya hüquqazidd olması haqqında təsəvvürlərini ifadə edən görüşləri təşkil etməlidirlər. Eləcə də göstərilənlər tarixi inkişaf gedişində əldə edilmiş və yenidən təkrar olunan hüquq sərvətlərinin prinsiplərin, normaların, kateqoriyaların, biliklərin, hüquqi-texniki, hüquqi-təşkilati normaların dövlət və ya yerli özünüidarəetmə orqanları tərəfindən vətəndaşlara kütləvi informasiya vasitələri ilə çatdırılması inzibati xətaların qarşısının alınmasında mühüm rol oynayır.

İnzibati məsuliyyət tədbirləri əsasən bir qayda olaraq, dövlət idarəetmə sahəsində törədilən inzibati xətalara görə müəyyən edilir. Digər tərəfdən isə dövlət idarəetmə sistemində baş verən inzibati xətaların xəbərdar edilməsi və onların qarşısının alınması polis orqanlarının və onun əməkdaşlarının əsas vəzifələrindən biridir. Polis haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən, polisin fəaliyyətinin əsas istiqamətlərindən biri olan ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi fəaliyyəti bilavasitə dövlət idarəetmə sistemində baş verən inzibati xətaların xəbərdar edilməsi və onların qarşısının alınmasına yönəldilmişdir.

Birinci suala yekun olaraq bir daha qeyd etmək istərdim:



  1. İnzibati məsuliyyət - hüquqi məsuliyyətin növlərindən biri olaraq, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbehin tətbiq olunması ilə ifadə olunur.

  2. İnzibati məsuliyyətin əsas xüsusiyyəti: onun əsasını inzibati xəta, tədbirlərini isə inzibati tənbehlər təşkil edir.

  3. İnzibati məsuliyyətin prinsipləri aşağıdakılardır:

  • qanunçuluq prinsipi;

  • qanun qarşısında bərabərlik prinsipi;

  • təqsirsizlik prezumpsiyası prinsipi;

  • ədalətlilik prinsipi;

  • inzibati xətaların qarşısının alınması prinsipi.


Sual 2.
İnzibati xətanın anlayışı və onun əlamətləri


Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində inzibati xətanın anlayışı verilmişdir:

Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

Hər bir inzibati xətanın əsasını əməl təşkil edir. Əgər inzibati xətada əməl yoxdursa deməli burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən danışmaq olmaz.

Əməl-iradəvi davranış aktıdır. Davranış aktının iki halı mövcuddur:

1. Hərəkət - yəni hüququn subyekti tərəfindən üzərinə qoyulmuş vəzifənin aktiv surətdə yerinə yetirilməməsi və ya müəyyən edilmiş qadağanın pozulması. Məsələn, qadağan edilmiş üsulla ovun edilməsi (İXM – mad.111.2).

2. Hərəkətsizlik - yəni hüququn subyekti tərəfindən üzərinə qoyulmuş vəzifənin passiv olaraq yerinə yetirilməsi və yaxud subyekt tərəfindən hərəkət etməli olduğu halda hərəkət etməməsi. Məsələn, polis işçisinin ictimai qaydanın mühafizəsi ilə əlaqədar olan qanuni tələbinə qəsdən tabe olmama (İXM – mad.310.1).

Bununla yanaşı, əməlin inzibati xəta olub-olmamasından danışmazdan əvvəl əməlin hüquqi əlamətləri barədə danışmaq daha məqsədəuyğundur. Ona görə ki, əməlin inzibati xəta kimi sayılması üçün onun hüquqi əlamətləri olmalıdır. Yalnız aşağıdakı əlamətlər bir və ya bir neçə əməldə (əməllərdə) mövcud olduqda törədilmiş əməli inzibati xəta kimi qiymətləndirmək olar.

Beləliklə, əməlin hüquqi əlamətləri aşağıdakılardır:


  1. əməl hüquqazidd olmalıdır;

  2. əməl təqsirli sayılmalıdır (yəni qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməlidir);

  3. əməl inzibati məsuliyyətə səbəb olmalıdır.

  4. əməl Azərbaycan Respublikasının İXM ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir.

Əməlin hüquqazidd olması. Özünün sosial mahiyyətinə görə əməl vətəndaşların, cəmiyyətin, dövlətin maraqlarına zidd olmalıdır və bu maraqlara zərər vurmalıdır. Digər tərəfdən isə əməl müxtəlif hüquq normalarını pozmalıdır.

Əməl təqsirli sayılmalıdır. Bu o deməkdir ki, əməl ya aktiv hərəkətlə, ya da hərəkətsizliklə törədilməlidir. Təqsir şəxsin qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən hüquqazidd hərəkətə və ya hərəkətsizliyə psixi münasibətidir. Təqsirin olması inzibati xətanın vacib əlamətlərindən biridir. Əməlin hüquqazidd olmasına baxmayaraq onda təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur (İXM-nin 3-cü mad.). Məsələn, anlaqsız vətəndaş piyadalar üçün müəyyən olunmuş qaydaları pozur.

Əməlin inzibati məsuliyyətə səbəb olması. Konkret əməl o vaxt inzibati xəta sayılır ki, onun törədilməsi Azərbaycan Respublikasının İXM-nin Xüsusi hissəsində inzibati xəta kimi müəyyən edilsin və onun törədilməsinə görə müxtəlif sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulsun.

Əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Bu o deməkdir ki, Azərbaycan Respublikasının İXM müxtəlif hüquq normaları (hüquq sahələri) ilə nizamlanan ictimai münasibətləri mühafizə edir. Əgər əməl Azərbaycan Respublikasının İXM ilə mühafizə olunan ictimai münasibətlərə qəsd edərsə, onda həmin əməl inzibati xəta kimi qiymətləndirilə bilər.

İnzibati xətanın yuxarıda göstərilən əlamətlərini onun tərkibindən fərqləndirmək lazımdır. Ona görə ki, bəzən əməldə inzibati xətanın hüquqi əlamətləri mövcud olmasına baxmayaraq həmin əməl inzibati xəta kimi qiymətləndirilmir. Məsələn, 13 yaşlı şəxs tərəfindən yol hərəkəti qaydaları pozulmuşdur. Buna baxmayaraq, həmin şəxs inzibati məsuliyyətə cəlb edilmir. Çünki, Azərbaycan Respublikasının İXM-nin 15.1-ci maddəsində qeyd edilib ki, inzibati xəta törədərkən 16 yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Deməli, belə halda törədilmiş əməl inzibati xəta sayılmır.

Qanunvericiliklə inzibati xətanın tərkibi anlayışı müəyyən edilməyib. Bununla yanaşı, inzibati hüquq nəzəriyyəçiləri belə hesab edirlər ki:

İnzibati xətanın tərkibi dedikdə, hüquqla müəyyən edilmiş elementlər məcmusu başa düşülür ki, onların mövcudluğunda törədilmiş əməl inzibati xəta sayılır.



İnzibati xətanın tərkibi aşağıdakı elementlərdən ibarətdir:

  1. İnzibati xətanın obyekti.

  2. İnzibati xətanın obyektiv tərəfi.

  3. İnzibati xətanın subyekti.

  4. İnzibati xətanın subyektiv tərəfi.



Yüklə 108,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin