Təzə həddi-büluğa çatmış oğlan uşağı məşəqqətli ruhi məşğələlərlə müşaiyət
olunan bu ağır dövrü keçdikdən sonra pak, xalis və mə'nəvi bir halda asketik həyat
tərzindən çıxır və bundan sonra dini mərasimlərdə iştirak etməyə icazə alır.
“İntişiyuma” əslində totemizmin ən əsas ayini kimi qeyd olunan mərasimlərdəndir.
Bu ayin ilk baharda və yağışlar yağmağa başlayan zaman təntənəli və böyük bir
bayram kimi keçirilir. Mərasimdə qəbilənin bütün üzvləri daşlı, kələ-kötür bir
yamaca yığılır, tam çılpaq halda oynayıb rəqs etməyə, var gücləri ilə ayaqlarını
döyəcləməyə və atılıb-düşməyə başlayırlar. Onlar müəyyən mahnılar oxuyur və
həmin halda güllərin tozlarını havaya səpirlər. Onların inancına görə bu əməl əkin-
səpinin bərəkətinin çoxalmasına, onların nəslinin artmasına səbəb olur. Bu mərasimi
yerinə yetirdikdən sonra qəbilənin bütün üzvləri totem sandıqları müqəddəs
heyvanın ətini yemək üçün bir yerə yığışır və bununla da, öz ulu babalarının ruhu
hesab etdikləri totem ilə birləşməyi mümkün sayırlar. Qəbilə üzvləri bu mərasimlə
öz ulu babalarına qarşı olan sədaqət, vəfadarlıq və həmrəyliklərini nümayiş etdirirlər.
Qeyd olunan mətləblərdən belə bir nəticəyə gəlirik ki, totemizmdə qəbilənin ulu
babası qəbilə üzvlərinin əsli vücudu və kökü hesab olunur. Qəbilənin ulu babası
öldükdən sonra ruhunun qəbilənin totemi şəklində zühur etdiyinə görə, o da
müqəddəsləşdirilərək sitayiş olunur. Ancaq, məşhur sosioloq Emil Durkim bu
fikirdədir ki, totemistlər totemə pərəstiş və onun fövqəladə qüdrətinə inanmaqla
yanaşı bütün dünyada tə'siri olan yeganə yaradan və yox edən qüvvəyə də e'tiqad
bəsləyirlər. Totemlər bütün bu qüdrətlərdən məhrumdurlar. Dünya səviyyəli bu
qüdrətli güc totemlərdə də təcəssüm olunmasına baxmayaraq, dünyanın bütün başqa
varlıqlarında mövcuddur. Əlbəttə, varlıqlardan heç biri ilə eyni deyil, bu qüvvə əzəli
və əbədi olmuş, totemlərin yaranmasından əvvəl və onlardan sonra da mövcud
olmuşdur.
Dostları ilə paylaş: