İxtisas: RİM
Kurs: 3
Fənn: Psixalogiya
Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com
MÖVZU 7: DİQQƏT
Plan
1.Diqqət haqqında anlayış
2. Diqqətin fizioloji mexanizmi
3.Diqqətin növləri
4.Diqqətin xüsusiyyətləri
5.Diqqətin inkişafı və dərsdə şagirdin diqqətinin səmərəli təşkili
. ƏDƏBİYYAT
1.Bayramov Ə. S.Tərccümə red.ilə Ümumi psixologiya,B.1982
2.Bayramov Ə.S.,Əlizadə Ə.Ə. Psixologiya, B.1989,2006
3.Məhərrəmov M. C. Psixologiya B.1968
4 Əliyev R. Psixologiya ,B.2006
1. Diqqət haqqında anlayış. Eyni anda bizə müxtəlif cisim və hadisələr təsir edir. Biz bunların hamısını eyni aydınlığı ilə qavraya bilmirik. Onlardan bəzilərini aydın qavradığımız halda, digərlərini ya olduqca solğun qavrayır və ya heç cür qavramırıq. Bu bizim diqqətimizlə bağlıdır. Diqqət psixi proseslərin (qavrayış, hafizə, təfəkkür və s.) tərkibində çıxış edərək, onların daha uğurla cərəyanını təmin edir. Diqqət psixi fəaliyyətin müəyyən bir obyekt üzərinə yönəlməsi və onun üzərində mərkəzləşməsidir. Biz yönəlməsi dedikdə idrak fəaliyyətinin seçici xarakter daşımasını, mərkəzləşmə dedikdə isə hazırda fəaliyyətə aid olmayan bütün obyektlərdən uzaqlaşmasını nəzərdə tuturuq.
Psixoloqlar diqqətin üç əsas funksiyası üzərində xüsusi olaraq dayanırlar: seçmə, saxlama və nəzarət funksiyaları. Adətən insan ona təsir edən cisim və hadisələrdən həyatı üçün daha önəmli olanı seçir, psixi fəaliyyətini onun üzərinə yönəldir və onun ətrafında mərkəzləşir. Bu zaman ikinci dərəcəli, kənar təsirlərə önəm vermir. Şübhəsiz, bu cür seçmə halı olmasa insanın gərəkli obyektləri aydın qavraması mümkün olmazdı. Önəmli və önəmsiz obyektləri bir-birindən ayırmaq elə diqqətin seçmə funksiyasının köməyi ilə həyata keçir. Diqqətin həyata keçirdiyi ikinci önəmli funksiya saxlama funksiyasıdır. İnsanın hər hansı bir obyekti gərəkli şəkildə dərk etməsi üçün psixi fəaliyyətini, diqqətini müəyyən vaxt ərzində həmin obyektin üzərində saxlaması tələb olunur. Diqqətin üçüncü önəmli funksiyası fəaliyyətin gedişinə nəzarət etməkdir. Bu funksiyanı yerinə yetirməklə diqqət insanın fəaliyyətini bir növ tənzim edir.
Diqqətin insanın həyat və fəaliyyətində rolu böyükdür. Diqqət olmadan insan nə duya, nə qavraya, nə düşünə, nə də hər hansı bir işi yerinə yetirə bilməz. Təlim prosesində diqqətin oynadığı rol xüsusilə böyükdür. Dərs zamanı tədris materialını qavrama, anlama və mənimsəmə müxtəlif amillərdən asılıdır. Onların içərisində əsas yeri diqqət tutur. Hətta əyani vəsaitlərlə təchiz olunan, məzmun baxımından fərqlənən bir dərsdə müəllim şagirdlərin diqqətini səfərbər edə bilməzsə, o təlim materialını yaxşı mənimsədə bilməz. Materialın ilkin qavranılması, onunla aparılan iş, onun hafizədə möhkəmlənməsi şagirdin diqqətinin davamlı olmasını tələb edir. K.D.Uşinskinin sözləri ilə desək, diqqət ruhumuzun elə yeganə qapısıdır ki, şüurumuzda olan hər şey mütləq buradan keçir. Ona görə də Uşinski müəllimlərə dərs zamanı şagirdləri həmin qapını açıq saxlamağa alışdırmağı məsləhət bilirdi.
