114
təbəqələrindən götürərək gözlə yekunlaşan 23 ünsürdən formalaşmışdır. Bu 23
ünsürün hər birinin üç hal və təbiəti vardır ki, onlara “triqun” deyilir. Birincisi
terminologiyada “sətvə” deyilən yüngüllük, səadət, rahatlıq, ağlıq və paklıq halıdır.
İkinci, terminologiyada “rəcəs” adlandırılan hərəkətin yaradıcısı olan fəal istək və
şövq halıdır. Üçüncüsü zülmət və qaranlığa səbəb olan durğunluq, donuqluq halıdır.
Bu hala “təməs” halı deyilir. “Puruşe”nin ikinci həqiqəti fərdi ruhların hər biri
müstəqil və əbədi olan sonsuz ədədlərindən ibarətdir. Bu ruhların təbiət aləmində
həbs olunması, bədbəxtlik və əzab-əziyyətə dözməsi cəhalətdən, onları
tanımamaqdan irəli gəlir. Cəhalət bütün bədbəxtliklərin mənşəyidir. Cəhalət
insanların maddə ilə mə'na və ya cism ilə ruh arasında fərq qoymamasına, nəticədə
ruhun cismin buxovlarında və təbiət qüvvələrinin əsarətində olmasına gətirib çıxarır.
Buna görə də, çarəsiz qalıb dövri doğulmalar girdabında fırlanır. Yalnız arif insan
bunların bir-birindən ayrı olduğunu dərk edərək, onları cism əsarətindən azad edər,
sükunət və əbədi rahatlıq halına çatdırar. Məhz bu mərhələdə ruh nicat və qurtuluşa
qovuşaraq ardıcıl doğulmalardan xilas olur. Buna əsasən də, son dərslərdə izah
olunmuş əvvəlki üç yoldan yalnız elm yolu sankiya məktəbi tərəfindən qəbul olunur.
Bu məktəbə görə, səadət və qurtuluş da yalnız həmin yolla əldə oluna bilər.
Dostları ilə paylaş: