(111-Cİ SURƏ; 5 AYƏ)
OTUZUNCU CÜZ
“MƏSƏD” SURƏSİNİN SİMASI
Bu surə Məkkədə nazil olmuşdur, 5 ayədən ibarətdir. Surənin adı onun son ayəsindən götürülmüşdür. Amma bu surə daha çox “Təbbət” surəsi kimi tanınır. Bu surə yeganə surədir ki, orada İslam düşmənlərindən birinin adı çəkilir. Həmin şəxs Quranın lənətlədiyi Əbu Ləhəbdir.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs bu surəni oxusa, ümid edirəm ki, Allah onu Əbu Ləhəblə bir evə gətirməz.”
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5:
﴿تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ﴾﴿مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ﴾﴿سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ﴾﴿وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ﴾﴿فِي جِيدِهَا حَبْلٌ مِّن مَّسَدٍ﴾
“Kəsilsin Əbu Ləhəbin əlləri, məhv olsun; nə var-dövləti, nə də əldə etdikləri onun halına fayda vermədi; tezliklə şölələnən oda girər; (atəş üçün) odun daşıyan arvadı da; boynundan xurma lifindən ip olar.”
Nöqtələr
◘Surə “Təbbət” və “Məsəd” adları ilə tanınır. İmam Sadiq (ə) buyurur: “Bu surəni oxudunuz vaxt Əbu Ləhəbə lənət oxuyun.”1 (Qeyd)
◘“Şuəra” surəsinin 214-cü ayəsi nazil olduğu vaxt həzrət Peyğəmbər (s) yaxınlarını və qohumlarını dəvət edib onlara ilahi vəhyi çatdırdı. Peyğəmbərin (s) əmisi Əbu Ləhəb dedi: “Səni həlak olasan!” Bu surə nazil oldu və dediyi sözlər ona qaytarıldı.”
◘Bu lənət gerçəkləşdiyi vaxt Əbu Ləhəb və arvadı kafir halda dünyadan getdilər. Məlum olur ki, surədə Əbu Ləhəblə bağlı öncə görmə mövcuddur.
◘“Təbbət” sözü “təbb” kökündəndir, ziyan, həlak olmaq mənasını bildirir. “Yəd” dedikdə ayədə fizi əl yox, qüdrət əli nəzərdə tutulmuşdur. Bu səbəbdən ayə belə mənalandırılır ki, Əbu Ləhəbin təlaşları puça çıxdı, o zərərə düşdü.2 (Qeyd)
◘Tarixi mənbələrdə bildirilir ki, həzrət Peyğəmbər (s) insanları “la ilahə illəllah” şuarına doğru dəvət edirdi. Əbu Ləhəb arxadan onu təkzib edib daş atdı. Məkkə ziyarətçiləri bəzən Əbu-Ləhəbin yanına gəlir və ondan Peyğəmbər (s) haqqında soruşurdular. O deyirdi: “Məhəmməd divanədir, biz onun müalicəsi ilə məşğuluq.”1 (Qeyd)
Əbu Ləhəb heç vaxt Peyğəmbərə (s) qarşı müxalifətdən və Peyğəmbərin (s) müxalifləri ilə həmkarlıqdan əl çəkmədi. Onun arvadı Peyğəmbəri (s) təhqir edirdi. Olsun ki, bu səbəbdən Quranda hər ikisi haqqında danışılır.
◘Surənin ahəngi o qədər təsirli idi ki, hamı onu əzbərləyirdi. Bu iş Əbu Ləhəbi sarsıtdı və xanənişin oldu.
◘Ailə bağlılıqları insanın imanını sarsıtmamalıdır.
◘Əbu Ləhəb və onun arvadı çürüyüb torpağa qarışsa da bu ayələr hələ də oxunur. Onların lənətlənməsi başqaları üçün də ibrətdir. İnsan ölsə də lənətlər onun əzabını artırır.
