3. Obyektin hərəkətdə olması. Hərəkətsiz cisimlər diqqəti ya cəlb etmir, ya da ancaq xüsusi məqsəd olduqda diqqətimizi həmin obyekt üzərinə yönəldirik. Hərəkətin başlanması və ya kəsilməsi də diqqəti cəlb edir. Məsələn, müəllim səsini yüksəltməklə olduğu kimi, səsini alçaltmaqla, ya da izahını dayandırmaqla da şagirdlərin diqqətini cəlb edə bilər. Qeyri- ixtiyari diqqət insanın emosional vəziyyətindən də asılı olaraq əmələ gəlir. Məsələn, kədərli bir insanın diqqətini kədərli musiqi daha tez cəlb edir. Deməli, qeyri-ixtiyari diqqət bizə təsir edən qıcıqlayıcıların xüsusiyyətlərindən və insanın emosional vəziyyətindən asılıdır. Qarşıya qoyulmuş şüurlu məqsədlə bağlı olaraq əmələ gələn və müəyyən iradi səy tələb edən diqqətə ixtiyari diqqət deyilir. O, daha çox fəaliyyət prosesində əməllə gəlir və fəaliyyətin tənzimlənməsinə yönəlir. Məsələn, şagird psixi fəaliyyətini öz məqsədinə uyğun olaraq ev tapşırıqlarını yerinə yetirməyə yönəldir və həmin iş üzərində cəmləşdirirsə, bu ixtiyari diqqətdir. İxtiyari diqqət obyekti müəyyən sistem üzrə və ətraflı öyrənməyə imkan verir. Şagirdlərin yazı işlərini yoxlayarkən müəllim qarşıdakı məqsəddən asılı olaraq, öz diqqətini yazının gah məzmununa, gah da qrammatik cəhətdən düzgün yazılıb-yazılmamasına yönəldir. İxtiyari diqqət prosesində biz heç də təsir edən bütün qıcıqlandırıcıları deyil, yalnız məqsədimizə uyğun olan qıcıqlandırıcıları seçirik. Bu isə həmin obyektlərə diqqət etməyə qabaqcadan hazırlaşmağı tələb edir. Bəzən hər hansı bir işlə məşğul olduqda bir sıra başqa amillər təsir göstərib, diqqətin yayınmasına səbəb olur. İnsanın bu maneələri aradan qaldırmaq və ya onların təsirini zəiflətmək üçün iradi səy göstərməsi lazımdır. Bəzən fəaliyyətin özü və ya gedişi şagirdi birbaşa maraqlandırmır, nəticəyə olan maraq və ya özünütəsdiq həvəsinin yaranması əlavə maraq kimi diqqəti işin gedişinə səfərbər etməyə köməklik göstərir. İxtiyari diqqətdən sonrakı diqqət iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə məsələn, şagird öz məqsədinə uyğun olaraq iradi səy göstərir və dərslikdəki mətni öyrənməyə özünü məcbur edir. İkinci mərhələdə o, mətnlə maraqlanmağa başlayır, onu “birnəfəsə” öyrənir. Bu zaman iradi səy tələb olunmur. Yəni diqqətin bu növü ixtiyari diqqət kimi öncə məqsədyönlü xarakter daşıyır və iradi cəhd tələb edir, lakin sonra fəaliyyətin məzmunu insan üçün o qədər böyük maraq kəsb edir ki, artıq iradi cəhd tələb olunmur. Elə buna görə də diqqətin bu növünü ixtiyari diqqətdən sonrakı diqqət adlandırırlır. Adətən, ixtiyari diqqətdən sonrakı diqqətə keçid insanın artıq iradi güc sərf etməsinin qarşısını alır.
Diqqətin nəyə yönəlməsindən asılı olaraq xarici və daxili diqqətə bölünür. Xarici diqqət insanın ətraf aləmin cisim və hadisələrinə bələdləşməsində iştirak edir. Daxili diqqət isə insanın öz daxili aləmini, özünü, öz xüsusiyyətlərini dərk etməsi ilə bağlıdır. Daxili diqqət yalnız insanlara məxsusdur.
4. Diqqətin xüsusiyyətləri. Diqqətin 5 əsas xüsusiyyəti vardır.
Dostları ilə paylaş: |