III MÜHAZİRƏ. NİTQ MƏDƏNİYYƏTİ VƏ NİTQ TEXNİKASI.
Plan.
Nitq mədəniyyəti.
Nitq texnikası.
Nitq və müəllimin kommunikativ davranışı.
Ədəbiyyat
Abdullayev N., Məmmədov Z., Müəllimin nitq mədəniyyəti. Bakı, 2003
Əliyev H. Pedaqoji ustalığın əsasları. Bakı, 1999
Kazımov N. Pedaqoji ustalığın problemləri. Bakı, 2009
Mirzəyev Ə., Rüstəmova X., Pedaqoji ustalığın əsasları. Bakı, 2012
Ткачева С.А. Педагогическое мастерство. Kаракол, 2015
Nitq mədəniyyəti.
Nitq mədəniyyəti haqda təlim hələ Qədim Yunanistanda və Qədim Romada yaranmışdı. Bu ölkələrdə natiqlik məharətinə xüsusi qiymət verilirdi. O dövrün məşhur natiqlərindən Siseronun, Senekanın çıxışları indi də məşhurdur. M.F.Kvintilianın 12 cilddən ibarət “Natiqlik məharəti haqqında” adlı əsəri olmuşdur.
“Uşaqların diqqətini çəkmək üçün müəllimin nitqi parlaq və ifadəli, dəqiq və aydın olmalıdır”. (Y.A.Komenski). Müəllimin öz nitqi üzərində çalışması gərgin səy tələb edir. Çox vaxt müəllim fənnə aid nəzəri bilikləri və metodikanı öyrənməyi əsas götürür, nitqinin pedaqoji texnikası sahəsində isə problemlər olduğunu unudur.
Nitq mədəniyyəti – öz fikrini şərh etmək üçün ifadəli və başadüşülən, stilistik baxımdan düzgün variantın seçilməsi, natiqlik məharətidir. Nitq mədəniyyəti ümumi pedaqoji mədəniyyətin əsasıdır. Nitq insan şəxsiyyətini formalaşdırmağın çox güclü vasitəsidir. Müəllimin , eləcə də hər hansı mədəni adamın nitqi bir sıra təlaəblərə cavab verməlidir.
Qrammatik qaydalar və vurğu normalaraı baxımından düzgün qurulmalıdır;
Dəqiqlik: danışanın fikirlərinə uyğun və məzmunu çatdırmaq üçün lazımi ifadə vasitələrinin seçilməsi;
Aydınlıq: həmsöhbətləri üçün başa düşülən və müvafiq ifadəli;
Sadəlilik; müvafiqlik və qısa olması: sadə, asan fraza və cümlələrdən istifadə etmək;
Məntiqilik: nitqin bütün hissələri ardıcıl, bir-biri ilə əlaqəli və ümumi məqsədin yerinə yetirilməsinə istiqamətlənmiş olmalıdır;
Təmizlik: qeyri-ədəbi sözlərdən (dialektizimlər, jarqonlar, parazit sözlər və s.) istifadə edilməməsi;
İfadəlilik: nitqdən, şablon və tarfaret ifadələrin çıxarılması, frazoloji ifadələrdən yerində istifadə edilməsi;
Söz ehtiyatının zənginliyi, eyni sözü müxtəlif mənalarda işlədə bilmək;
İfadələrin yerinə işlənməsi: dinləyici auditoriyasından, mövzudan, həll olunan məsələdən asılı olaraq stilistik baxımdan yerinə düşən dil vasitələrindən istifadə etmək.
Bu tələblərə əməl edilməməsi, adətən, ünsiyyətin səmərəliliyinin azalmasına səbəb olur. Lazımsız pauzalar, təsadüfi məntiqi vurğular, düzgün olmayan, intonasiyalar deyilən fikrin başa düşülməməsinə və ya səhv anlaşılmasına səbəb olur.
Məsələn, məşhur deyimdə olduğu kimi: “Öldürmək olmaz bağışlamaq!”
Məntiqi vurğularsız nitq çətin anlaşılır, amma nitqdəki hər sözü ayrıca vurğu ilə demək də bəzən nitqi tam anlaşılmaz edir. Məntiqi vurğunun dəyişməsi ifadə olunan fikrin dəyişməsinə səbəb olir. Məsələn, “Səyavuş” pyesində Cavid əfəndinin aktyora “Sənə bu qəhrəmalıq nerdən ? ” ifadəsini dəfələrlə təkrar etdirməsi.
