Əsas kapitalınhəcmi. Göstərmək lazımdır ki, ölkənin milli məhsulunun və ya milli gəlirinin artımının xeyli hissəsi əsas kapitalın həcminin, başqa sözlə, əsaslı vəsait qoyuluşunun yüksəlməsi hesabına əldə olunur. Təxmini hesablamalara görə dünyanın bir sıra inkişaf etmiş ölkələrində əsaslı vəsait qoyuluşu hesabına milli gəlirin real artımının 15-20 faizi əldə olunur.
Texniki tərəqqi. Göstərməliyik ki, iqtisadi artıma təsir edən amillər arasında texniki tərəqqinin özünəməxsus yeri vardır. Düzdür, texniki tərəqqiyə qədər izah etdiyimiz amillər də özünəməxsus təsir dairəsinə malikdir, lakin texniki tərəqqi iqtisadi artımı hərəkətə gətirən mərkəzi qüvvədir. Texniki tərəqqinin iqtisadi artım üçün həlledici rola malik olmasını onda görmək olar ki, istər təbii, istər əmək resursları, istərsə də kapital tətbiqi olsun, bunların hər biri bilavasitə texniki tərəqqidən asılıdır.
Göstərməliyik ki, iqtisadi artıma təsir edən amillərdən biri də məcmu xərclərin səviyyəsinin yüksəldilməsidir. Əvvəlki sadaladığımız 4 amildən fərqli olaraq, bu amil və haqqında bir qədər sonra danışacağımız resursların kəmiyyətinin səmərəli bölgüsü amili tələb amillərinin fəaliyyəti ilə bağlanır (yəni iqtisadi artımın bütün amilləri məcmu şəkildə fəaliyyət göstərdiyi bir şəraitdə tətbiq olunacaq, məhdud resurslardan istifadə məsələsi qarşıya çıxacaqdır). Deməli, hər hansı bir məhsul istehsalı üçün nəzərdə tutulan resursun xərclənməsi, onun digər bir alternativ məhsul istehsalı üçün istifadəsini qeyri-mümkünləşdirir. Bu o deməkdir ki, iqtisadi artımın hər hansı səviyyəli sürətini əldə etmək üçün istehsal imkanlarını mütləq nəzərə almaq lazımdır.