◘Əbu Ləhəbin Həmzə, Əbu Talib kimi yaxşı qardaşları, Əbdül Mütəllib kimi yaxşı bir atası vardı. Əlbəttə ki, hər kəsin öz hesabı var.
◘Qədimdə çırpı topladıqda onu iplə bağlayırdılar. Onu çiyinlərinə atırdılar. Əbu Ləhəbin arvadı həmin çır-çırpını Peyğəmbərin (s) yoluna tökürdü ki, ona əziyyət versin. Bu səbəbdən Quranda buyurulur ki, o özü qiyamətdə cəhənnəm çırpısı olar və həmin iplər boynuna sarılar.2 (Qeyd)
◘Əbu Ləhəbin Ləhəb adlı oğlu yox idi. Olsun ki, çöhrəsinin qırmızılığına görə Əbu Ləhəb adlandırılmışdır.
◘Əbu Ləhəbin arvadı Ümmü Cəhlin şerləri vardı. Bu qadın Əbu Süfyanın bacısı, Müaviyənin bibisi idi. O qədimdən Peyğəmbərə (s) qarşı kin saxlayırdı. Peyğəmbərin yoluna tikan səpir, təhqiramiz şerlər yazırdı.
◘Qiyamət günü var-dövlət insanın karına gəlmir. İnsana var-dövlətdən, hakimiyyətdən, yaxınlarından, övladlarından heç bir fayda yoxdur.3 (Qeyd)
◘Quranda dörd növ ər və arvad haqqında danışılır: Xeyir işdə həm fikir olan ərlə arvad (həzrət Əli (ə) və xanım Fatimə (s. ə.)), pis işdə həmkar olan ərlə arvad; doğru yolda olan ər və batil yolda olan arvad (Nuh və onun arvadı), doğru yolda olan arvad və batil yolda olan kişi (Firon və onun arvadı).
◘Əbu Ləhəbin arvadının qiymətli bir boyunbağısı vardı. And içmişdi ki, onu Peyğəmbərə (s) müxalifət yolunda sərf edəcək.
◘Həzrət Əli (ə) bir məktubda Müaviyəyə yazır: “Ən üstün qadınlar bizdəndir, odun daşıyan qadınlar sizdən.”4 (Qeyd)
◘Salman Farsi Peyğəmbər (s) Əhli-beytindən (ə) sayılır, Peyğəmbərin (s) əmisi Əbu Ləhəb lənətlənir.
◘Əbu Ləhəbin arvadı Peyğəmbərin (s) yoluna tikan səpdiyindən ayədə onun cəhənnəmə çiynində çırpı daxil olmasına işarə edilə bilər.
◘Əl-qol təlaş üçündür. Amma insan doğru yolda təlaş göstərməlidir. Əbu Ləhəb İslama müxaliflik edir, haqq yola qarşı çıxırdı. Onun əl-qolunun təlaşları hədərə getdi.
Bildirişlər
1. Azğınlardan uzaqlıq dindəndir.
2. Müqəddəsliklərin təhqiri müqabilində cəza əbədi lənətdir.
3. Küfrün tam məhvi üçün dua etmək lazımdır.
4. Müxaliflərə onların özü kimi cavab verin. Onlar Peyğəmbərə (s) nə dedilərsə, Allah onlara həmin sözü qaytardı.
5. İslamda ləyaqət qohumluq bağlılığından müqəddəmdir.
6. Var-dövlət Peyğəmbər müxaliflərinin alətlərindəndir. (Əbu Ləhəb öz sərvətini İslamın məhvi yolunda xərclədi.)
7. Fəsaddan da pisi fəsadın təkrarıdır.
8. Allahın qəhr-qəzəbi qarşısında sərvətin faydası yoxdur.
9. Allahın sitəmkarlara yönəlmiş qəzəbi uzaqda deyil.
10. Dünyada kübarlıq axirətdə təhqirlə sonuclanır.
“İXLAS” SURƏSİ
Dostları ilə paylaş: |