Şifahi nitqin bir neçə məntiqi qaydası vardır:
Əgər frazada müqayisə varsa, müqayisə olunan hər iki söz xüsusi vurğu ilə deyilməlidir;
İki ismin birləşməsi halında adlıq halda olan isim xüsusi vurğulanır.
Həmcins üzvlər həmişə ayrıca vurğu ilə deyilir.
Adətən təyinlər vurğu qəbul etmir. Onlar izah etdikləri sözə qarışırlar. Əgər məhz təyin xüsusi deyilməlidirsə, deyilişdə müəyyən qrammatik dəyişiklik edilir.
Əgər bir sözün bir neçə təyini varsa, axırıncıdan başqa hamısı xüsusi vurğulanır.
Müqayisə zamanı müqayisə predmeti deyil, nə ilə müqayisə edildiyi xüsusi vurğulanır.
Nitq zamanı frazanın eyni nitq axınında ifadəsi deyilən fikrin yaxşı, düzgün anlaşılmamamsına səbəb ola bilər. Nitq zamanı müəyyən məntiqi vurğu mərkəzinin ətrafında birləşən sözlər və ya ifadələr olur ki, onlara nitq taktları deyilir. Bir nitq taktını digərindən ayıran pauzaya məntiqi pauza deyilir.
Nitqin keyfiyyətinə təsir edən amillərdən biri də tavtalogiyadır, yəni eyni şeyin müxtəlif sözlərlə təkrarı: “yerişlə yerimək”, “qaçışla qaçmaq”, “su suvarmaq”, “ölü ölüb” və s.
Şifahi nitq üçün çox əhəmiyyətli olan intonasiyanın iki növü vardır: məntiqi və emosional ifadəli (ekspressiv). Məntiqi intonasiya ̶ ayrı-ayrı söz və ifadələrin məna yükünü xüsusi qeyd etmək; məntiqi ifadəli intonasiya-müəllimə öz emosiyalarını, deyil fikrə münasibətini bildirmək məqsədi daşıyır.
Nitqi korlayan, zibilləyən amillərdən biri də “parazit-sözlər”dir (“Deyək ki”, “deməli”, “şeydir”, “zaddır” və s. və ya “e...e...e...”, “ı...ı...ı...”, “ım...ım...” kimi səslər).
Tədqiqatlar göstərir ki, materialın şərhi zamanı nitqin monoton olması onun qavranılma səviyyəsini 35-55% aşağı salır. Nitq zamnı səsin ucaldılıb-alçaldılması ünsiyyətə müsbət təsir edir. Uşağın hərəkətinin müsbət, yaxud mənfi qiymətləndirilməsi zamanı nitqə müvafiq çalarlar verilməsi zəruridir. Məsələn müəyyən davranış pozuntusu və ya təlim məsuliyyətsizliyinə görə uşağa irad tutularkən nitqdə hiddət, narazılıq çalarlarına yer vermək olar. Amma bu zaman təhqiredici sözlər işlədilməli, çatışmazlığa rişxənd edilib şagird təhqir olunmamalıdır.
Müəllimin danışıq mədəniyyətinin formalaşdırılmasında onun müxtəlif danışıq stillərinə (məişət, işgüzar, elmi, bədii) malik olmasının böyük əhəmiyyəti vardır. Müəllim ünsiyyətdə olduğu auditoriyanın xüsusiyyətindən asılı olaraq müvafiq danışıq stili seçilməlidir.
Nitqin səviyyəsinin aşağı olması səbəblərindən biri də müəllimin danışıq fəaliyyətinin anatomik-fizioloji, psixoloji və qrammatik əsaslarını bilməməsi, düzgün nəfəs almağı bacarmaması, səs aparatı üzərində işləməməsi, nitqin tempini hiss etməməsi, diksiya və nitqin məntiqindən düzgün istifadə etməməsidir. Və əksinə, danışıqda düzgün nəfəsalma, mükəmməl diksiya, səsin yerində olması müəllimin nitqini daha ifadəli və maraqlı edir. Bütün bunlar nitq texnikasına yiyələnməyi zəruri edir.
Dostları ilə paylaş: |