Mülki müdafiə tibb xidmətinin əsas vəzifələri aşağıdakılardır: 1.Təbii fəlakətdən zərər çəkmiş əhaliyə hər cür tibbi yardımın təşkili və vaxtında
göstərilməsi.
2.Təbii fəlakətin mənfi təsirinin azaldılmasına yönəldilmiş müalicə-profilaktika
tədbirlərinin yerinə yetirilməsi (əsəbi - psixi pozuntuların, somatik və endokrin
xəstəliklərin profilaktikası).
3.Əhali arasında kütləvi yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması.
Müasir qırğın silahlarının zədələyici amillərindən əhalinin müdafiə edilməsi üçün
tədbirlər kompleksini həyata keçirmək.
Belə tədbirlər kompleksinə: epidemiya
əleyhinə tədbirlər, əhaliyə tibbi mühafizə və ilk tibbi yardım qaydalarının
öyrədilməsi, onların dərman maddələri ilə təmin edilməsi, ərzaq məhsullarının və
suyun radioaktiv kimyəvi və bakterial maddələrlə çirklənməsinə laboratoriya
nəzarəti kimi işlər daxildir.
Beləliklə, tibb xidməti zədələnmə ocaqlarında müxtəlif travmatik zədələnmələrə,
əsəb - psixi pozuntulara məruz qalmış zərərçəkənlərə, tibbi yardım göstərməyə,
kütləvi yoluxucu xəstəliklərin qarşısını almağa yönəldilən tədbirləri həyata
keçirməyə hazır olmalıdır. Bunlardan əlavə mülki müdafiə tibb xidməti əhaliyə,
müəssisələrin fəhlə və qulluqçularına təbii fəlakət, güclü qəzalar və bədbəxt
hadisələr zamanı zərərçəkən adamlara ilk tibbi yardım göstərməyin qayda və
üsullarını öyrətməli, zədələnmələrin miqdarını azaltmaq üçün əhaliyə düzgün
davranış qaydalarını izah etməklə əhalinin mənəvi - psixoloji hazırlığı tədbirlərində
iştirak etməlidir.
MM tibb xidmətinin təşkilində əsas prinsiplərdən biri odur ki, o idarə tabeliyindən
və mülkiyyət formasından asılı olmayaraq sülh dövründə fəaliyyət göstərən
səhiyyə orqanları və təşkilatları əsasında yaradılır. MM tibb xidmətinin rəisləri
vəzifəsinə müvafiq səhiyyə naziri, şəhər və rayonlarda səhiyyə şöbələrinin
müdirləri , habelə xəstəxanaların, tibb sanitariya bölmələrinin baş həkimləri təyin
olunurlar. Tibb xidməti müxtəlif təyinatlı tibb dəstələri yaradır və lazımi vasitələrlə
təchiz edir. Onlara rəhbərlik etmək üçün tibb xidmətinin rəislərinin qərargahları
yaradılır ki, bu qərargahların heyyətinə səhiyyə orqanlarının rəhbər işçiləri daxil
edilir. Şəhər və rayon tibb xidmətinin rəisləri şəhər və rayonların icra hakimiyyəti
başçısına tabedilər.