4. Boz-ox. Bu bölgədə bir bayındır oymağı yaşasa da, onun haqqında məlumatımız çox azdır.
5. Tarsus. Tarsus bölgəsində yaşayan və XIV-XVI əsrlərdə varsaq adlanan türkmən icması boy adları ilə kusun, ulaş, qum-təmür, göyçəlü və əlvanlı kimi bir sıra təşəkküllərə ayrılmışdı. Adı çəkilən təşəkküllərdən ulaş boyu 7 obadan meydana gəlmişdir ki, onlardan biri də bayındır obası idi. Bu bayındırların hələ 925-ci ildə (1519) qırx obacığa ayrıldığı bilinir2. Hər biri müstəqil tarlalara sahib olan bu obacıqların əhalisi birlikdə 828 nəfərdir (vergi verən). Bu rəqəmi 5 elə vursaq, bayındırların cəmisi 4.140 nəfər vergi mükəlləfiyyətli əhalisi olduğu barədə təxmini rəqəm əldə etmək olar.
6. İç-el. II Bəyazid dövründə Silifkəyə bağlı Təkə kəndində 112 vergi evi olan bir bayındır oymağı yaşayırdı3.
7. Təkə, Hamid, Məntəşə. Bu bölgədəki yörüklər arasında bayındır adını daşıyan bəzi kiçik oymaqlara təsadüf edilir. Təkədəki bayındır adlı oymaqlardan 37 nəfər əhalisi olan oymaq Elsuz Piri, 25 nəfər əhalisi olan isə Tülü Bayındır şəklində zikr edilir.
Hamid sancağındakı 41 nəfərlik bayındır oymağının digər adı da il-arslandır. Məntəşə sancağındakı bayındır adlı oymaq isə təkə-saru adlı bir oymaqla birlikdə yazılmışdır. Bu sonuncu oymaq Məntəşədəki böyük xorzum oymağına tabe idi4. Təkə, Hamid və Məntəşədə təsadüf edilən bu kiçik bayındır oymaqları ehtimal ki, öz adlarını şəxslərdən almışlar. Bayındır adının XV-XVI əsrlərdə şəxs adı kimi işləndiyini yuxarıda bildirmişdik.
8. Xəzərarxası türkmənləri. Bayındırlardan bir oymaq da göklən ulusu arasında yaşayırdı. Vamberiyə görə5 bu bayındır oymağı qalayçı, görük yapağı, yadçı, kəşir (?), yasağalıq-törəng kimi qollara ayrılırdı. İndi bayındırların yurdu İran torpağındadır6.
Bayındır boyunun türk tarixindəki ən mühüm rolu onun Anadolunun fəthində və məskundaşdırılmasında iştirakından sonra ağqoyunlu dövlətini qurmasıdır. Buna görə ağqoyunlu xanədanına türk qaynaqlarında bayındırlı, fars qaynaqlarında bayındıriyyə adı verilir. Ağqoyunlu xanədanı Bayındır xanın nəsli olmaqla fəxr edirdi. Həmin xanədan ağqoyunlu dövlətinin son dövrlərində xeyli qələbəlik idi, lakin onların mühüm bir qismi taxt-tac uğrunda mübarizədə tələf olmuşdu. Türkiyədə bu xanədana mənsub olanlardan bəzilərinin nəsli bu günə qədər davam etmişdir.
Türkmən İskəndər bəyin sözlərindən belə çıxır ki, xanədan üzvlərindən bir qismi də səfəvilər zamanında İranda yaşamışdır. Səfəvi hökmdarının onları məhv etməməsi heyrət doğurur. Səfəvi dövründəki ağqoyunlu ailəsinə mənsub olanlardan Murad bəy Bayındıriyyə Türkman ilə Məhəmməd Zaman Sultan Bayındıriyyə Türkmanı tanıyırıq. Şah Abbasın ən etibarlı xatunu Murad bəyin qızı idi. Məhəmməd Zaman Sultana gəlincə, özü və ailəsi yəzdli olub yaxşı təhsil gördüyü bildirilir. Şahın yaxın adamlarından olan Məhəmməd Zaman Sultan 1015-ci ildə (1606/1607) ölmüşdür1.
14. PEÇENEQ
Bu adda X-XI əsrlərdə Qara dənizin şimalında və Balkanlarda mühüm siyasi rol oynamış bir türk qövmünün olduğunu bilirik. Bundan başqa, XI əsrdə peçeneq adlı bir oğuz boyu da vardı. Kaşğari türk peçeneq qövmü ilə oğuz peçeneq qövmünü bir-birindən fərqləndirir2. Bu ad eyniliyi ancaq iki şəkildə izah oluna bilər.
1. Hər iki təşəkkülün eyni ad daşıması sadəcə bir təsadüfdür.
2. Oğuz peçeneq boyu türk peçeneq qövmünün bir parçası olub oğuzların tabeliyi altına girmiş, vaxt keçdikcə oğuzların bir boyu halına gəlmişdir. Ancaq nə Kaşğarinin, nə də Rəşidəddinin xəritələrində bu ehtimala aid bir dəlil yoxdur. Üstəlik, bu boy bayındır, çəpni və çavuldurlardan fərqli olaraq, Oğuz xanın dördüncü oğlu Göy xana bağlanmır. Peçeneq boyuna aid təhrir dəftərlərində ancaq 4 kənd adı görünür ki,3 onların hamısı digər boylara aid çoxlu yer adları kimi Ankara sancağında yerləşir. Bu münasibətlə Ankara bölgəsində səlcuqlu fəthindən bəri çox qələbəlik bir türkmən elatının yaşadığına bir daha diqqəti cəlb edək. XII əsrdə Ankara türkmənlərinin şöhrəti Xorasana qədər yayılmışdı.
Ankara sancağındakı peçeneq kəndləri Yabak ova, Murtəza ova və Qəsəbə qəzalarında yerləşir. Kəndlər indi də əvvəlki adlarını daşıyırlar4. Bunlardan əlavə, Ankaraya bağlı Şərəfli Qoç-hisar yaxınlığındakı bir vadi də Peçeneq özü (peçeneq vadisi) adlanır. Lakin indi bu vadidə Yeni-elə bağlı türkmən kəndləri yerləşir. Müasir dövrdə peçeneq yer adlarından ikisi Maraşın Əlbistan qəzasında, dördü isə Konya bölgəsindədir. Bunlardan başqa, Aksaray qəzasında (Konya) Beçeneq adlı bir tarlanın, İsparta bölgəsində isə iki yer adının var olduğu məlumdur1. Üstəlik, biri Su şəhərinə (Sivas), digəri də Əmir dağına (Afyon) tabe Peçenə adlı iki kənd var ki,2 onların bu boydan olduqlarına şübhə yoxdur.
Rəşidəddinin peçeneq boyunun adını biçənə şəklində yazdığını bilirik. XVI əsrdə peçeneq adlı oymaqlara gəlincə, onlar Hələb türkmənləri, Tarsus varsaqları və atçəkənlər arasında yaşamışlar.