Məsələ 1994: Əmanətdar və malı əmanət qoyan şəxslərin hər ikisi həddi-büluğa çatmış, aqil olmalıdır. Bu baxımdan, həddi-büluğa çatmamış və yaxud dəli şəxsin bir malı başqasının yanında əmanət qoyması düzgün deyil. Həmçinin, həddi-büluğa çatmamış, dəli şəxsin yanında əmanət qoymaq olmaz. Lakin, müməyyiz (yaxşı-pisi ayıra bilən) və qəyyumu icazə verən şəxs əmanəti qəbul edə bilər.
Məsələ 1995:Əgər uşaq və yaxud dəlidən bir şeyi əmanət kimi alsalar, o şey uşağın və dəlinin şəxsi malı olsa, onu qəyyumuna qaytarmalıdırlar və onun özünə qaytara bilməzlər. Əgər mal başqasınındırsa, onun sahibinə qaytarmalıdırlar; hər bir halda, əgər o mal tələf olsa, onun əvəzini verməlidirlər. Lakin, bir nəfər uşağın və yaxud dəlinin əlində bir şey görsə və onu tələf edəcəyini ehtimal verib, (əlindən) alsa və onun qorunmasında səhlənkarlıq etməsə, zamin deyil.
Məsələ 1996: Əmanəti qorumağa gücü olmayan şəxs əmanəti qəbul edə bilməz. Lakin, malın sahibi onu qorumaqda daha aciz olsa və yaxşı qoruya biləcək bir şəxs də olmasa, onu qəbul etməyin maneəsi yoxdur.
Məsələ 1997: Əgər insan mal sahibinə onun malını qorumağa hazır olmadığını başa salsa, lakin o, malı qoyub getsə və bu şəxs malı götürmədiyindən o mal tələf olsa, əmanəti qəbul etməyən şəxs zamin deyil. Lakin, imkan daxilində malı qoruması yaxşıdır.