2. Diqqətin fizioloji mexanizmləri. Hələ vaxtilə akademik İ.P.Pavlov diqqətin fizioloji əsasını birinci növbədə bələdləşmə refleksi ilə izah etmişdir. Adətən, qarşılaşdığımız hər bir yeni cisim və hadisə, yenilik bizi maraqlandırır, onunla tanış olmağa, bələdləşməyə sövq edir. Ona görə də diqqətimizi cəlb edir. Diqqətin fizioloji əsaslarını başa düşməkdə İ.P.Pavlovun kəşf etdiyi “optimal oyanma ocağı” haqqında təlim də böyük rol oynayır. Bu təlimə görə baş beyin yarımkürələrində hər an oyanma üçün optimal şəraitin olması ilə xarakterizə olunan yüksək oyanma ocağı mövcud olur. Əgər müəyyən qıcıqlayıcının təsiri ilə sinir hüceyrələri fəaliyyət halına gəlirsə, bu, oyanma deməkdir, sinir hüceyrələri müvəqqəti olaraq öz fəaliyyətini dayandırırsa, bu, ləngimədir. Sinir proseslərinin induksiyası qanununa görə isə beynin bir sahəsində yaranan oyanma prosesləri baş beynin digər sahələrində ləngimə yaradır və ya əksinə. Diqqətimiz elə həmin oyanma sahəsi ilə bağlı olur. Oyanma nə qədər güclü olursa, onun ətrafındakı ləngimə də bir o qədər güclü olur. Məsələn, çox vaxt hər hansı bir maraqlı kitab oxuduğumuz zaman ona o qədər aludə oluruq ki, bizi çağırdıqlarını hiss etmirik. Diqqətin fizioloji əsaslarının aydınlaşdırılması üçün A.A.Uxtomskinin irəli sürdüyü dominantlıq prinsipi də böyük rol oynayır. Dominant oyanma sahəsi optimal oyanma sahəsindən yüksək davamlılığı ilə fərqlənir. Belə dominant oyanma ocağı nəinki yeni yaranan oyanma ocaqlarını ləngidir, həm də onların hesabına güclənir. Məsələn, gərgin zehni fəaliyyətlə məşğul olan şəxslərə kənar qıcıqlandırıcı təsir etdikdə onların öncəki problem üzərinə yönəlməsi daha da güclənir. Bu halda sanki bütün qüvvələr səfərbərliyə alınır, diqqətin mərkəzləşməsi artır. Müxtəlif neyrofizioloji tədqiqatlar göstərir ki, diqqətin fizioloji əsasını passiv oyanıqlıqdan fəal oyanıqlığa keçidi təmin edən ümumi fəallaşma təşkil edir. Bu isə müxtəlif bələdləşmə reaksiyalarında özünü göstərir. Bələdləşmə refleksi orqanizmin əksər üzvlərinin fəaliyyətində dəyişiklərə səbəb olur (başın, gözün qıcıqlandırıcıya tərəf çevrilməsi, maddələr mübadiləsi, ürək-damar sisteminin və s.-nin fəaliyyətində). Bir çox klinik araşdırmalar göstərir ki, ixtiyari diqqət mexanizmlərinin idarə olunmasında beynin alın payı böyük önəm daşıyır. Beynin alın payı zədələnmiş xəstələrdə davamlı gərgin ixtiyari diqqətin yaradılması əslində mümkün deyildir.
3. Diqqətin növləri. Diqqətin üç növü var: qeyri- ixtiyari diqqət, ixtiyari diqqət və ixtiyari diqqətdən sonrakı diqqət. Qeyri- ixtiyari diqqət diqqətin daha sadə növüdür, o heç bir iradi cəhdlə, məqsədlə bağlı olmayan diqqətdir. Qeyri-ixtiyari diqqət heyvanlarda da vardır. Çünki o cisim və hadisələrin bilavasitə təsiri nəticəsində əmələ gəlir. Qabaqcadan qarşıya qoyulmuş məqsədlə bağlı olmayan və iradi cəhd tələb etməyən diqqətə qeyri-ixtiyari diqqət deyilir. Məsələn, dərs zamanı sinfin qapısı açılarkən şagirdlər dərhal dönüb baxırlar, bu zaman içəri girən adam onların diqqətini özünə cəlb edir. Qeyri-ixtiyari diqqətin yaranması üçün qıcıqlandırıcılar bir sıra xüsusiyyətlərə malik olmalıdırlar.
Dostları ilə paylaş: |