168
əl çəkməyəcəyəm. Hətta canımı alsalar və bədən üzvlərimi bir-birindən ayırsalar da
Məzdaya pərəstiş etməkdən üz döndərməyəcəyəm.”
On il sə'y və fəaliyyətlərdən sonra əmi oğlusunu öz dininə gətirə bildi. Onun
əmioğlusu Bəlx hakimi Viştasibin sarayında böyük hörmət
sahibi idi və Zərdüşt
onun vasitəsi ilə sarayın daxilinə yol tapa bildi. Zərdüşt bir müddət sarayda öz dinini
Viştasibə təbliğ etməyə başladı. Firdosinin «Şahnamə» əsərində Qoştasib adı ilə
qeyd olunan Viştasib pak qəlbli mö'min və gözəl fitrətli bir insan idi; nəhayət
Zərdüştün dəvəti ilə onun dinini qəbul etdi. Viştasib Zərdüştün dəvətini qəbul
etdikdən sonra bu ayinin genişlənib yayılması üçün şərait yarandı. Çünki onun iman
gətirməsinin ardınca sair saray ə'yan-əşrafları və əmirlər də Zərdüştə iman gətirib
onun dinini qəbul etdilər. Bundan sonra artıq bu din
kütləvi şəkildə genişlənib
yayılmağa başladı.
Tarixi məlumatlara əsasən, qohumluq münasibətlərinin bərqərar edilməsi də bu
yeni dinin genişlənib yayılması və bünövrəsinin möhkəmlənməsində çox tə'sirli
olmuşdur. Viştasibin müşaviri Fəraşauştra öz qızını Zərdüştə ərə verdi; Viştasibin
baş vəziri Camnasıpa Zərdüştün qızı ilə evləndi. Bu qohumluq əlaqələri sayəsində
Zərdüşt, padşahlıq sülaləsində xüsusi bir məqam kəsb etdi. Belə ki, hökumətin siyasi
hərəkatları bundan sonra dini rəng aldı və hətta Zərdüştün həyatının son iyirmi ilində
Viştasiblə turanlıların arasında baş verən iki müharibə müqəddəs Zərdüşt
müharibələri adı ilə tanındı; Zərdüştiliyin müqəddəs kitablarında
bu haqda
danışılmışdır. Bu iki müharibə Viştasibin qələbəsi ilə sona çatdı, amma ikinci
müharibədə turanlılar Bəlx şəhərini dağıdıb qarət etdilər; Turan əsgərlərindən biri
Zərdüştü bir atəşgahda - atəş mehrabının qarşısında ibadətlə məşğul olan zaman
tapıb qətlə yetirdi. Beləliklə, Zərdüşt yetmiş yeddi yaşında turanlıların
əli ilə
öldürüldü.
* * *
Təəssüflər olsun ki, Zərdüşt dininin araşdırılmasına məxsus olan tarixi mənbələrin
çoxunda hadisələr və həqiqətlər əfsanələrlə qarışdırılmışdır; tədqiqatçılar da öz
mətləblərini belə mənbələrdən iqtibas edir və onlar real gerçəklikləri əfsanələrdən
ayırmağa müvəffəq olmamışlar. Buna görə də Zərdüştün həyatı və onun necə
peyğəmbərliyə seçilməsi, öz təlimlərini İranda necə yayması haqda qəti bir nəzər
vermək olmur.
Amma qətiyyətlə demək olar ki, Zərdüşt təkallahlı bir din gətirən
peyğəmbər olmuşdur və bu ayinlər də sonradan sair tövhidçi (islamdan başqa) dinlər
kimi şirk və təhriflərə mə'ruz qalmışdır.
Gələn dərsdə Zərdüştiliyin qədim ayinlərdən nə dərəcədə tə'sirlənməsi, tövhid
əsasında qurulmasını izah etmək və sair əqidə üsullarını aydınlaşdırmaq üçün onun
əqidə və tə'limlərini araşdıracağıq.