Bildirişlər
1. Allah və Qiyamət qorxusu insanı xeyir işlərə tələsdirən səbəbdir.
2. Daim xeyir işlərə tələsmək gerçək imanın nişanəsidir.
3. Yaxşı işdə tələsmək bir dəyərdir.
Ayə 62:
﴿وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا وَلَدَيْنَا كِتَابٌ يَنطِقُ بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ﴾
“Biz kimsənin öhdəsinə gücü çatmayanı vəzifə qoymarıq. Bizim yanımızda haqqı danışan kitab var. Onlara heç bir sitəm qılınmaz.”
Nöqtələr
●Fiqhdə “nəfyi-usr və hərəc” (çətinliyin və taqətdən uzaq işlərin inkarı”) adlı bir qayda var. Bu qayda hazırkı ayəyə əsaslanır. Yəni insan üçün dözülməz çətinlik yaradan vəzifə onun öhdəsindən götürülür.
Bildirişlər
1. Xeyir işlərdə tələsmək yaxşı sayılsa da, ifrata varmaq olmaz.
2. İnsanlar arasında vəzifə fərqi var. Hər kəs fiziki və mənəvi imkanları həddində göstəriş alır. Allah varlıdan istədiyini yoxsuldan istəmir.
3. İlahi dünya görüşündə gücdən artıq vəzifə qoyulmadığından kimsə çıxılmaz vəziyyətə düşüb əskiklik hiss etmir. (Bəli, vəzifə ona gücü çatana aiddir. Gücümüz çatmaz deyə narahat olmayaq.)
4. Yaranış nizamının hesab-kitabı var.
5. Bu ayədə müdiriyyətin bəzi şərtləri zikr olunmuşdur:
a) Fərdlərin gücü ilə tanışlıq və onlara gücləri həddində iş tapşırılması;
b) Onların işinə dəqiq nəzarət;
v) Onların tənbeh və təşviqində ədalətin əsas götürülməsi.
Ayə 63:
﴿بَلْ قُلُوبُهُمْ فِي غَمْرَةٍ مِّنْ هَذَا وَلَهُمْ أَعْمَالٌ مِن دُونِ ذَلِكَ هُمْ لَهَا عَامِلُونَ﴾
“Bəlkə də, onların qəlbi bundan (Kitabdan) xəbərsizdir. Bundan əlavə bəzi (yersiz) işlər də görürlər.”
Nöqtələr
●Ötən ayədə xalis bəndələr, bu ayədə azğın dəstə haqqında danışılır.
Bəli, hər kəs öz xarakterini göstərir, kuzəni onun içində olan nəmləndirir.
●«Bəli» kəlməsi mətləbi ötürmək üçündür.
Ötən ayələrdə xeyir əməl sahiblərindən, bu ayədə fərqli əməl sahibi olan kafirlərdən danışılır.
●“Ğəmrə” dedikdə insanı bütünlüklə bürüyən su nəzərdə tutulur. Yəni qəflət onların bütün vücudunu bürümüşdü.
Bildirişlər
1. Öncə ruh yolunu azır, sonra insanın rəftarı dəyişir.
2. Çirkin rəftardan da pisi həmin rəftarı təkrarlamaqdır.
3. İnsan öncə xilaf iş görür, sonra xilaf iş onda adətə çevrilir. Adətə çevrilmiş büdrəmə insanı özünə cəlb edir. Yəni insan əməldə yolun azır, günaha batdıqdan sonra həmin yola əsir olur.
Ayə 64:
﴿حَتَّى إِذَا أَخَذْنَا مُتْرَفِيهِم بِالْعَذَابِ إِذَا هُمْ يَجْأَرُونَ﴾
“(Onların cəhalət və azğınlığı davam edir,) o vaxta qədər ki, rifah içində yaşayanları qəhr-qəzəbimizə düçar edirik. Həmin məqamda nalə çəkirlər.”
Ayə 65:
﴿لَا تَجْأَرُوا الْيَوْمَ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ﴾
“(Onlara xitab olunar:) «Bu gün nalə çəkməyin. Şübhəsiz, sizə Bizim tərəfimizdən yardım göstərilməyəcək.»”
Nöqtələr
●“Yəcərun” dedikdə yaralanmış it və canavarın ulaması nəzərdə tutulur. Rifah içində yaşayanların naləsinin it ulamasına oxşadılması onların dünya məstliyinə xatir düçar olduqları zilləti göstərir.
Bildirişlər
1. Rifah içində yaşayan təkəbbürlü zümrəni ilahi əzabdan başqa bir şey oyada bilməz.
2. Məstliklə müşayiət olunan naz-nemətin sonu ümidsiz nalələr olacaq.
Hər gülüşdən sonra axar göz yaşı,
Uzaqgörənlərin ağrımaz başı.
3. Qiyamət günü dua yox, cəza (mükafat) günüdür.
4. Öz var-dövləti və imkanları ilə xalqa yardım göstərməyənlərə Qiyamət günü yardım olunmaz.
Ayə 66:
﴿قَدْ كَانَتْ آيَاتِي تُتْلَى عَلَيْكُمْ فَكُنتُمْ عَلَى أَعْقَابِكُمْ تَنكِصُونَ﴾
“Həqiqətən, Mənim ayələrim sizə davamlı şəkildə oxunurdu, amma siz üz döndərib geriyə qayıdırdınız.”
Ayə 67:
﴿مُسْتَكْبِرِينَ بِهِ سَامِرًا تَهْجُرُونَ﴾
“Belə ki, ona (peyğəmbər və Qurana) münasibətdə təkəbbür göstərir, gecə ötənədək pisliyə danışırdınız.”
Nöqtələr
●“Nükus” sözü geriyə dönüş mənasını bildirir.
●“Samir” sözü gün uzunu danışıq mənasını bildirir.
●“Həcr” dedikdə ayrılıq, “Hucr” dedikdə ayrılığa səbəb olan pis danışıq nəzərdə tutulur.
Bildirişlər
1. İrtica və haqqa arxa çevirmək rifah sahibləri və təkəbbür əhlinin sifətlərindəndir.
2. Peyğəmbərlərə etinasızlıq təkamül yox, süqut nişanəsidir. İlahi göstərişlər təkamül, bu göstərişlərə müxalifət süqut amilidir.
3. Haqqa müxalifətdən də pisi bu münasibətin zülm və təkəbbürdən qaynaqlanmasıdır.
4. Gündüzü məntiqsiz keçirən gecəni hədyanla başa vurur.
5. Hesab-kitabsız danışan kəs ağzını pisliyə açır.
Ayə 68:
﴿أَفَلَمْ يَدَّبَّرُوا الْقَوْلَ أَمْ جَاءهُم مَّا لَمْ يَأْتِ آبَاءهُمُ الْأَوَّلِينَ﴾
“Görən onlar bu sözlər (Quran) haqqında düşünmürlərmi? Yoxsa onlara babaları üçün gəlməmiş bir xəbər gəlib?! (Ona görə də yeni bir sözü qəbul etmək onlara ağırdır.)”
Ayə 69:
﴿أَمْ لَمْ يَعْرِفُوا رَسُولَهُمْ فَهُمْ لَهُ مُنكِرُونَ﴾
“Yoxsa peyğəmbərlərini tanımadılar və buna görə onu inkar edirlər?”
Ayə 70:
﴿أَمْ يَقُولُونَ بِهِ جِنَّةٌ بَلْ جَاءهُم بِالْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَارِهُونَ﴾
“Ya da “onda dəlilik var” deyirlər. Halbuki peyğəmbər onlar üçün haqqı gətirib. Amma onların çoxu haqqın qəbulundan ikrah duyur.”
Bildirişlər
1. Bədbəxtliyin ilkin amili düşüncəni bir kənara qoymaqdır.
2. Quran düşüncə kitabıdır. (Quranın tilavəti bəs etmir, onu düşünənlər haqqı anlayır.)
3. Allah bütün dövrlərdə Öz haqq nidasını xalqa çatdırmışdır və səmavi dinlərin bir kökü var.
4. Öz təbliğ və dəvətinizdə bütün bəhanə yollarını müxaliflərin üzünə bağlayın.
5. Peyğəmbər xalq arasında yaxşılıqla tanınmalıdır ki, onun inkarı üçün bəhanə qalmasın.
6. İnsan eşitdiyi yeni sözə şübhə ilə yanaşırsa da, ilahi vəhy təzəlikdə nazil olmamışdır və onun tarixi keçmişi var.
7. Din düşmənləri öz məqsədlərinə çatmaq üçün ilahi insanların şəxsiyyətini alçaltmağa çalışırlar.
8. Əksəriyyət narahat olsa da, haqq bəyan edilməlidir.
9. Kafirlərin bəzisinin sağlam fitrəti var və haqqı qəbul edirlər.
Ayə 71:
﴿وَلَوِ اتَّبَعَ الْحَقُّ أَهْوَاءهُمْ لَفَسَدَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ وَمَن فِيهِنَّ بَلْ أَتَيْنَاهُم بِذِكْرِهِمْ فَهُمْ عَن ذِكْرِهِم مُّعْرِضُونَ﴾
“Əgər haqq onların nəfs istəklərinə tabe olsaydı, şübhəsiz, göylər və yer, onlarda olanlar puça çıxardı. Amma biz onlara (şərəf və ləyaqətlərini) xatırladan Quran verdik. Bununla belə, onlar bu zikrdən üz çevirdilər.”
Dostları ilə paylaş: |