22.2.5. Qılçıqsız tonqalotu Əhəmiyyəti. Qılçıqsız tonqalotu yüksək məhsuldarlığına, yemlik keyfiyyətinə, quraqlığa
davamlığına, müxtəlif torpaq-iqlim şəraitində yetişmək qabiliyyətinə, eləcə də digər keyfiyyətləri
ilə yanaşı çoxillik otlar arasında birinci yerlərdən birini tutur. Tarla ot əkinləri üçün böyük
əhəmiyyətə malikdir. Torpaq münbitliyinin bərpaedicisi kimi dənli taxıl bitkiləri üçün yaxşı
sələfdir. Qılçıqsız tonqalotu alaq otları ilə müvəffəqiyyətlə mübarizə etmək qabiliyyətinə malikdir.
Artıq həyatının birinci ilinin sonuna yaxın örtüksüz əkinlərdə o alaq otlarını məhv etməyə başlayır,
ikinci ilin yazında erkən boy atmağa başlayır, sürətlə inkişaf edir və alaqları zəiflədir, lakin üçüncü
ili alaqlardan tamamilə azad olur.
Mədəni otlaqlar və biçənəklərin yaradılması və yaxşılaşdırılmasında, eləcə də yamaclar və
yarğanların möhkəmləndirilməsində, yemçilik növbəli əkinlərində qılçıqsız tonqalotundan istifadə
edilir. Bu qurudulmuş bataqlıqlarda və şoran yerlərdə çəmən salma (biçənək) üçün ot qarışığının
əsas komponentidir. Qurudulmuş bataqlı torpaqlarda qılçıqsız tonqalotunun təmiz səpini ot unu
yaxud briket hazırlanmasında çoxçalımlı istifadə üçün perspektivlidir.
Yüksək yem keyfiyyətinə malik qiymətli otlaq bitkisidir və heyvanlar tərəfindən çox yaxşı
yeyilir. Yaşıl kütləsi və quru otu yüksək qidalılığı ilə fərqlənir. Bir sentner quru otun tərkibində
0,57 yem vahidi və 6 kq həzmə gedən protein vardır. Sünbülləmə fazasında biçildikdə quru otun
tərkibində 19% protein, 16% zülal, 3% yağ, 21% sellüloza, 9% kül elementləri və 47% azotsuz
ekstraktiv maddələr vardır.
Otlaq və biçənəklər yaratmaq üçün olduqca faydalıdır. Yüksək qidalılığı çoxlu miqdarda
yarpaqlı vegetativ budaqların (gövdə) olması ilə izah edilir. Yarpaqlarının tərkibində gövdəsinə
nisbətən çoxlu miqdarda qida maddələri var. Azərbaycanın dağlıq və dağətəyi bölgələrində yüksək
məhsul verir. Əkmə otlaqların yaradılmasında qarışıq ot səpini aparmaq üçün əvəzsiz bitkidir.
Güclü saçaq əmələ gətirdiyinə görə yamaclarda torpağın aşınmasının qarşısını alır. Əlverişli
şəraitdə hər hektardan orta hesabla 50-60 sentner quru ot məhsulu verir.
Qışadavamlılığı və quraqlığa davamlılığı yaxşıdır. Müvəqqəti subasmaya dözümlüdür.
Subasar torpaqlarda daha yüksək quru ot məhsulu verir.
Suvarma şəraitində qılçıqsız tonqalotu çəmən pişikquyruğunun qarışığı ilə hektardan 100-110
sentnerə qədər quru ot məhsulu verir. Şoran torpaqlarda bitir. Çaybasar çəmənliklərdə, eləcə də
çürüntü ilə zəngin gilli torpaqlarda yaxşı inkişaf edir. Eyni tarlada 8-10 il, lakin gübrə verilmiş
subasar torpaqlarda 20 il bitir.